Tibb bacısı Sumqayıtdakı 1 saylı Doğum Evində körpələrin hansı qaydada satıldığının sxemini açıqladı; işçilərin qul kimi işlədilməsinin təfərrüatlarını danışdı
“Bunlar adam tapır və uşaqları 10 min manata satırlar. Mən şikayət edirəm, şikayətlərimə baxan yoxdur”. Bu sözləri “Yeni Müsavat”a müraciət edən Sumqayıt şəhər 1 saylı Doğum Evində tibb bacısı işləyən Samirə Babayeva deyib. Onun sözlərinə görə, Doğum Evinin baş həkimi Sevda İsgəndərli şikayətlərə heç bir əhəmiyyət vermir: “1996-cı ildən orada uşaq şöbəsində tibb bacısı işləyirəm. Sevda İsgəndərli Doğum Evinə 1997-ci ildə baş həkim təyin olunub. Orada satılan uşaqların sayı-hesabı yoxdur”.
“Satılan uşaqların əksəriyyətini də alan ləzgi ailələrdir”
Şikayətçi körpələrin hansı sxem üzrə satıldığını belə təsvir edib: “Ana körpəsindən imtina edirsə, ona imtina ərizəsini kadrlar şöbəsinin müdirəsi Gülya xanım yazdırır. Bundan sonra da uşağı almaq istəyən ailə axtarırlar. Gülya özü ləzgidir. Satılan uşaqların əksəriyyətini də alan ləzgi ailələrdir. Körpələrin satılması baş həkimin razılığı ilə baş tutur. Mən orada 1996-cı ildən işləyirəm. Dəqiq yadımdadır ki, 98-ci ildən bu yana orada imtina olunan körpələrdən yalnız biri uşaq evinə köçürülüb. Həmin körpə qız uşağı idi. 4 ay doğum evində qaldı. Körpə az qala yeriyirdi. Ona görə də məcbur qalıb köçürdülər. Çünki heç kim 4 aylıq uşağı satın alıb evinə aparmaq istəmir. Yəni körpəni alan analar ətraflarına deyirlər ki, körpəni dünyaya özü gətirib”.
“Mənim balam” deyirsə, körpə satlıqdır....
Tibb bacısı deyir ki, körpə alverində əsas söz sahiblərindən biri olan Gülya xanımla baş həkimin çox yaxşı münasibətləri var: “Ana körpəsindən imtina etdisə, Gülya xanım uşağa sahib çıxır. Doğum evində hamının bildiyi bir stabil qayda var. Deməli, Gülya xanım anadan imtina ərizəsi aldısa, gəlib körpəyə ”mənim balam" deyirsə, bilinir ki, bu körpə satlıqdır. Belə körpələrin butulkasını, süni südünü, oyuncağını baş həkim verir. Biz körpəyə baxırıq, çimizdirir, yedizdiririk. Bir də özləri gəlib körpəni götürüb aparırdılar".
“Bilirdik ki, artıq körpəni satırlar...”
Tibb bacısı deyir ki, körpəyə müştəri çox qısa bir vaxtda tapılır: “Anadan imtina ərizəsi alınandan sonra onu yola salırdılar. 2-3 gün, 1 həftə sonra körpəni gəlib alıb aparırdılar. Bilirdik ki, artıq körpəni satırlar. 10 min manatı kimdən necə alırdılar, bu hissəsini özləri bilirdilər. Gülya xanım dəfələrlə deyib ki, uşağın götürülməsi - yəni alınması 10 min manatdır. Mən onlardan şikayət edəcəkdim, əllərindən boğaza yığılmışdım, etdikləri qanunsuzluqları isə sübut etmək olmurdu. Ona görə də bir dəfə özlərinə dedim ki, bir qohumum var, körpə almaq istəyir. Məndən 10 min manat pul istədilər. Mənim şikayətlərimdən sonra körpəsindən imtina edən anaları 2 saylı Doğum Evinə köçürüb oradan satmağa başladılar. Ananı ora uşağı ilə birgə köçürüb oradan imtina ərizəsi yazdırırdılar. Oranın da baş həkim İmmi xanım idi".
“Hətta körpənin adını da biz qoyduq - Mikayıl”
Tibb bacısı deyir ki, Doğum Evinin baş həkiminin qanunsuzluqları saysız-hesabsızdır: “Orada təkcə körpə alveri getmir. İşçiləri qul kimi istismar edirlər. Qanunda yazılıb ki, ana körpədən imtina edibsə, uşaq evinə verilməlidir. Körpənin doğum evində qalması qanunsuzdur. Sumqayıtın 1 saylı Doğum Evində qanunlar keçərli deyil. Elə olub ki, 2 ay, 3, hətta 4 ay ananın imtina etdiyi körpə orada qalıb. Uşağı götürən, yəni pul verib alan olmayıb. O uşaqlara məcbur olub biz baxmışıq. Bunlardan şikayət edəndə gətirib tibb işçilərinə 10-20 manat verirlər ki, 2 ay uşağa baxmısız. Axırıncı dəfə orada 2015-ci il yanvarın 14-də Fəridə Mirzəyeva körpə dünyaya gətirdi. Lakin uşaqdan imtina etdi. Körpəyə 2 ay biz baxdıq. Hətta körpənin adını da biz qoyduq - Mikayıl. O körpə Bakıda yaşayan milliyyətcə ləzgi olan bir ailəyə verildi, yəni satıldı. Mən şikayət edirəm, şikayətlərim araşdırılmır. Əvvəllər bizə deyirdilər ki, siz hara şikayətə getsəz, Zaman İsgəndərov (1 saylı Doğum Evinin baş həkimi Sevda İsgəndərlinin atası-red.) sizi məhv edər. Onun elə gücü də vardı. İndinin özündə də bütün orqanlarda Zaman İsgəndərovun qohum-qardaşı var. Hədə-qorxu ilə, şantajla adamları qorxudurlar. 1 il 3 aydır ki, şikayət edirəm. Baxan yoxdur”.
