İntihar həddinə çatdıranlar kimlərdi?

7-01-2016, 10:08   

Süründürməçiliyin, yüksək bank fazilərinin arxasında dayanan iri məmurlardı

Təəssüf ki, Azərbaycanın adı ancaq neqativ hallara görə ön sırada çəkilir. Korrupsiya, seçki saxtakarlığı, sifarişli məhkəmə qərarları və bu kimi hallara görə reytinq cədvəllərinə öncüllük edirik. Son dövrlər isə ölkəmiz intiharların sayına görə də ön sıralara keçib. Demək olar ki, hər gün yeni intihar xəbərləri eşidirik.


Kimisi özünü körpüdən asır, kimisi özün yandırır, kimisi dənizə atır. Hər dəfə də məlum olur ki, intihara səbəb şəxsin küllü miqdarda borcunun olmasıdır. Bir az da dərinə gedəndə məlum olur ki, intihar edənlərin məhz banklara borcu olur. Digər səbəblər isə əsasən məmur özbaşınalığı, süründürməçiliklə bağlı olur.

Iki gün öncə də Pirallahı rayonunun Səməd Vurğun küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib. Ilkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir. Özünü asan kişi ailəli olub və heç bir psixi problemləri olmayıb.ÿDigər hadisə isə Ağdaş rayonunda baş verib. Rayonun Aşağı Qəsil kənd sakini 1957-ci il təvəllüdlü Nizami Vəli oğlu Cabbarov gecə saatlarında özünü yaşadığı evin meyvə bağındakı ağacdan asaraq intihar edib. Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkar edib. 58 yaşlı kişinin intihar etməsinə səbəb banklara külli miqdarda borcu olması göstərilirdi.

Göründüyü kimi son intihar halları da borcla bağlıdır. Qeyd edək ki, ölkə əhalisinin 2.6 milyon nəfəri banklara borc ödəyir. Qeyri-rəsmi borcların miqdarı da təxminən bu qədərdi. Demək istəyirik ki, ölkədə potensial intihar mühiti formalaşdırılıb.

Amma yazının əsas məqsədi intiharlara görə məsuliyyət məsələsini üzə çıxarmaqdı. Bildiyiniz kimi cinayət məcəlləsində “intihar həddinə çatdırma” maddəsi nəzərdə tutulub və bu ittihamla bugünə qədər xeyli insanlar həbs olunub. Məhz bu maddəni rəhbər tutaraq kütləvi intihar hallarını araşdırmaq lazımdır. Insanları intihar həddinə çatdıranlar cəzalandırılmalıdır. Ümumiyyətlə, bu intiharlarla bağlı işlər eyni icraatda birləşdirilməli və ciddi araşdırma aparılmalıdır.

Dəfələrlə yazmışıq ki, Azərbaycanda banklar rəsmi soyğunçuluqla məşğul olurlar. Belə ki, 25, 30, 35 faizlə kredit verilir ki, bu da kredit götürənin müflisləşməsi deməkdir. Hansıki, hökumət bu problemi həll edə bilər və bugünə qədər həll etməliydi. Məsələ burasındadır ki, Azərbaycandakı əsas banklar iri məmrulara məxsusdur. Hətta hansı bankın kimə məxsus olması, ən başda oturanların hansı banklara rəhbərlik etməsi də məlumdur. Amma borca görə intihar edənlərin sayı artdıqca, bankların pul vermə qaydaları daha də sərtləşdirilir. Adamlar məhkəmələrə düşür, ödənişi gecikdirənlərin əmlakına həbs qoyulur və s.

Vəziyyətin bu həddə gəlib çatmasına görə isə yenə də bank sistemini monopoliya etmiş, əhalini ağır faizlərlə yükləmiş məmurlar məsuliyyət daşıyır. Məhz bu məmurların acgözlüyünə görə insanlar intihar həddinə çatır. Insanların ağır zəhmət hesabına əldə etdikləri evləri, avtomobilləri girova çevrilir. Amma kredit siyasəti mülayimləşdirilsəydi, müəyyən güəzştlər edilsəydi, indiki mənzərə yaranmazdı.

Əgər intihar həddinə çatdıranların məsuliyyətə cəlb olunması məsələsi ciddiləşsə, xeyli sayda vəzifəli şəxslər həbsxanalıq olmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi süründürməçilik, özbaşınalıq, borc yükü yaratmaq iri məmurların şakəridi.

Amma bura Azərbaycan olduğuna görə, intihar həddinə çatdıran tox, intihara cəhd edəni məsuliyyətə cəlb edirlər.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar