“Mənə şəhid statusu lazım deyil, qaytarın mənim balamı!” - ŞOK

23-12-2015, 08:15   

"Öz balanız bu şəraitdə ölsəydi, milli qəhrəman edərdiniz, cənab Zakir Həsənov!"


Hörmətli redaksiya!

Oğlum Seyrana şəhidlik statusu verilməməsi ilə bağlı saytınızın 22 dekabr tarixli sayında Müdafiə Nazirliyinin yayınlanan cavabı hiddətimi, bu dövlətə və yaşadığım bu cəmiyyətə nifrətimi artırdığı kimi, eyni zamanda, məni məcbur etdi ki, xalqımıza onu kimlərin, hansı savadsız və xudbin insanların rəhbərlik etdiyini bir də xatırladım.
Mən oğul itirmişəm. Şəhidlik statusunun verilməsi onu mənə qaytarmayacaq. Mən bu dünyanı oğul həsrəti ilə tərk edəcəyəm. Ancaq Müdafiə Nazirliyindən bu cavabı yazan məmurun savadına, əxlaqına, milliyyətinə məndə şübhə var.
Mənim oğlum mənim evimdə məzuniyyətdə olanda, buraxılışda olanda, hərbi hissədə kazarmada yatanda, onların övladları kimi əxlaqsız həyat keçirəndə, restoran və barlarda və ya sanatoriyalarda dincələndə “ürək çatışmazlığından” dünyasını dəyişməyib.
Qoy Azərbaycan xalqı bilsin: mənim oğlum Ordubadın “Böyük Soyuq” müdafiə mövqeyinin 4-cü postunda döyüş təminatı tapşırığını icra edib hərbi hissəyə dönərkən, piyada 50 dərəcə istinin altında dağ çığırları ilə aparılarkən, ürəyindən şikayət etməsinə baxmayaraq komandiri tərəfindən heyvan kimi qovularkən yolda “ürək çatışmazlığından dünyasını dəyişib"...

Qoy kor gözlərini açıb qanunları oxusunlar.

1. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə, “hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib - gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

Qanun “xidmət yerinə gedib - gəlməni və başqa halları hərbi xidmət başında olma” sayır.

2. Müdafiə Nazirliyinin özünün istinad etdiyi Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 1.2.6-cı bəndində deyilir:
“şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir”
Mənim oğlum qarpız - yemiş yığımında həlak olubsa, MN düz deyir, o, şəhid deyil, qul əməyi ilə məşğul olarkən ölüb. Deməli, komandirləri balamı istismar edirmişlər. Buna görə bu dünyada olmasa da, o dünyada ALLAHa mütləq cavab verəcəklər.
Ancaq prokurorluğun apardığı istintaq nəticəsində və rəsmi sənədlərlə sübut edilib ki, oğlum müdafiə mövqeyindən, yəni döyüş təminatı tağşırığını yerinə yetirib hərbi hissəyə dönərkən yolda ölüb. Aşağıda istinad etdiyim Konstitusiya Məkəməsinin qərarında göstərilib ki, ölümün səbəbinin heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, əsgər “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş olsun. Şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu əsas şərtdir”.

3. AR Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə
edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair “ 30 dekabr 2008-ci il tarixli Qərarı.

Bu Qərarda “ döyüş təminatı tapşırığını icra edərkən dağdan qopan qar uçqunu altında qalıb həlak olmuş” əsgərə şəhid statusunun verilməsinin zəruriliyi əsaslandırılır.

Qar uçqunu altında qalıb ölmə ilə ürək çatışmazlığından ölmənin fərqi nədir ki? Mənim oğlum döyüş şəraitində olmasaydı, döyüş təminatı tapşırığını icra etdikdən sonra 50 dərəcə istidə dağ yolu ilə zorla aparılmasaydı, mənim evimdə rahat yaşasaydı, öləcəkdimi?

Mən Ali Baş Komandan Prezident İlham Əliyevə müraciət edirəm: Əsgərinizə sahib çıxın, cənab Ali Baş Komandan. Seyran mənim oğlum, Sizin əsgərinizdir. Bu məmləkətdə silah görmədən, hərbi xidmət keçmədən ölən yüzlərlə saxta şəhid var ikən, döyüş bölgəsində, döyüş şəraitində, döyüş təminatı tapşırığını icra etdikdən sonra 50 dərəcə istidə dağ yolu ilə hərbi hissəyə aparılarkən ölən Seyran necə şəhid sayılmaya bilər?
Bəs bu qanunlar kimin üçündür?

Öz balanız bu şəraitdə ölsəydi, milli qəhrəman edərdiniz, cənab Zakir Həsənov!

Qaytarın mənim oğlumu, mənə şəhid status lazım deyil, qaytarın, eşidirsiz, qaytarın mənim balamı! Sağ vermişdim sizə, sağ da qaytarın.

Hörmətli redaksiya, KM-nin qərarının tam mətnini ( http://www.constcourt.gov.az/decisions/162) dərc edin ki, MN - nin savadsız, əsgər paykasını yeyib şişən generalları söhbətin nədən getdiyini bilsinlər.

Mən cənab Prezidentən kömək istəyirəm!
Səsimi ona çatdırın, lütfən!

Hörmətlə, şəhid Seyranın atası Eynalı Hənifəyev
moderator.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar