Azərbaycan da ABŞ-a sanksiya tətbiq edəcək?
ABŞ-ın Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsi hakimiyyəti möhkəm təşvişə salıb. Qeyd edək ki, bugünə qədər Azərbaycan hakimiyyətinə qarşı bu qədər kəskin sənəd hazırlanmayıb. Bu qanun layihəsində bəzi sanksiyalar nəzərdə tutulur ki, bu da hökumət üçün öldürücü zərbə deməkdir. Uzun illər ərzində Azərbaycan hakimiyyətinə “narahatıq” desələr də, hakimiyyət bunu ciddiyə almadı. Nəticədə narahatlıq konkret addımlarda ifadə olundu vəhakimiyyətin bütün qanunsuz əməlləri layihə şəklində təqdim edildi.
Həmişəki kimi hökumət narahatlığını cəmiyyətdən gizlətmək istədi və qanun layihəsini erməni lobbisi ilə əlaqələndirməyə çalışdılar. Eyni zamanda daxili auditoriyanı çaşdırmaq üçün ABŞ-a barmaq da silkələdilər.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da belə bir mesaj verib: “Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin ”oyunu”na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək – buna heç kəsin şübhəsi olmasın”.
Bəli, Əli Həsənov deyir ki, biz də ABŞ-a qarşı adekvat addımlar atarıq. Bəs, Azərbaycan hakimiyyətinin adekvat addımı nə ola bilər?
Əli Həsənovun dediklərindən belə çıxır ki, Azərbaycan hakimiyyəti də Barak Obamanın, Kerrinin və digərlərinin Azərbaycana girişinə qadağa qoyacaq, ABŞ-ın yüksək vəzifəli şəxslərinin ailə üzvlərinin Azərbaycandakı istirahətləri, müalicələri, biznes fəaliyyətləri məhdudlaşdırılacaq, Azərbaycan hakimiyyəti ABŞ-ı beynəlxalq öhdəliklərə əməl etməyə çağıracaq, ABŞ-da seçkini saxtalaşdıranlara, korrupsiya ilə məşğul olanlara sanksiya tətbiq ediləcək, ABŞ-dan demokratik institutların inkişafına əngəl törətməmək tələb olunacaq, humanitar mallar, kənd təsərrüfatı və tibbi ləvazimatlar istisna olmaqla, ABŞ-a borcların, kredit zəmanətlərinin, sığortanın və digər analoji maliyyə yardımlarının verilməsi dayandırılacaq, Azərbaycan üzv olduğu maliyyə təşkilatlarında öz imkanlarından istifadə edərək, ABŞ-a humanitar məqsədlər istisna olmaqla, digər maliyyə yardımlarının dayandırılmasını təmin edəcək və s.
Bəli, hökumət ABŞ-da müzakirəyə çıxarılmış qanun layihəsinə qarşı adekvat addım atmaq üçün yuxarıda sadaladıqlarımızı etməlidir.
Təbii ki, bu çox gülməli görünür. Yəqin ki, yuxarıda yazılanları oxuyanda siz də təbəssümünüzü saxlaya bilmədiniz.
Axı, Azərbaycan ABŞ-a qarşı necə adekvat tədbirlər görə bilər?
Bəlkə, 15 milyardlıq büdcə ilə büdcəsi trilyonlarla ölçülən ABŞ-ı ac qoyacaqlar, bəlkə ABŞ Azərbaycanın neftinə möhtacdır, bəlkə ABŞ-ın yüksək vəzifəli şəxslərinin övladları BDU-da təhsil almaq məcburiyyətindədir, bəlkə Barak Obamanın Azərbaycan banklarında hesabı var, bəlkə ABŞ Azərbaycan məhsullarının ölkəyə idxalı hesabına dolanır, bəlkə elmi nailiyyətlərimizdən, təhsil və səhiyyədəki uğurlarımızdan, ixtira etdiyimiz yeni texnologiyalardan ABŞ-ı bixəbər saxlayacağıq, bəlkə ABŞ-ın internetini kəsə bilərik, bəlkə hərbi qüdrətimizlə ABŞ ordusunu diz çökdürəcəyik? Əli Həsənov bu sirri bizə açsın ki, ABŞ-a necə zərbə vura biləcəyimizdən xəbərdar olaq.
Belə etməyin, cənablar. Özünüzü bu qədər güldürməyin. Ovuc boyda Ermənistandan 1 qarış torpaq ala bilmirlər, “Günəşli” yatağındakı yanğını söndürmək üçün ABŞ-dan mütəxəssis gətirirlər, hələ bir “adekvat addım atarıq” da söyləyirlər.
Bu qədər süni, reallıqdan uzaq bəyanatlar vermək əvəzinə, real addımlar atmaq, demokratik islahatlara keçid etmək lazımdır.
Bu yalançı qəhrəmanlıqlar heç kimi qorxutmayacaq. Hökumət yarıtmazlığını etiraf etməlidir, cəmiyyətin və dünyanın etimadını qazanmağa çalışmalıdır. Unutmayın ki, ən böyük biclik, düzlükdür. Bunun əksinə doğru getmək isəağıldankəmliyin göstəricisidir.
Samir