«Cənab prezident, yüzdən artıq müraciətim sizə çatdırılmır, yoxsa sizin sözünüz bu ölkədə keçmir?»

22-01-2016, 10:01   

«Cənab prezident, yüzdən artıq müraciətim sizə çatdırılmır, yoxsa sizin sözünüz bu ölkədə keçmir?»
Qusar sakini Maksim Ağakişiyevin əmlakı altı il əvvəl qəsdən məhv edilib. Amma bu günə qədər bu əməli törədənlər cəzalandırılmayıb. Illərdir bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edən Qusar sakini indi də dövlət başçısından kömək istəyir. O, Ilham Əliyevə ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Maksim Ağakişiyev yazır ki, 25 yanvar 2010-cu ildə bağ sahəsi talan olunub:

“Konkret adamlar əlbir olub, bağımdakı 1700 meyvə ağacını qırıblar. Bu fakt üzrə 15 fevral 2010-cu ildə Qusar rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) maddəsilə cinayət işi başlanıb. Lakin cinayət işi obyektiv araşdırılmayıb. Bununla əlaqədar müvafiq qurumlara 470 şikayət məktubu, 180 teleqram göndərməyə məcbur olmuşam.


Üç dəfə Mehriban Əliyevaya, 9 dəfə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, 3 dəfə baş prokuror Zakir Qaralova, Kəmaləddin Heydərova, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova və digər məmurlara müraciət etmişəm. Lakin heç bir nəticəsi yoxdur. Bunun səbəbi isə mənə qarşı törədilmiş cinayətdə əsas rol oynamış şəxslərdən Sabir Fərzəliyevin yüksək səviyyədə himayə olunmasıdır.

Cənab prezident! Mən də bir sahibkar olaraq, mən halal zəhmətimlə bolluq yaratmaq istəmişəm. 4 hektar bağımdakı 1700 ağacı dibindən kəsən, ağaclara qarşı terror törədənlər xalqdan, dövlətdən nə istəyirlər?! Niyə bu qədər özbaşınalıq, harınlıq edirlər?!

Heydər Əliyev həmişə deyərdi: “Bir ağac kəsmək, qolumu kəsmək deməkdir”.

Cənab prezident, təkcə sizə yüzdən artıq müraciətim olub. Bu müraciətlər sizə niyə çatdırılmır? Çatdırılırsa, sizin sözünüz bir padşah olaraq, niyə bu ölkədə keçmir?

Cinayət işinin obyektiv araşdırılması üçün göstəriş verməyinizi xahiş edirəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.