“Təzadlar”a Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin rəisi Kənan Quliyevlə bağlı ilginc məlumat və sənədlər daxil olub...
Hüquq müdafiəçisi Məmməd Həmidov tərəfindən “Təzadlar”a təqdim olunmuş və ölkənin ali rəhbərliyinə ünvanlı müraciəti diqqətimizi çəkdi. Söhbət Təhsil Nazirliyinin daxili nəzarət idarəsinin rəisi Kənan Quliyevin barəsində olan şikayətdəki faktlardan gedir... Şikayətçi - hüquq müdafiəçisi yazır:
Hörmətli “Təzadlar”! K.Quliyev MTN-nin Tərtər Rayon Şöbəsində adi bir əməkdaş olub, sonradan MTN naziri Eldar Mahmudov tərəfindən Təhsil Nazirliyinə təyinat alıb... O, 27.12.2013-cü il tarixindən TN-nin daxili nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Halbuki TN-nin özünün rəsmi saytında dərc etdiyi Əsasnaməsinə görə TN-də yüksək vəzifəyə ən azı 5 il pedaqoji stajı olan, elmi işçi adı olan və ya dövlət orqanlarında vəzifədə işləmiş şəxslər təyin oluna bilər. Bəs bu K.Quliyev TN-də bu məsul vəzifəyə necə yol tapıb?
Niyə bu şəxs Təhsil Nazirliyində açıq-aşkar sabotajla məşğul olaraq xaricdə təhsil almış məzunlarımızın hamısına diplomlarının tanıması ilə bağlı etdikləri müraciətlərə TN-nin adından eyni məzmunda “İmtina” məktubu yazır: “...Sizin ixtisas üzrə bilikləriniz Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. Göstərilələri nəzərə alaraq diplomunuzun ölkə ərazisində tanınması mümkün hesab olunmur.”
Sual olunur: bəs xarici ölkələrdə adlı-sanlı Ali məktəblərə qəbul olunanlar sonradan nə etməlidir, oxumamalıdırlar?
Mən fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezident Administrasiyası hüquq şöbəsinin müdiri F.Ələsgərova, Baş Prokuror Z.Qaralova, təhsil naziri M.Cabbarova, Dövlət Təhlükəsizlik Komitəsinin sədri M.Quliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi K.Əliyevə müraciət edirəm: bildirirəm ki, Təhsil Nazirliyinin şöbə rəisi Kənan Quliyevin qanunazidd hərəkətləri barədə əvvəl 05 noyabr 2015-ci il tarixdə aidiyyatı orqanlara göndərdiyimiz məlumatla bağlı Baş Prokurorluğun Təhsil Nazirliyi Aparatına göndərdiyi 13.11.2015-ci il tarixli, 15-0090-01-01-104814 saylı rəsmi məktubuna baxmayaraq bu günədək bizə heç bir cavab göndərilməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyimiz Nağıyev Samir Seymur oğlu 01.09.2009-cu il tarixindən 14.07.2014-cü il 25 iyun tarixinədək Rusiya Federasiyasının Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti (MİSİ) İqtisadiyyat və Statistika İnstitununun əyani təhsil forması üzrə tələbəsi olmuşdur, “Maliyyə və kredit” ixtisası, ali professional təhsil proqramı üzrə müqavilə əsasında təhsil və diplom almışdır.
RF-nın Dövlət Ali Attestasiya Komissiyasının 25 iyun 2014-cü il tarixli 50 saylı qərarına əsasən ona “İqtisadçı” ixtisası verilib və ali təhsil haqqında (1077060009481) diplom verilmişdir. Lakin Təhsil Nazirliyinə 2014-cü ilin iyul ayında diplomunun tanınması ilə bağlı müraciət etsə də 1 ildən sonra vətəndaşa diplomunun tanınmasının mümkünsüzlüyü ilə bağlı Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev əsassız ekspert rəyinə əsasən mənfi cavab vermişdir. Belə ki, diplomun tanınması ilə (nostrifikasiyası) bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə edilmiş rəsmi müraciətə əsasən TN-nin Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyevin imzaladığı 29.06.2015-ci il tarixli, 21094/03-24 saylı cavab məktubunda qeyd edilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydalarını”, Avropa regionunda alı təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın II.1.2 maddəsini, Konvensiya komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, Sizin ixtisas üzrə biliklərinizin AR-nın təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika universiteti tərəfindən adınıza verilmiş 25.06.2014-cü il tarixli. N-077060009481 nömrəli mütəxəssis diplomunun ölkə ərazisində tanınması mümkün hesab olunmur.”
Xatırladırıq ki, “Xarici dövlətlərin Ali Təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı QƏRARInın 3.6 cı və 3.7 -ci bəndində qeyd edilənlərə əsasən ekvivalentlik haqqında Şəhadətnamə verilir.
Göründüyü kimi, TN-nin səlahiyyətlisi Kənan Quliyevin imzaladığı və 1 ildən sonra ərizəçiyə verdiyi cavab məktubunda diplomun tanınması ilə bağlı əsassız qeydi Nazirlər Kabinetinin məlum Qərarının 3.6-cı maddəsinə heç bir halda uyğun gəlmir və “Sizin ixtisas üzrə biliklərinizin AR-nın təhsil sahəsində dövlət standardlarına cavab vermədiyini müəyyən edilmişdir” qeydinin heç bir hüquqi əsası yoxdur.
- Bəs Kənan Quliyev niyə bu qənaətə gəlmişdir ki, adı çəkilən diplom tanına bilməz?
(Davamı var)