Oğurluq pullarla ABŞ-da mülk alanlar ifşa olunacaq

19-01-2016, 23:11   

“Çirkli pullar”ını daşınmaz əmlakla “yuyanlara” ağır zərbə; Proses Azərbaycanın məmur-oliqarxlarını da əhatə edə bilər

Bundan sonra «çirkli pulların» yuyulması məqsədilə ABŞ-da bahalı əmlak almaq mümkün olmayacaq. Buna qədər alınan əmlakların həqiqi sahibləri isə «gün işığına» çıxarılacaq.

ABŞ Maliyyə Nazirliyi bu məqsədlə yeni plan hazırlayıb. Prosesə ilk olaraq Nyu-Yorkun məşhur Manhettan bölgəsindən və Floridanın cənubundakı Mayami dairəsindən başlanılacaq. Araşdırmanın ilk mərhələsi bu il martın 1-dən avqustun 27-dək davam edəcək. Nəticələrdən asılı olaraq ABŞ-ın başqa iri şəhərlərində də anoloji yoxlamaların aparılıb-aparılmamasına qərar veriləcək.


Gizli hiylə: əmlak 3-cü şəxslərin adına alınır

Nazirliyin məlumatına görə, ABŞ-da evlərin 78 faizi kredit yolu ilə alınır. Ona görə bundan sonra ipoteka xidmətləri göstərən maliyyə qurumlarının da üzərinə müştərinin kimliyini təsdiq etmək öhdəliyi qoyulacaq.

Əmlakı nağd yolla alanlara gəlincə, onların bir çoxunun öz kimliyini vasitəçi şirkətlər hesabına gizlətdiyi bildirilir.

«Onlar öz anonimliklərini indiyə qədər qoruya biliblər. Əmlakı əsasən şirkətlərin, məhdud məsuliyyətli cəmiyyətlərin, vəkillərin, qohumlarının və digər üçüncü şəxslərin adlarına alıblar. Ehtiyat edirik ki, ayrı-ayrı ölkələrdə cinayət yolu ilə varlananlar ABŞ-da daşınmaz əmlak – mülk və mənzillər alıb, bu yolla «çirkli pulları» yumağa çalışırlar» – deyə, ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətləri şöbəsinin rəhbəri Cennifer Şeski Kalveri bildirib.



Milyonluq mənzillər

Nazirlik Mayamidə 1, Manhettanda isə 3 milyon dollardan baha olan evlərin həqiqi sahiblərini axtaracaq.

Kalverinin sözlərinə görə, Birləşmiş Ştatlarda «çirkli pulların» ən çox dövr etdiyi bölgə Mayamidir.

Yerli «Miami Herald» qəzeti yazır ki, ispaniyalı narkobaron – iki il öncə 150 il həbs cəzası alan Alvaro Lopes Tardon məhkum edilməmişdən əvvəl Florida sahillərində milyon dollarlıq əmlak almaqla «çirkli pullarını» yuyub.

EWM şirkətinin rəhbəri Ron Şaffeld deyir ki, ABŞ hökumətindən həqiqi kimliyini gizlədən mülkiyyətçilər arasında dürüst adamlar da var. Onlar pullarını cinayət yolu ilə qazanmayıblar və gizələdəcək heç nələri yoxdur. Sadəcə olaraq onlar qapısının önünə adamların yığışmasını istəməyən dürüst aktyorlar, idmançılar, siyasilərdir. Və adlarının ictimailəşməsini istəmirlər.



Ehtiyat paraşüt

«New York Times» ABŞ Maliyyə Nazirliyinə istinadən yazır ki, Manhettandakı bahalı evlərin həqiqi sahiblərinin üzə çıxarılması planının hazırlanmasına medianın ötən ilin əvvəlindən bu məsələni gündəmə gətirməsi təkan verib.

Belə media qurumlarının başında «New York Times» qəzeti gəlir. Qəzetin yazdığına görə, məsələn, Nyu-York bir çox zəngin ruslar üçün ehtiyat paraşüt və kassa rolunu oynayır: «Öz ölkələrində narahatlıq və ya təhlükə hiss edənlər üçün Nyu-York rahat eniş yeri sayılır. Baxmayaraq ki, ilin əksər vaxtları bu mənzillərdə heç kim yaşamır. Onlar boş və qaranlıq olurlar. 2013-cü ildə Nyu-Yorkun o vaxtkı meri, milyarder Maykl Blumberq buna sevincli şəkildə münasibət bildirmiş və demişdi ki, bütün rusiyalı milyarderləri razı salıb Nyu-Yorka gətirsələr, çox yaxşı olar».

Təmtəraqlı Time Warner Centre

Məsələn, «New York Times» silsilə araşdırmalarında onu da üzə çıxarıb ki, Mərkəzi Parkın iki addımlığında olan təmtəraqlı Time Warner Center (TWC) kompleksi rusiyalı bir zənginə məxsusdur. Vaxtilə Rusiya maliyyə nazirinin müavini olmuş Andrey Vavilovun bu kompleksdə 37,5 milyon dollarlıq əmlakı var. Komleksdəki mənzillərin əksəriyyəti vasitəçi şirkətlərin əli ilə alınıb.

Qəzet araşdırıb ki, Time Warner Center-da keçmiş sovet respublikalarından olan 20 nəfərin əmlakı var. Onlar buradan ümumilikdə 200 milyon dollarlıq əmlak alıblar. Postsovet ölkələrindən olan müştərilərin sayının 20-dən daha çox olduğu ehtimal edilir. Sadəcə olaraq qalanları həqiqi kimliklərini çox yaxşı gizlətdikləri üçün onları müəyyən etmək olmur: «Sakinlər deyir ki, kompleksdəki 63V nömrəli evin sahibi rusdur. Lakin onun adını bilmirlər. Ev rəsmi olaraq «Daloa Group Holdings»in adına alınıb. Müştərinin gerçək kimliyini isə üzə çıxarmaq mümkün olmayıb. Vaxtilə Rusiyadakı dövlət müəssisələrdən birində vitse-prezident vəzifəsini tutan Oleq Baybakov bu kompleksdən 3 mənzil alıb. Onlardan birini 2008-ci ildə 11 milyon dollara satıb. Mənzili alan da rus olub. «Ef Property Management»in adına alınan mənzil 2014-də yenidən satılıb. Amma bu dəfə 18 milyon dollara.

2010-cu ildə rus biznesmen Vitali Malikinin adı ilə bağlı şirkət kompleksdən 15,65 milyonluq ikimərtəbəli ev alıb».



Qapalı bilgilər

ABŞ Maliyyə Nazirliyi bildirir ki, planın icrasına başlayan kimi, əmlak alqı-satqısında iştirak edən sığorta şirkətləri öz imkanları daxilində həqiqi ev sahiblərinin kimliyini müəyyən etməli və bu barədə hökumətə məlumat verməlidilər. Hökumət bu adları hüquq-mühafizə orqanlarındakı qapalı bilgilər bazasında saxlayacaq. Onu da qeyd edək ki, ABŞ qanunlarına görə, əmlakda ən azı 25 faizlik payı olan şəxs onun sahibi sayılır.

Əmlakçılar narazılıq edir ki, yeni qaydalar onların işinə ciddi zərbə vuracaq. Çünki müştərilərin çoxu istəmir ki, onların ABŞ-da bahalı əmlak sahibi olmasından öz ölkələrində kimlərsə xəbər tutsun.

Bəzi əcnəbilər isə ehtiyat edir ki, bu məlumatın ictimailəşməsi onlarla ölkələrinin vergi orqanları arasında problemlər yarada bilər.

Əslində isə onların bir çoxunu bir məsələ narahat edir – o da cinayət yolu ilə qazanılan «çirkli pullar» və onların necə «yuyulduğunun» ifşa olunması…

Gültəkin
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar