“Birinci turdan keçirmək məqsədi ilə məndən yenidən 8 000 ABŞ dolları aldı…”
Son illər Azərbaycanda ən geniş yayılan cinayətlərdən biri də, dələduzluqdur. Daha dəqiqi, başqalarının ertibarından sui-istifadə etməklə pul, əmlak ələ keçirmə, eləcə də işə düzəltmək, vəzifəyə təyin etmək adı ilə vətəndaşların aldadılaraq külli miqdarda pulunu almaq, gündəlik qarşılaşdığımız hadisələrdən birinə çevrilib. Hətta yüksək vəzifədə olan şəxslər belə, bu çür əməllərlə məşğul olmaqdan nə çəkinir, nə bir abır-həya edirlər.
Məsələn, bir müddət əvvəl tanınmış hakim Həsən Əliyev iş adamından icra başçısı təyin etdirmək adı ilə 600 min manat alsa da, sonradan bunu danmaq istəyirdi. Ancaq ortada notarial qaydada təsdiqlənmiş rəsmi sənədlər olduğundan, haqqında cinayət işi açılaraq, həbs edildi.
Ancaq hər kəs başqasına hansısa işi düzəltmək üçün pul və yaxud, işə düzəlmək üçün birbaşa rüşvət verərkən, bunu notariusda tədiqləyən sənəd ala bilmir. Belələrinin bir çoxu sonradan dələduzluğun qurbanına çevrilir. Hüquq-mühafizə orqanları da əksər hallarda dələduzluqla məşğul olan, başqalarını aldadıb pulunu ələ keçirənlərə qarşı sərt tədbirlərə əl atmırlar. Ya onlarla şərik olaraq vətəndaşı borclu çıxarırlar, ya da ortada təsdiqləyici sənəd-sübut olmadığndan, işi başlarından edib məhkəmələrə göndərirlər. Belədə vətəndaş illərlə məhkəmələrə ayaq döyür, nəticə də əldə edə bilmir. Nəcə deyərlər, it də gedir, ip də…
Redaksiyamıza müraciət edən Bakı şəhəri Binəqədi rayonu sakini, ixtisasca həkim olan Hidayət Ələsgərov da məhz belə dələduzluq faktı ilə üzləşdiyini iddia edir. Hətta bunu təsdiq edən sənədlərinin də olduğunu bildirir.
Hidayət Ələsgərov iddiasının sübutu olaraq, “AzPolitik.info”ya səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı məktubun surətini təqdim. Əvvəlcə həmin məktubu təqdim edirik:
“Cənab Nazir! Bakı şəhəri Travmatologiya-Ortopediya xəstəxanası bağlandıqdan sonra, mən hal-hazırda işsizəm. Dəfələrlə Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin müdiri Kəmalə xanımın qəbulunda olmuşam. O, məni işlə təmin etmək imkanı olmadığını demişdir.
Sonra dəfələrlə Səhiyyə Nazirliyinə iş üçün müraciət etməyimə baxmayaraq, heç bir müsbət cavab almamışam.
Həkimlərin işə qəbulu elanında Bakı şəhərində travmatologiya şöbələrinə vakansiya olmadığına görə, sənədlərimi təqdim etməmişəm. Mən “İlizarov aparatı” ilə ətrafların 15 sm-ə qədər uzadılmasını, deformasiyaların düzəldilməsini və bir çox ortopedik xəstəliklərin müalicəsini həyata keçirə bilirəm. Poliklinka şəraitində bu əməliyyatları yerinə yetirmək mümkün olmadığına görə, poliklinikada işləmək istəməmişəm. Ortopedik xəstələrin stasionarda qalma müddəti çox olduğuna görə və xəstələrin özəl klinikaların xərcini ödəməyə imkanı olmadığına görə, özəl klinikalarda belə xəstələri müalicə etmək çətindir. Travmatoloji və ortopedik xəstələrin “İlizarov aparatı” ilə müalicəsini bacardığıma və belə xəstələrin özəl klinikalarda müalicəsi çətin olduğuna görə, dövlət xəstəxanasında işlə təmin olunmağımı istəmişəm.
