Jurnalistin ölüm işində Cavid Hüseynov “aradan çıxarıldı”

22-12-2015, 22:50   

22 Dekabr 2015 20:28 Print Email
cavid-huseynov1Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb. Bu cinayət işi üzrə ümumilikdə altı nəfər həbs olunub ki, onlardan beşinin Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin barəsindəki cinayət işi üzrə ittiham aktı təsdiqlənib və iş materialları bu gün məhkəməyə göndərilib. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Yalnız Cavid Hüseynovun işi ayrıca icraata götürülüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, Cavid Hüseynovun CM-nin 307.1 (cinayətin hazırlanmasını və ya törədilməsini bilərək, bu barədə xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələrilə təqsirləndirilməsinə dair cinayət işi isə məhkəməyə göndərilmək mərhələsindədir.

Cavid Hüseynovdan fərqli olaraq, artıq işi məhkəməyə göndərilmiş təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Onlardan ikisinə – Elşən İsmayılov və Arif Əliyevə həm də hadisə zamanı Rasim Əliyevin yerə düşmüş telefonu və pulqabısının götürülməsinə görə CM-nin 177.1-ci (oğurluq) maddəsilə də ittiham elan olunub.


Cavid Hüseynovla bağlı işin ayrılması mərhum jurnalistin valideynləri, eləcə də onların hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayevin etirazına səbəb olub. Vəkil “Azadlıq”a açıqlamasında prokurorluğun bu qərarının qanunsuz olduğunu vurğulayıb. Əsabəli Mustafayevin sözlərinə görə, bu qərar həm də Cavid Hüseynovun prokurorluq tərəfindən müdafiə olunduğuna dair şübhələri daha da möhkəmləndirdi.

“Əgər Cavid Hüseynov barədə cinayət işi üzrə icraat ayrılmalıydısa da, bu, istintaq dövründə olmalıydı. Zərərçəkmiş kimi, bizə də bu, ayrıca iş kimi təqdim olunmalıydı. Lakin həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəf iş materialları ilə bir cinayət işi kimi tanış olub.

Biz hələ istintaqın gedişində dəfələrlə öz fikrimizi bildirmişdik ki, istintaq Cavid Hüseynovun əməlini daha yüngül maddəyə tövsif etməklə ona kömək edir. Prokurorluğun bu qərarı bizim haqlı olduğumuzu bir daha təsdiqlədi”, – deyə Əsabəli Mustafayev bildirib.

Xatırladaq ki, jurnalist Rasim Əliyev “facebook”da futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.