.
“Şakro Molodoy” “Ded Xasan”ın tax-tacına hələ ki yiyələnə bilmir; onun mühafizəçilərinin güllələnməsi kriminal aləmdə tezliklə daha böyük çaxnaşmanın yaşanacağını göstərir
Rusiya kriminal aləminin “Ded Xasan”dan sonrakı “xaç atası” olmağa iddialı “Şakro Molodoy”un (“Zaxari Kalaşov) cangüdənləri güllələnib. Məlumata görə, Moskvada orta asiyalılara məxsus ”Elements" restoranının qaşısında atışma baş verib və polisin ilkin məlumatına görə, atışma nəticəsində öldürülənlər “Şakro Molodoy”un mühafizəçiləri olub. Hadisənin təfərrüatlarını açıqlayan mənbə bildirib ki, Moskvada Roşdelski küçəsində onlarla adamın iştirakı ilə insident baş verib.
Hadisədə 5 nəfər yaralanıb ki, onlardan da ikisi xəstəxanada keçinib. İnsidentə qarışan daha 4 nəfər isə yüngül xəsarət aldıqlarına görə evə buraxılıb. Atışmada iştirak edən digər tərəfin adamları qaçıb gizlənsələr də, çox keçmədən onlardan 3-nü yaxalamaq mümkün olub. Bunlar Pyort Şerçinsev, Eduard Budansev və Vladimir Kostriçenko olub. Qeyd edək ki, bundan əvvəl “Şakro” özü üçün mühafizəçi ordusu yaratdığı və ora 130 fiziki hazırlıqlı gənc cəlb etdiyi bildirilirdi. “Şakro Molodoy”un özünün təhlükəsizliyi ilə birbaşa 40 nəfər məşğul olur.
Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli 61 yaşlı Zaxari Kalaşov ötən ilin oktyabr ayının 29-da İspaniya həbsxanasından azadlığa buraxılıb. Rusiya kriminal aləminin “xaç atası” sayılan Aslan Usoyanın (“Ded Xasan”) 2013-cü ilin yanvar ayının 16-da öldürülməsindən sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilmədilər. Üstəlik, klan liderinin qətlindən ötən müddətdə onun qanı da yerdə qaldı. “Ded Xasan”ın öldürülməsində məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) də daxil olduğu müxalif qruplaşmanın əlinin olduğu iddia edilirdi. “Lənkəranski”nin düşmənləri “Şakro”nun azadlığa çıxmasına həm də bu səbəbdən sevinirdilər. Amma belə görünür ki, “Ded”in qətlini “Lənkəranski” klanına “yükləmək” mümkün olmadı və bu səbəbdən də gözlənilən qanlı hesablaşmalar da baş vermədi...
“Şakro Molodoy”un azadlığa çıxması ilə Rusiya kriminalında ciddi mövqe dəyişikliyi olacağı barədə hələ o zaman yayılmış xəbərlər o qədər də reallığı əks etdirmirdi. Çünki məlumatlar vardı ki, “Şakro Molodoy” İspaniya həbsxanasından çıxdıqdan sonra Rusiyaya şərtlə qayıdıb və hüquq-mühafizə orqanları ilə anlaşıb. “Şakro” təyyarənin trapından düşən kimi onu Rusiya Daxili İşlər Nazirliyinə aparmışdılar. “Şakro Molodoy”un Rusiya hüquq-mühafizə orqanları ilə anlaşa biləcəyi barədə xəbərlər səbəbsiz deyil. 2000-ci il, iyunun 18-də Tiflisdəki erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynan oğurlanmışdı. Bir neçə gün sonra “Şakro” biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını və azadlığı üçün Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəmişdi. Pul deyilən hesaba köçürülsə də, biznesmenin hələ də öldü-qaldısı bilinmir. 2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstanda ona 18 il qiyabi hökm də çıxarılıb. Amma həm də Rusiya vətəndaşlığı olan “Şakro” İspaniya həbsxanasından buraxıldıqdan sonra Gürcüstana təhvil verilməyib. Onun Tiflis ətrafında olan nəhəng villası müsadirə olunub və polisin binası kimi fəaliyyət göstərir.
Bəzi mənbələr onun guya Bakıda doğulduğunu yazsa da, Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib. “Şakro Molodoy”un Azərbaycanda nəzarət etdiyi biznes isə həqiqətən olub. Rusiya mənbələri iddia edir ki, bir neçə il əvvəl Zaxari Kalaşovun Azərbaycan paytaxtında avtomobil biznesi (söhbət o vaxt dəbdə olan Rusiya istehsalı olunan avtomobillərin satışından gedir) olub.
“Oğru dünyası”nın “yalançı ad” alanlardan təmizlənməsinin ideya müəllifi olan “Şakro Molodoy” indiyədək bir neçə bu kimi qərarlar verib. Bu isə təbii ki, ondan narazıların sayını artırıb. “Şakro Molodoy”un xüsusilə gürcü “oğru”lar tərəfindən dəstəklənmədiyi və münasibətlərin hər gün kəskinləşdiyi vurğulanır. “Şakro Molodoy”un Moskvaya qayıtması “Ded Xasan”dan sonra xeyli güclənən slavyan qruplaşmalarını da narahat edib. Çünki “Ded Xasan” beynəlmiləl bir klan yaratmaqla bir neçə millətin, həmçinin azərbaycanlı nüfuzlu “qanuni oğru”larını ətrafına toplaya bilmişdi. “Şakro” isə belə görünür ki, varisi olmaq istədiyi “Ded”in taxı-tacına hələ ki yiyələnə bilmir, bu da kriminal aləmdə tezliklə daha böyük çaxnaşmanın yaşanacağını göstərir.
“Yeni Müsavat”