Bakı Apellyasiya Məhkəməsində general Məhərrəm Əliyevin qohumu İsa Əzizovla bağlı məhkəmə prosesinin təfərrüatları məlum olub. Əməkdaşlarımız xəbər verir ki, İsa Əzizovun Bakıda olduğu təsdiqlənib və o məhkəmə qarşısına çıxarılıb.
Hakimin “törətdiyiniz əmələ görə özünüzü təqsirli bilirsinizmi?” sualına İsa Əzizov “bəli” cavab verib. Prosesi izləyən əməkdaşımız xəbər verir ki, İsa Əzizov yanacaqdoldurma məntəqəsinin işçisini döyərkən içkili olduğunu deyib və bildirib: “Gərək o da məni başa düşəydi”.
İ.Əzizov deyib ki, İqtisad Universitetində oxuduğu üçün barəsində çıxarılan 30 sutkalıq inzibati həbs qərarının dəyişdirilməsini xahiş edir.
Hakim İ.Əzizovun barəsində anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, o, 1992-ci ildə Şərur rayonunda anadan olub. Bakıxanov qəsəbəsində yaşayır. 2012-ci ildə quldurluq cinayəti törətdiyi üçün həbs olunub. Barəsində 3 il 6 ay həbs cəzası çıxarılıb. Lakin cəmi 3 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
Hakim İ.Əzizovun apelyasiya şikayəti ilə bağlı qərar çıxarmaq üçün müşavirəyə yollananda əməkdaşımız fürsətdən istifadə edərək generalın qalmaqallı qohumu ilə ünsiyyət qura bilib. İsa Əzizovdan az əvvəl onun Meksikada olduğunu göstərən foto haqda soruşub. İ.Əzizov isə cavabında deyib ki, ömründə heç vaxt Meksikada olmayıb. İsa Əzizov bildirib ki, həmin fotonu paylaşan əmisi oglu Orxan Əzizovdur, O Meksikada yaşayır.
Hakim müşavirədən sonra qərarı elan edib və İ.Əzizovun barəsində çıxarılmış inzibati həbs qərarını qüvvədə saxlayıb.
***
Bu dəqiqələrdə Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə general Məhərrəm Əliyevin qohumu (bacısı nəvəsi), Bakının Tiflis prospektindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsində quldurluq və xuliqanlıq əməli törədən İsa Əzizovun işi üzrə məhkəmə prosesi keçirilir.
Virtualaz.orq məhkəmədən xəbər verir ki, proses qapalı keçirilir, jurnalistlərin içəri keçməsinə icazə verilməyib.
Xəbər verildiyi kimi İsa Əzizovun və həmin cinayətə görə saxlanılan Mahir İsgəndərovun barəsində Nəsimi rayon məhkəməsi 30 günlük inzibati həbs qərarı çıxarıb. Lakin Əzizov və İsgəndərov bu qərardan apelyasiya şikayəti veriblər. Əslində isə inzibati həbs qərarı da icra olunmayıb və generalın qohumunun Meksikaya qaçdığını göstərən fotodəlil var.
Müxbirimiz xəbər verir ki, məhkəmədən İsa Əzizovla Mahir İsgəndərovun prosesə qatılıb-qatılmadıqları barədə heç bir informasiya vermirlər. Bundan əvvəl Nəsimi rayon polis idarəsi İsa Əzizovun azadlığa buraxıldığını təsdiqləmişdi. Baş prokurorluq isə sorğumuza cavab olaraq bildirib ki, bu vəziyyəti araşdırır və əlavə informasiyalar veriləcək.
Beləliklə, situasiya olduqca qaranlıq və anlaşılmazdır: general Məhərrəm Əliyevin qohumu haradadır-müttəhimlər kürsüsündə, yoxsa Meksikada?
***
Bakının Tiflis prospektində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin işçilərini döyən və onlara silah çəkən idmançı İsa Əzizov ötən gecə Meksikaya qaçıb.
Avropa.info müsavat.com-a istinadən xəbər verir ki, bu fakt polisin azadlığa buraxdığı İsa Əzizovun yaxın qohumu Orxan Əzizovun Facebook sosial şəbəkəsində paylaşdığı fotodan məlum olur.
Fotodan görünür ki, İsa Əzizov təxminən 10 saat öncə Mexikonun beynəlxalq aeroportunda təyyarədən enib, onu O.Əzizov qarşılayıb və onlar birlikdə Venustiano Karranza şəhərinə gediblər. Şəkildə sükan arxasında oturan şəxsin İsa Əzizov olmasına şübhə yoxdur. Fotonun çəkildikdən dərhal sonra, elə aeroportdaca sosial şəbəkəyə yükləndiyi anlaşılır.
Bundan əvvəl APA iddia etmişdi ki, Nəsimi rayon məhkəməsi İsa Əzizovun və onunla birlikdə saxlanılan Mahir İsgəndərovun barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarıb. Təqsirləndirilənlər isə apelyasiya şikayəti verib. Lakin virtualaz.org hüquq-mühafizə orqanlarından dəqiqləşdirib ki, İsa Əzizov saxlanılandan cəmi bir neçə saat sonra polisdən buraxılıb və onun ötən gecə Bakını tərk etməsi təşkil olunub. Belə görünür ki, İsa Əzizovun növbəti bespredeli ətrafında yaranan böyük ictimai rezonansla bağlı olun bir müddət ölkədən kənarda olması məsləhət bilinib.
***
Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar inzibati qaydada cəzalandırılıblar.
APA-nın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti veriblər.
Qeyd edək ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.
Saxlanılanlardan İ. Əzizov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qohumudur.