“Bunlar bizim əmək haqqımıza da göz dikirlər”
Tibb bacısı deyir ki, əmək haqlarını onlara vermədən işlədiblər: “1998-ci ildən 2004-cü ilə qədər Sumqayıtdakı 1 saylı Doğum Evində çalışanların əmək haqqını özünə götürürdülər. 2004-cü ilə qədər bizim əmək haqqını bunlar alırdı. 2004-də kart sisteminə keçid oldu, əmək haqqını özümüz aldıq. Buna qədər Allahın ümidinə işləyirdik. Kimsə bizə ianə versəydi, onun hesabına yaşayırdıq. 1-2 manat ianə veriləndə sevinirdik ki, uşağımıza çörək ala biləcəyik.
Mənim əmək haqqı cədvəllərimdə imzam yoxdur. Mənə də başqaları kimi sadəcə əmək haqqı verməyiblər. Xəzinədar Solmaz İsmayılova idi. Baş həkimin sağ əli idi. Ştatda liftçi gedirdi. Doğum evini faktiki olaraq o idarə edirdi. Biz baş həkimin üzünü belə görmürdük. Hər ay kiçik tibb bacılarından 4, tibb bacılarından 7, həkimlərdən 10 manat fond pulu yığırdılar. Adını qoyurdular ki, sabun, dəsmal, lampa, kağız, yapışkan, qələm alırlar. Amma həmin əşyaları da biz alırdıq. Pullar hara gedirdi, bilmirdik. Yoldaşım gözdən əlildir, 2 övladımdan biri də xəstədir. Mən uşağın müalicəsini çatdırmıram. Bunlar bizim əmək haqqımıza da göz dikirlər".
“...İşçilərə 1-2 manat, elə vaxt olur 20 qəpik pul verirlər”
Tibb bacısı 1 saylı Doğum Evində toplanan xəraclar haqda bunları deyib: “Orada konkret qiymətlər qoyulub - doğuş 300-350 manat, qeysəriyyə əməliyyatı 600-650 manat. İndi Sumqayıtda icra başçısı dəyişib, bunu yığışdırıblar. Daha doğrusu, pulu baş tibb bacısı Qızılgül Bünyadovanın əli ilə gizlin alırlar. Hər doğuşdan ona 170 manat verirlər. Yerdə qalan puldan isə işçilərə 1-2 manat, elə vaxt olur 20 qəpik pul verirlər. Şikayət edənlərə də deyirlər ki, Heydər Əliyev ”səhiyyəni xalq dolandırır" deyib, ona görə də bizə xalq uşaqlarına baxdığımıza görə nə qədər istəyir pul verir. Rüşvətə qoyduqları ad budur. Biz şikayət edəndə deyirlər ki, həkimlərə hamı öz uşağına görə pul verir. Başa düşürük ki, kimsə nə isə verir. Amma bizi niyə istismar edirlər? Biz niyə hər ay maaşımızdan 7 manat verməliyik? Niyə ananın atıb getdiyi körpəyə 3-4 ay baxmalıyıq? Axı bunun üçün dövlətin büdcəsi hesabına fəaliyyət göstərən uşaq evi var. Bizi faktiki istismar edirlər. 170 manat əmək haqqı qarşılığında bizi istismar edirlər".
“Bizi rüşvətə təhrik edir”
Samirə Babayeva rüşvət almağa təhrik edildiklərini deyir: “Mən baş həkimin özünə şikayət etmişəm. O da mənə konkret deyir ki, get, kimə istəyirsən şikayət elə. Mən belə işləyirəm. Deyirik ki, camaatdan pul almayın. Deyir ki, alıb sizə veririk. Bizə 20 qəpik pul verir. Həmin pul bizə lazım deyil. Şəffaf işləsinlər. Bizi rüşvətə təhrik edir. Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevə şikayət etdim. O, sadəcə, İsgəndərovlarla bacara bilmir. Onlara heç kimin gücü çatmır. Paş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin qəbulunda olmuşam.
Mənim kimi Sumqayıt 1 saylı Doğum Evində haqsızlıqla, istismarla üz-üzə qalan işçilər çoxdu. Amma danışmağa qorxurlar. Çünki İsgəndərovlar Sumqayıtda oturuşublar. Mənimlə bərabər 2 xanım da şikayət edirdi. Onların şantajla şikayətlərindən əl çəkmələrinə nail oldular. Hara gedirsən, bunların adamlarıdır. Baş həkim mənə heç bir əsas olmadan iki dəfə xəbərdarlıq elan edib. Bunu ona görə edir ki, işdən çıxarsın. Oradakı qanunsuzluqlar haqda kimsə danışmasın. Mənə açıq-aşkar deyirlər ki, 3-cü xəbərdarlıqdan sonra səni işdən qovacaqlar".
E.MƏMMƏDƏLİYEV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.://musavat.com/