Sumqayıtda yaşayan Zalovlar ailəsinin mənzilinin qapısını yanvarın 15-də gecə döyən hüquq-mühafizə orqanları əməkdaşları qızları Könül Zalovanın istirahət mərkəzlərindən birində qətlə yetirildiyini xəbər verirlər. Ailə üzvlərini sarsıdan bu xəbər ertəsi gün mətbuatın gündəmini zəbt edir. Qətllə bağlı müxtəlif versiyalar həm sosial şəbəkələrdə, həm də elektron və yazılı mediada müzakirə mövzusuna çevrilir...
Lakin qətlin təfərrüatı, Könül Zalovanın Elməddin Əhmədov tərəfindən öldürülməsinin səbəbi tam aydın olmadı. Bu səbəbdən Publika.az-ın əməkdaşı Zalovların evində olub, neçə gündür geniş müzakirə edilən müəmmalı cinayətin təfərrüatlarını öyrənməyə çalışıb.
“Dedi, arvadımı hepatit olduğuna görə boşadım...”
Könül Zalovanın anası Fəridə Zalova deyir ki, qızı Elməddin Əhmədovla 2013-cü ildə tanış olub: “Könül BDU-nun jurnalistika fakültəsini bitirib. Əvvəllər işləyir, yaxşı maaş alırdı. Avtomobili də həmin vaxt almışdı. Maşını almaq üçün atası da maddi kömək etdi. Özünün şəxsi mənzili var, kirayəyə vermişdi.
Könül Elməddinlə 3 il əvvəl telefon mağazasında tanış olub. Bilirdim ki, Elməddinin anası əvvəllər müəllimə işləyib, atası vəfat edib.
Yenicə tanış olmalarından bir qədər sonra Elməddin küçədə qarşıma çıxdı. Ədəbsiz-ədəbsiz dedi ki, “sənin qızını istəyirəm, evlənəcəm, ona yaxşı baxacam”.
Öz həyatından danışdı. Dedi, bir dəfə evli olub boşanıb. Sən demə, Elməddin həmin vaxt bizi aldadırmış. Həyat yoldaşından hələ boşanmayıbmış, iş məhkəmədəymiş: “Boşanmalarının səbəbini soruşanda, cavab verdi ki, “arvadım hepatit idi”. Bundan sonra həyat yoldaşı barəsində nalayiq sözlər dedi. Sözünü kəsib dedim ki, “Elməddin, bəyəm həyat yoldaşı xəstə olanda onu boşayırlar? Bəs sənin azyaşlı uşağın var, ona kim baxacaq?”
Həyat yoldaşından boşanması bir yana, azyaşlı övladından imtina etmişdi. Dedim ki, yaxşı kişi olsaydın, elə öz uşağına baxardın”.
Buna görə ondan xoşum gəlmədi. Sonradan tanışlarından da eşitdim ki, yaxşı adam deyil. Bu üzdən onların görüşmələrinə, ailə qurmalarına razı deyildim. Lakin Elməddin əl çəkmirdi”.
“Əgər məndən ayrılsa, onu öldürəcəm...”
Fəridə Zalovanın sözlərinə görə, Elməddin onun mobil, ailənin ev telefonlarına dəfələrlə zəng edirmiş: “Qızdan əl çəkmirdi. Deyirdi, “xala, Könülə yaxşı baxacam, onu xoşbəxt edəcəm. Yox, əgər qız məndən ayrılsa, onu öldürəcəm”.
Könülün heç yerə getməsinə tərəfdar deyildi. Deyirdi, “evdən çölə çıxma”. Hədələyir, qorxudurdu. Dəfələrlə gecə həyətə gəlib, maşınının nömrəsini açıb götürmüşdü ki, qızım heç yerə gedə bilməsin. Qızım isə ona zəng edib deyirdi ki, maşının nömrəsini qaytar, gedəsi yerim var, anamı həkimə, uşağı gəzməyə aparacam”.
Müsahibim deyir ki, Elməddin qətldən 2-3 gün əvvəl də Könülü hədələyib: “Qızım axşam rəfiqəsigildən gəlirdi. Elməddin zəng edib hədələdi ki, maşının nömrəsini açıb götürəcək.
Qızım gecə tələsik avtomobilini qarajımıza aparmağa çıxdı. Sən demə, oğlan həyətdə onu güdürmüş. Könül zəng edib həyəcanla dedi ki, “mama, Elməddin dalımca gəlir”.
Özünü evə zorla, təngnəfəs çatdırdı. Yaman qorxmuşdu. Elməddin ona çata bilməmişdi...”
“Könülə 15 min manat borcu vardı...”
F.Zalova qızına bir neçə dəfə təklif edib ki, onu qarabaqara izləyən Elməddin barəsində polisə şikayət etsin: “Deyirdim, “qızım, o neçənci dəfədir, sənin maşınının nömrəsini oğurlayır. Gəl polisə şikayət edək”.