Bakı şəhərində “İlizarov aparatı” ilə ətrafların 15 sm-ə qədər uzadılmasını və deformasiyaların düzəldilməsini həyata keçirən həkimlər barmaqla sayılacaq qədər azdır. Bu işlə məşğul olmaq həm də mənim həyat tərzimdir. Ona görə də, işlə təmin olunmaq üçün bütün vasitələrdən istifadə edib, işə qəbul olunmağa çalışmışam.
Bakı şəhərində travmatologiya şöbələrinə imtahanla işə qəbul üçün vakansiya verilmədiyinə görə, başqa vasitələrdən istifadə etmək qərarına gəldim. Bundan sonra kömək üçün Səhiyyə Nazirliyinin “qaynar xətt”ində işləyən Adiyev Daxil Zeyni oğluna müraciət etdim. O, mənə dedi ki, Maliyyə Nazirliyindən vakansiya alıb, səni işə qəbul etdirəcəm.
2014-cü ilin iyun ayında bu məqsədlə məndən 7000 manat pul aldı. 2014-cü ilin noyabr ayında onun mənə vəd etdiyi yerə elanda vakansiya olmadığına görə, pulu geri almaq istədim. 2015-ci ilin yanvar ayında məndən yenidən 16 000 ABŞ dolları alaraq, təcili işə qəbul etdirəcəyinə söz verdi. Lakin sözünü yerinə yetirmədiyinə görə 1 aydan sonra geri qaytarmağı tələb edəndə, dedi ki, mart ayında işə qəbul üçün elan çıxan vaxta qədər Yardımlı rayonuna qəbul ol, mən səni Bakı şəhərinə gətirəcəyəm.
Əlacsız qalıb Yardımlı rayonuna işə qəbul olmaq üçün sənədlərimi verdim. Birinci tur test imtahanı verərək, müsbət qiymət aldım. Birinci turdan keçirmək məqsədi ilə məndən yenidən 8 000 ABŞ dolları aldı.
Sonra məndən əmək kitabçasını alaraq, Yardımlı MRX-da işə qəbul olduğumu dedi. Bakı şəhərinə işə gətirmək məsələsinin isə 2-3 aydan sonra həll olunacağına dair vəd verdi. İyun ayında məni Səhiyyə Nazirliyində işləyən Əliyev Akiflə tanış edərək, dedi ki, bu adam səni Bakı şəhərinə işə köçürəcək.
3 aydan sonra aldadıldığımı bildim və və pulu geri istədim. Dəfələrlə Adıyev Daxilə və Əliyev Akifə müraciət etməyimə baxmayaraq, pulu geri qaytarmadılar. Rüşvət verdiyimə görə, məni tutduracaqları ilə hədələyirlər. Hal-hazırda onlarda mənim 26 500 ABŞ dolları pulum var. Səhiyyə Nazirliyində dələduzluqla məşğul olan şəxslər həqiqətənmi cəzasız qalacaqlar? Cənab nazir, məni qəbul edib dinləməyinizi və kömək etməyinizi xahiş edrəm.
Sizə əvvəlcədən öz təşəkkürümü bildirirəm”.
Məktubda göstərilənlər, göründüyü kimi, çox ciddi ittihamlardır və yəqin ki, səhiyyə naziri məsələ ilə maraqlanacaq. Qeyd edək ki, Hidayət Ələsgərov redaksiyamıza ondan pul alınmasını təsdiqləyən imzalı sənədlərin surətini də təqdim edib. Həmin sənədlərdə – Daxil Adıyevin şəxsiyyət vəsiqəsinin fotosürəti olan kağızların arxa tərəflərində Səhiyyə Nazirliyinin əməkdaşı öz xətti ilə yazır ki, Hidayət Ələsgərovdan onu işə düzəltmək məqsədilə pul alır. Bunu imzasıyla da təsdiq edir.
MƏMUR RÜŞVƏT ALIB, QOL KAĞIZI VERDİ! - Səhiyyə Nazirliyində ŞOK dələduzluq (Fotolar)
Hidayət Ələsgərov aldadıldığına əmin olduqdan sonra bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin dələduzluqla məşğul olan məmurların cəzalandırılmasına nail olmadığını, pulunun da qaytarılmadığını bildirir.
