Facebook-da “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovu tənqid etdiyinə görə döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə bu gün başlayan məhkəmə prosesində vəkil Fariz Namazlı deyib ki, Rasim Əliyevin ölümündə həkimlərin səhlənkarlığının da rolu olub. Lakin istintaq orqanı həkimlərin məsuliyyətini müəyyən etməyib.
Vəkil Əsabəli Mustafayev də əlavə edib ki, bu vəsadət elə həkimlərin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələrə əsaslanır. Vəkilin sözlərinə görə, həmin ifadələrdə həkimlər özləri də etiraf edirlər ki, Rasim Əliyevə xəstəxanada yetərincə tibbi yardım göstərilməyib.
"Bu işin istintaqa qaytarılmasını zəruri edən digər səbəb Cavid Hüseynov amilidir. Onun barəsində cinayət işinin ayrılması qətiyyən düzgün deyil. Həzərə almaq lazımdır ki, bütün istintaq boyu bir cinayət işi üzrə araşdırma gedib. Əgər Cavid Hüseynovun işinin ayrılmasına əsas vardısa, bunu əvvəlcədən, istintaqın gedişində eləyə bilərdilər. Lakin onun işi istintaq başa çatandan, biz iş materialları ilə tanış olandan sonra ayrılıb. Halbuki, bu mərhələdə artıq ayrıla bilməzdi. Ayırmağa əsas olsaydı belə, bunu məhkəmə eləyərdi", - deyə Əsabəli Mustafayev bildirib.
Zərərçəkmiş tərəfin nümayəndələrinin ikinci vəsatəti isə məhkəmə prosesində həkimlərin, tibb bacılarının, Rasim Əliyev xəstəxanada olarkən onunla danışmış şəxslərin, o cümlədən, atası Məmmədəli Əliyev, bloqqer Mehman Hüseynov, dostu Aydın Mahmudov və həmin vaxt onunla eyni palatada yatan Ramilin əlavə şahid qismində dindirilməsi haqda oldu.
Fariz Namazlı bildirdi ki, ibtidai istintaq zamanı Rasim Əliyevin dostları, xəstəxananın işçiləri, palata yoldaşı da daxil olmaqla, 50-yə yaxın adam şahid qismində dindirilib. Amma ittiham aktına məhkəmədə dindirilmək üçün cəmi 7 şahidin adı daxil edilib.
Dövlət ittihamçısı Absalam Heydərov hər iki vəsatətin əleyhinə çıxdı. Bildirdi ki, ittiham aktı düzgün tərtib edilib və işin ibtidai istintaqa qaytarılmasına ehtiyac yoxdur: "Cinayət işi məhkəmə baxışına verilməlidir"
Təqsirləndirilən şəxslərin vəkilləri isə zərərçəkmiş tərəfin vəsatətlərini müdafiə etdilər. Vəkillər vəsatətlərə münasibət bildirərkən işin ibtidai istintaqa qaytarılması və Rasim Əliyevin ölümündə həkimlərin səhlənkarlığı məsələsinin müəyyənləşdirilməsini istədilər.
"Bu ölüm hadisəsində cinayətkarcasına həkim səhlənkarlığının olması faktdır. Cinayət işinin materiallarında birinci səhifədən axırıncı səhifəyə qədər bu səhlənkarlıq tökülür. Elə tibbi personalın öz ifadələrindən də görünür. Adam xəstəxanaya gəlib deyir ki, “ölürəm”, onu altı saat saxlayandan sonra əməliyyata aparırlar...", - deyə təqsirləndirilən şəxslərdən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli bildirdi.
Vəsatətlərin müzakirəsindən sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə getdi.
Hakimlər müşavirədə olduğu müddətdə mərhum jurnalistin anası Teyfurə Əliyeva təqsirləndirilən şəxslərə üzünü tutaraq, onları Cavid Hüseynova güvənib bu əməli törətməkdə ittiham etdi. Zərərçəkmiş oğlunun ölümünə görə təqsirləndirilən şəxslərdən xüsusən 3 nəfəri - Elşən İsmayılov, Arif Əliyev və Camal Məmmədovu günahlandırırdı:
"Rasimi çay içmək adı ilə aldadıb çağırıb, sonra da bir arıq uşağın üstünə tökülüşmək kişilikdir? Sən (Elşən İsmayılova müraciət edir-red.) kişi idinsə, tək gələydin. Kimə güvənirdin, Cavidə? Heç olmasa, səni min bir əziyyətlə böyüdən atana yazığın gələydi, onu da zülmə salmısan..."
Məhkəmədən sonra mərhum jurnalistin atası Məmmədəli Əliyev mətbuata açıqlamasında elə ilk iclasdan vəsatətlərin təmin olunmamasından narazılığını ifadə etdi. O, həmçinin Cavid Hüseynovun işinin ayrılmasına etirazını bildirdi:
"Biz istintaqın əvvəlindən bilirdik və deyirik ki, günahkar Cavid Hüseynovdur. Amma təəssüf ki, nəzərə almadılar..."
* * *16:36
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Virtualaz.org saytının xəbərinə görə prosesə hakim Eldar İsmayılov sədrlik edir.
Məhkəmədə iştirak etmək istəyənlərdən yalnız mərhum jurnalistin yaxınları və təqsirləndirilən şəxslərdən bəzilərinin valideynləri prosesə buraxılıblar. Məhkəmə binasının qapısında iştirakçılar və polislər arasında qarşıdurma yaranıb. Bina önündə çoxlu sayda mülkü geyimli asayiş keşikçiləri cəmləşib.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Fariz Namazlı vəsadət qaldırıb. Vəsadətdə istintaqın düzgün aparılmadığını və işin ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş edib. Zərərçəkmişin digər nümayəndəsi Əshabəli Mustafayev isə vəsadəti dəstəkləyib və cinayət işinə ədalətli baxılması üçün həkimlərin də məsuliyyətinin müəyyən olunmasının vacibliyini vurğulayıb. Vəkillər Cavid Hüseynovun işinin ayrıca icraata verilməsini düzgün saymayıb.
Fariz Namazlının ikinci vəsadəti əlavə şahidlərin dindirilməsi ilə bağlı olub. Belə ki, Rasim Əliyevin ölüm səbəbinin həkim səhlənkarlığı olub-olmaması ilə bağlı səbəblərin müəyyənləşdirilməsi üçün həkimlər Babək Zeynalov, Arzu Rüstəmova və onu sonuncu dəfə görən Aydın Mahmudov, Mehman Hüseynov və atası Məmmədəli Əliyevin əlavə şahid qismində dindirilməsini xahiş edib. Təqsirləndirilən şəxslərin vəkilləri də bu vəsadətlərin təmin olunmasını istəyiblər.
Məhkəmə müşavirəyə getdikdən sonra Rasim Əliyevin anası üzünü şüşə kabinada əyləşən Arif Əliyev, Elşad İsmayılov və Camal Məmmədova tutub deyib:“Bütün Azərbaycan sizi lənətləyir. Mənim oğlum sizin qarşınıza tək çıxmışdı, amma siz mənim uşağımı tülkü kimi aldatdınız”.
Məhkəmənin növbəti iclası yanvarın 12-nə təyin olunub.
Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.
Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb.
İnarə Rafiqqızı
Virtualaz.org