Amma Könül razı olmurdu ki, “ana, əgər Elməddini polisə versək, məndən aldığı pulları geri qaytarmayacaq. Qoy pulları alaq”.
Elməddin özü də qıza hədə-qorxu gəlirdi ki, pulları istəməsin.
Bir neçə dəfə qızımdan borc pul alıb. Deyib ki, “alverə başlayıram, Dubaydan telefon gətirəcəm, biznesə girişəcəm. İşimi qurtarandan sonra pulların hamısını qaytaracam”.
Bir dəfə də Moskvada yaşayan dayısının obyektində işləmək üçün bir qrup fəhləni Rusiyaya apardı. Onların yol xərclərini bizdən aldı. Könüldən hər fəhlə üçün 280 manat yol pulu almışdı”.
Qadının sözlərinə görə, Könül Elməddinə inanaraq dəfələrlə anasından, atasından və qardaşından borc pul alıb: “Ümumilikdə, 15 min manata qədər borc götürüb. Bütün bunlar bir yana, Elməddin son vaxtlar Könülün maşınını satmaq istəyirdi. Məqsədi avtomobilin pulunu ələ keçirmək idi.
Hər dəfə deyirdi ki, “borclarımı filan vaxt qaytaracam. 3-cü mikrorayonda evimiz var, onu satıb pulunuzu verəcəm”.
Vəd versə də, pulu qaytarmırdı. Hər dəfə də yeni bir bəhanə gətirirdi. Bu yaxınlarda eşitdim ki, evini satışa çıxarmayıb. Çox yalançı adamdı...
Qızımın qızıllarının bir hissəsini “Lombard”a qoyaraq pul götürmüşdü. Təxminən 8 min manat puldur. Borc kağızları qızımın avtomobilindən tapılıb”.
“Qızımın qızılları yoxa çıxıb...”
Anası bildirir ki, hər şey qızının Elməddinin ondan külli miqdarda pul alıb qaytarmamasına narazılıq etməsindən sonra başlayıb: “Son vaxtlar qızım da cana doymuşdu. Borclardan bezmişdi. Buna görə də son günlər neçə dəfə mübahisə ediblər. Könül ondan pulları istəyəndə Elməddin aldıqlarını qaytarmaqdan imtina edirdi.
Qızımla sonuncu dəfə yanvarın 13-də gecə saat 12-də telefonla danışdım. Doğum günümü təbrik etdi. Dedi, “ana, səhər evdə olacam. Sənin doğum gününü restoranlardan birində qeyd edərik”. Səsini sonuncu dəfə onda eşitdim.
Həmin gecə oğlu Fəridlə də telefonla danışdı. Dedi, “oğlum, nənədən muğayat ol, onu incitmə. Sən demə, Könül bir az əvvəl Fəridin müəlliməsi ilə də telefon əlaqəsi saxlayıbmış. Uşağın dərsləri ilə maraqlanıb, neçə qiymət almasını soruşub.
Bundan sonra oğlu ilə mesajlaşmağa başlayıb. Fəridə yazıb ki, “sabah saat 5-də (yanvarın 14-də saat 17-də- müəll.) evdə olacam”. Saat 5 oldu, amma Könül gəlib çıxmadı...
Gecə saat 11-də narahat oldum. Dedim, yəqin nəsə oldu ki, gəlib çıxmadı. Sən demə, son mesajları yazan Könül yox, Elməddinmiş...
... Ayın 15-nə keçən gecə evin qapısı döyüldü. Gələnlər polislər idi. Dedilər, “qızınızın meyiti iki gündür morqdadır”.
Gedib gördük Könülün meyiti meyitxanadadır. Meyiti yarmışdılar, qan içində idi. Üstündəki qızıllar - boyunbağı, sırğası, qolbağı yox idi...
Elməddin qızımı öldürdükdən sonra açarla avtomobilin qapısını açaraq bəzi sənədləri götürüb. Onların kəbini vardı, kəbin kağızı da yoxa çıxıb.
“Retro” otelinin administratoru ilə söhbət etdik. Bildirdi ki, hadisə yanvarın 13-dən 14-ə keçən gecə baş verib.
Elməddin yanvarın 14-də səhər oteldən çıxıb. Administratora sərhəd buraxılış məntəqəsinə getdiyini deyib. Bildirib ki, onunla gələn qız oteldə qalacaq: “Könül yatıb, yuxudan duranda, nə lazım olsa verin, yeməyini gətirin”.
Fəridə xanım deyir ki, qızı bir dəfə ərdə olub boşanıb. Bu evlilikdən 12 yaşlı oğlu var.
Qadının sözlərinə görə, Elməddinin Könülün avtomobilinin qapılarını açaraq orda təxminən 5 dəqiqə qurdalanmasını mühafizəçi də görüb: “Beş dəqiqə sonra oranı tərk etmiş Elməddin hər saatda bir dəfə otelə zəng edərək Könülü soruşub. Beləcə, fasilələrlə bir neçə saat otelə zəng vurub. Onun bu müddətdə hara getdiyi məlum deyil.
Qızımı öldürdükdən sonra onun telefonunu götürüb, şəkilləri internetdə yayıb ki, övladımı ləkələsin.
Otelin mühafizəçiləri Könülün uzun müddət oyanmamasından, otaqdan çıxmamasından şübhələniblər. Qapını döyəndə televizorun səsini eşidiblər. Həyətdən otağın arxa pəncərələrinin açıq olduğunu görəndə isə şübhələniblər. Yenə qapını döyüblər. Cavab gəlməyəndə ehtiyat açarla qapını açıblar. Bu zaman Könülün öldürüldüyünü görüblər.
Dərhal təcili yardıma və polisə zəng vurublar.
Elməddin Könülü dəsmalla boğub. Kondisioneri də söndürərək pəncərələri açıb ki, meyitin iyi ətrafa yayılmasın. Televizorun da səsini qaldırıb ki, guya qız hansısa verilişi izləyir...”
F.Zalova Elməddinin bu qətli tamah məqsədilə törətdiyini deyir: “O, Könülü qətlə yetirib ki, pulları qaytarmasın. Saxlanılan zaman üstündən 5 şəxsiyyət vəsiqəsi çıxıb. Bir şəxsiyyət vəsiqəsini isə oteldən tapıblar. Bununla yanaşı, Elməddin aliment ödəmədiyinə görə son günlər axtarışa verilibmiş”.
“Anamın mesajlarını “ş” hərfindən tanıyırdım...”
Həmsöhbətimiz bildirir ki, artıq qızının nəşini Bakıya gətiriblər. Meyitə baxış zamanı xəsarətlər aşkarlanıb: “Könülün bədəninin bir hissəsi gömgöy idi. Əllərinin içi qaralmışdı. Meyit yuyulanda xeyli qan aşkarlandı. Qızmı yanvarın 16-da dəfn etdik”.
F.Zalova ilə söhbətimizdən onu da öyrəndik ki, Könül Zalovanı qətlə yetirən Elməddin Əhmədov izi itirmək üçün onun oğlu Fəridə və rəfiqəsinə mesajlar yazaraq hər şeydən xəbərsiz olduğunu iddia edib: “Elməddin qızımın telefonu ilə bizə mesaj yazdı ki, hardasınız? Cavab verdik ki, Qubadayıq, meyiti aparmağa gəlmişik.
Elməddin izi itirmək üçün yazdı ki, yalan deyirsiniz, Könül ölməyib. Gələcəm həyətə və hər şeyi yoxlayacam. Özünü ağılsızlığa qoymuşdu. Könülün rəfiqəsilə telefonla danışanda qızımı vurduğunu etiraf edib. “Dalaşdıq, Könülün saçından tutub”,- bunu deyərək telefonu qapadıb”.
Könül Zalovanın oğlu Fərid Teymurzadə deyir ki, anası və Elməddinlə tez-tez gəzməyə gedirmişlər. Sonuncu dəfə də ötən il dekabrın 27-də Şahdağa dincəlməyə gediblər. Bu il yanvarın 12-də isə anası rayona onsuz gedib. Onunla sonuncu dəfə də elə yanvarın 13-də gecə saat 1-ə işləmiş yazışıblar: “Həmin gün axşam telefonda oyun oynayırdım. Anam mesaj yazıb soruşdu ki, neynirsən? Cavab yazdım ki, telefonda oyun oynayıram. Yazdı ki, gecdir, yat, telefonla çox oynama, gözlərin kor olar.
Bundan sonrakı mesajları isə anam yox, Elməddin yazırmış, amma mən elə bildim, yazan anamdır...
Səhər yazdım ki, “evə nə vaxt gəlirsən?” Cavab verdi ki, “axşam saat 5-də evdəyəm”.
Lakin gəlib çıxmadı. Axşam yenə mesaj yazdım ki, “hardasan, gəlirsən?” Cavab yazdı ki, gəlir.
Bir az sonra telefonun kodunu soruşdu. Mən də kodu yazdım. Şəkillər olan qovluğun kodunu istəyirdi. Təəccübləndim ki, axı anam niyə öz telefonunun kodunu məndən soruşur? O, kodu bilirdi axı. Şübhələrim artdı. Birdən şriftlərə diqqət yetirdim. Axı anam həmişə mesajlarda “ş” hərfini “s” ilə yazırdı. Amma bu mesajlarda “ş” hərfi “w” ilə yazılmışdı.
Başa düşdüm ki, mesajı yazan anam deyil, Elməddindir. Ona yazdım ki, Elməddin, mənə mesaj yazan sənsən, anam deyil. Bundan sonra heç bir cavab yazmadı...”
Anar Tağıyev