Hidayət Ələsgərovun məktubunda irəli sürdüyü ittihamlarla bağlı qarşı tərəfin – Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri Daxil Adıyev və Akif Əliyevin münasibətini öyrənməyə çalışdıq.
Mobil telefonuna dəfələrlə zəng etsək də, Daxil Adıyevlə əlaqə qura bilmədik. Telefonu hər dəfə bağlı oldu.
Akif Əliyevlə isə əlaqə yarada bildik. Səhiyyə Nazirliyində deyil, Təcili Tibbi Yardım Xəstəxanasında işlədiyini deyən A.Əliyev, Hidayət Ələsgərovun ittihamları ilə tanış olduğunu bildirdi. Ancaq onun ittihamlarının özü ilə bağlı hissəsinin həqiqəti əks etdirmədiyini qeyd etdi .
A.Əliyevin sözlərinə görə, bununla bağlı onu polisə də çağırıblar. Orda da, Hidayət Ələsgərovu şəxsən tanımadığını və bu məsələ ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Bununla belə A.Əliyev Daxil Adıyevin onun adından istifadə edib-etmədiyinə dair məlumatsız olduğunu bildirdi: “Daxil Adıyev yaşlı, xəstə bir adamdır. Bildiyimə görə, bu yaxınlarda əməliyyat olunub. Əvvələr onunla danışmışdım ki, bu məsələni həll etsin, mənim adım hallandırılmasın. O da Hidayət Ələsgərovla danışacağını demişdi. Sonrası barədə məlumatım yoxdu.”
Akif Əliyevin dedikləri ilə bağlı yenidən Hidayət Ələsgərovla əlaqə saxladıq. H.Ələsgərov Akif Əliyevin doğru danışmadığını bildirdi. Onun sözlərinə görə, Daxil Adıyev məhz Akif Əliyevin vasitəsilə onu işə düzəltməyə söz verərək, pul alıb: “Mənim şikayətimin araşdırılması zamanı “Bandotdel”də bizi üzləşdirəndə də, Akif Əliyev dedi ki, məni tanımır. Ancaq təbii ki, bu ağ yalandır. Ötən ilin sentyabr – oktyabr aylarında mən Akif Əliyevlə 46 dəfə telefonla danışmışam. Tanımadığı adamla necə danışıb? Əvvəllər hər dəfə deyirdi ki, bu gün-sabah məsələni həll edəcək. Lakin sonda bildirdi ki, get hara istəyirsən şikayət et. Məndən alınan pulların böyük hissəsi ona verilib.
Akif Əliyev məni necə tanımır ki, hətta aldıqları pulun bir hissəsini geri qaytarıb?! Əgər onun bu işlə əlaqəsi yoxdursa, niyə mənə pul qaytarırdı?”
Sonda H.Ələsgərov səhiyyə nazirinin məsələni yoluna qoyacağına, onun pulunun geri qaytarılmasını təmin edəcəyinə inandığını bildirdi. Qeyd etdi ki, bu pulun 10 min dollarını “Bank of Baku”dan kredit götürərək verib. Hazırda isə həmin vəsaitə görə ödənişləri həyata keçirə bilmədiyindən çıxılmaz vəziyyətlə üzləşib. Şikayətçi bankdan kredit götürdüyünü təsdiq edən sənədi də “AzPolitika”ya təqdim edib. Hansı ki, elə həmin sənədin üstündə Daxil Əliyevin Hidayət Ələsgərovu işə düzəltmək məqsədilə ondan 17 950 dollar aldığına dair qeydi və imzası var.
Səhiyyə Nazirliyinin və onun dələduzluqda ittiham olunan əməkdaşı Daxil Adıyevin də mövqeyini işıqlandırmağa hazırıq.
Məsələni diqqətdə saxlayacağıq.
D.Adıyevin H.Ələsgərovdan işə düzəltmək üçün pul aldığını təsdiqləyən əlyazmaların surətini təqdim edirik: