Keçmiş DYP rəisinin Şirvan sərgüzəştləri

6-01-2016, 22:04   

Məmmədsadıq Nağıyev yol polisidir, yoxsa biznesmen? Yenidən yüksək vəzifəyə təyin olunacağını gözləyən polis mayoru işə intizamlı şəkildə çıxmır

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis əməkdaşları ilə keçirdiyi bütün görüşlərdə, həmçinin kollegiya iclaslarında polislərin vətəndaşlarla mülayim rəftar etməli olduqlarını bildirir. Məhz cənab nazirin həyata keçirdiyi müxtəlif tədbirlər nəticəsində bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Onu da xüsusi olaraq bildirməliyik ki, prezidentin müvafiq fərmanları ilə yol polisi xidməti əməkdaşlarının aylıq vəzifə maaşları artırılmış, respublikamızın ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsinə başlanılıb. Ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyinin təmini ilə bağlı 13 qanun, fərman və sərəncam imzalanıb. Həyata keçirilən bu kimi tədbirlərə baxmayaraq, yol polislərinin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı şikayətlər azalmaq bilmir. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Sabirabad rayon Yol Polisi Şöbəsinin keçmiş rəisi, hazırda Şirvan Şəhər Dövlət Yol Polisi Şöbəsində (DYPŞ) işləyən, polis mayoru Məmmədsadıq Nağıyevin işindəki neqativ məqamlarla bağlı redaksiyamıza tükürpədən məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən Şirvan sakininin bildirdiyinə görə, sabiq polis rəisi hazırda tutduğu vəzifəyə barmaqarası münasibət sərgiləyir və həftələrlə işə çıxmır: «Məmmədsadıq müəllim vaxtının böyük hissəsini Bakıda istirahət etməklə keçirir. Bir müddət bundan öncə polis mayoru Şirvan şəhərində «Azpetrol» yanacaqdoldurma məntəqəsinin arxa hissəsində yerləşən «Sərhəd» restoranında özünə dəbdəbəli ad günü mərasimi təşkil edib. Hər şeydən əvvəl, Məhərrəm ayında belə səs-küylü şənlik məclisinin keçirilməsi yol verilməzdir. Digər tərəfdən, yol polisində bu qədər pul hardandır ki, özünə bahalı ad günü mərasimi keçirir? Axı cənab Prezident dəfələrlə məmurlara və vəzifəli şəxslərə belə məclislər təşkil etməməyi tapşırıb. Nəyə görə, Məmmədsadıq Nağıyev ölkə başçısının göstərişinə əməl etmir? Bu adam həm də vaxtının bir hissəsini biznes işlərinə yönəldib. Deyilənə görə, onun nəzarətində bir neçə «Şaqman» markalı ağır tonnajlı yük maşını var. Bu maşınlar sutka ərzində müxtəlif istiqamətlər üzrə qum, çınqıl daşıyırlar. Polis mayoru bu biznesdən əldə etdiyi gəlirlə Şirvan zonasının ən imkanlı şəxslərindən birinə çevrilməyi bacarıb». Məlumatlı mənbə deyir ki, Məmmədsadıq Nağıyevin işə müntəzəm çıxmamasının bəzi səbəbləri var: «Yol polisi əməkdaşı özünə yaxın olan şəxslərə əmrini gözlədiyini bildirib. Deyib ki, bu yaxınlarda yenidən yüksək vəzifəyə təyin olunacaq. Yayılan məlumatlara görə, Nağıyev bir neçə ay əvvəl Hacıqabul rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə keçməyə cəhd göstərib. Amma onun bu arzusu reallaşmayıb». Bu arada, onu da diqqətinizə çatdırmaq istəyirik ki, Məmmədsadıq Nağıyev Sabirabad DYPŞ-nin rəisi işləyəndə adı dəfələrlə qalmaqallı hadisələrdə çəkilib. Məsələn, Sabirabad sakini Musa Zülfüqarovla keçmiş polis rəisi arasında insident yaşanmışdı. Vətəndaş Sabirabad rayon yol polisinin rəisi Məmmədsadıq Nağıyevin onu vurduğunu qeyd etmişdi: «Oğlum maşınını sürürdü. Məmmədsadıq da adi geyimdə olub. Maşını əl eləyib ki, saxlasın. Oğlum da onu tanımadığı üçün saxlamayıb. Getdim Məmmədsadıqla görüşdüm. Dedim cəriməsi nə qədərdir, ödəyirəm. Cavabı bu oldu ki, 160 manat, ancaq bu məbləğlə canımı qurtara bilməyəcəyimi söylədi. Sonra ayağa qalxıb mənə qanunla danışmağı irad tutdu. Məni döyməklə hədələdi. Dedim ki, vətəndaşı vura bilməzsən. Bir az keçdi raport yazdı. Guya mən onu vurmuşam. Polis idarəsinə apardılar. Bir gün orada qaldım”. Musa Zülfüqarovla yanaşı başqa bir rayon sakini də Məmmədsadıq Nağıyevin qanunsuz addımı ilə üzləşib. Müşviq Fətiyev adlı vətəndaş bildirib ki, maşınına arxa şüşəsinə qara pərdə vurubmuş: "Şöbənin qarşısından keçirdim. Məmmədsadıq Nağıyev də işçilərlə idarənin qarşısında oturmuşdu. İşçiləri arxamca maşını sürdülər, saxlatdırıb rəisin məni görmək istədiyini dedilər. Serjant yanımda oturdu, gəldim rəisin yanına. Pərdənin qanunsuz olduğunu söylədi. Bildirdim ki, bu tündlüyə qədər icazə verilir. Dedi ki, kustar üsulla hazırlanıb, bu, qadağandır. Onunla razılaşdım və sökəcəyimi dedim. Daha sonra rəis həbsimə göstəriş verdi. Buna etiraz etdim. Dedim ki, cəriməm nə qədərdirsə, yazın ödəyim. Məmmədsadıq ayağa qalxdı. Əsəbi şəkildə ”mənə ağıl öyrədirsən?" deyib qolumdan yapışıb yerə yıxdı. Dedim kim sənə səlahiyyət verib vətəndaşı vurursan? "Əcəb edirəm” deyib vurdu, sonra da işçilərlə məni sürüyə-sürüyə bayıra çıxartdı. Dedi ki, yol mənimdir, səni qoymayacam burada maşın sürməyə». Polis mayorunun fəaliyyətindəki xoşagəlməz işlərlə bağlı başqa məlumatlar da var. Növbəti saylarımızda Məmmədsalıq Nağıyevin Baş Döylət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti Alayının komandiri Balakişi Əhmədovun adından necə istifadə etməsi haqda məlumat verməyə çalışacağıq. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
P.S. Deyirlər, Gürcüstanda qaçaqmalçılıq üstündə tutulan yol polisinin adı gömrük istintaqçılarının dəftərindən hələ də silinməyib.
Bu barədə gələn saylarımızda biləcəksiniz. -
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar