İcra başçıları var-dövlətlərini satışa çıxardılar

17-01-2016, 19:24   


Yerlərdə bahalaşmanın qarşısını almaq üçün “kiçik padşah”lar dəridən-qabıqdan çıxırlar

Ötən ilin dekabrında Azərbaycanda ikinci devalvasiyadan sonra ölkədə sosial güzəranın əvvəlkinə nisbətən ağırlaşması hamıya məlumdur. Vəziyyətdən çıxış yolu olaraq müxtəlif tədbirlərə əl atılır. Mərkəzi Bankın qərarı ilə üzən məzənnə siyasətinə keçiddən sonra dolların 40-50 faiz civarında bahalaşması ərzaq və qeyri-ərzaq məhsullarının da bahalaşmasına səbəb olub. Öz növbəsində əhali bu vəziyyətdən narazıdır və məlum olduğu kimi, artıq bir neçə rayonda etiraz aksiyaları da keçirilib. Həm ölkə rəhbərliyi, həm də yerli icra hakimiyyətləri səviyyəsində müdaxilələr edilərək vəziyyətin düzəlməsi üçün addımlar atılır. Bəzi məlumatlara görə, yerli icra başçılarına qeyri-rəsmi formada süni bahalaşmasının qarşısını almaq tapşırılıb. Hətta bununla bağlı bir neçə icra hakimiyyətində qruplar yaradılıb, şəhər və rayon bazarlarında reydlər keçirilir. Lakin məsələ bununla bitmir. Məlumatlara görə, bu tədbirlər yerlərdə bahalaşmasının qarşısının sonacan alınmasına yetməyəcək. Və bunu artıq icra başçıları da hiss edib. Bildirilir ki, indiyədək inzibati yollarla nisbətən dayandırılan bahalaşma bundan sonra kompensasiya yolu ilə səngidiləcək.
Belə ki, məlumatlı mənbənin AFN.az-a verdiyi bilgiyə görə, icra başçıları rayonlarda iri sahibkarları pulla “ələ almağa” başlayıblar. Hər rayonda ərzaq, tikinti, geyim bazarında əsas rola malik olan iş adamları İH-ə çağrılaraq bahalaşmaya getməməsi üçün onunla sövdələşmə aparılır. Sahibkarın qiymətləri qaldırmaması şəraitində düşəcəyi zərər müvafiq icra başçısının şəxsi vəsaitləri hesabına kompensasiya edilir. Mənbəmiz bildirir ki, hətta bəzi rayonların başçıları artıq öz əmlaklarını, ixtiyarlarında olan torpaq sahələrini belə satışa çıxarıblar, yaxud sahibkarlara müddətsiz icarəyə veriblər. Bu addımı atan başçılardan bəzilərinin adları bizə məlum olsa da, dəqiqləşdirmə aparılmadığından qeyd etmirik. Yaxın günlərdə geniş araşdırma aparıb ətraflı məlumatlar dərc edəcəyik.

Onlar nə qədər maaş alır ki?...

Maraqlıdır, bəs necə olub ki, icra başçıları bu qədər var-dövlətə sahib olublar? Onların maaşı nə qədərdir ki, belə “dar günlər” üçün xərcləməyə çatır?
Qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət Qulluğu haqqında” qanununa əsasən, yerli İcra hakimiyyətlərində çalışanlar, icra başçısı istisna olmaqla dövlət qulluqçusu hesab olunur. İcra başçıları, həmçinin nazir və komitə sədrləri siyasi təyinatlı vəzifə sahibləridir və dövlət qulluqçusu statusuna sahib deyillər.
Qanunla icra orqanlarında çalışan dövlət qulluqçuları, o cümlədən siyasi vəsifə sahibləri olan icra başçıları, nazirlər, komitə sədrləri biznes və kommersiya fəaliyyətilə məşğul ola bilməzlər.
Amma di gəl, onların sahib olduqları mülklərə, maşınlara, obyektlərə bax... Başqasının pulunu saymaq yaxşı əlamət deyil, amma bir şərtlə ki, o pul haram yollarla deyil, halal zəhmət hesabına qazanılsın...

Rəsmi məlumata görə, hazırda dövlət qulluqçularının orta aylıq əmək haqqı 617,6 manat təşkil edir. Gəlin, dövlət qulluqçuları və icra başçılarının ayrı-ayrılıqda maaşına baxaq.
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadanyerli İcra Hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçuların maaşı ilə bağlı ötən il mətbuata təqdim edilən məlumatları sizin də diqqətinizə çatdırırıq.
Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır.
Yerli İcra Hakimiyyəti orqanı başçısının müavininin maaşı Gəncə və Sumqayıtda 770 manat, əhalinin sayı 100 min nəfərdən çox olduqda 750 manat, əhalinin sayı 50-100 min nəfər olduqda 735 manat, əhalinin sayı 50 min nəfərdən aşağı olduqda 720 manat təşkil edir.
Yerli icra hakimiyyəti başçısının şöbə müdirlərinin maaşı Gəncə və Sumqayıtda 460 manat, əhali 100 min nəfərdən çox olan rayonlarda 440 manat, əhali 50-100 min nəfər olduqda 430 manat, əhali 50 min nəfərdən az olduqda 420 manatdır.
İcra hakimiyyətlərində şöbə müdirlərinin müavinləri Gəncə və Sumqayıtda 385 manat, əhali 100 min nəfərdən çox olduqda 380 manat, əhali 50-100 min nəfər olduqda 375 manat, əhali 50 min nəfərədək olduqda 370 manat məvacib alır.
Sektor müdiri, baş mühasiblərin maaşı yerli icra orqanlarından asılı olaraq 325-340 manatdır. İcra başçısının köməkçisi və baş məsləhətçi üçün 300-315 manat,böyük məsləhətçi üçün 295-310 manat, aparıcı məsləhətçi üçün 290-305 manat,məsləhətçi üçün isə 285-300 manat əmək haqqı müəyyən edilib.
İcra başçılarının özlərinə gəldikdə isə onlar 900-1000 manat arası maaş alır.
Dövlət Qulluğu Komissiyasından verilən məlumatda Bakı Şəhər İcra Hakimiyyətinin işçilərinin maaşı ilə bağlı da məlumatlar öz əksini tapıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1-ci müavininə aylıq 1200 manat, müavinlərinə 1150 manat, aparat rəhbərinə 940 manat məvacib təyin edilib.
Bakı şəhər İcra Hakimiyyətində təminedici şöbənin müdiri üçün 870 manat,yardımçı şöbənin müdiri üçün 760 manat, təminedici şöbənin müdir müaviniüçün 750 manat, yardımçı şöbənin müdir müavini və rəhbərin köməkçisi üçün 720 manat maaş müəyyən edilib.
Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının birbaşa tabeliyində olan orqanların rəhbərlərinin (Reklam, Nəqliyyat, və s. şöbələr) maaşı isə 540 manatdır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatında sektor müdiri, baş mühasib 580 manat, baş məsləhətçi 530 manat, böyük məsləhətçi 520 manat, aparıcı məsləhətçi 510 manat, məsləhətçi 500 manat alır.
Hacıbala Abutalıbovun maaşı isə 1450 manat göstərilir.

Göründüyü kimi, icra başçıları orta statistik azərbaycanlı ilə müqayisədə yüksək əməkhaqqı alsalar da, sahib olduqları var-dövlətlə müqayisədə onların aldıqları qəpik-quruş hesab edilməlidir. Bu da həmin var-dövlətin xalqdan oğurlandığını sübut etmiş olur...

FƏRİD
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar