Ötən gecə Bakıda törədilmiş qətlin təfərrüatları məlum olub. Musavat.com-un məlumatına görə, kişi sevgilisini boğaraq öldürüb.
Bakı şəhər sakini Vahid İmamverdi oğlu Ələsgərova məxsus Binəqədi rayonu İlqar Cümşüdov küçəsi ev 15A, mənzil 42-də Xırdalan şəhər sakini 39 yaşlı Sədaqət Əsgər qızı Əsgərovanın məftillə boğulmuş meyiti tapılıb. Cinayətin baş verən ünvana dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə yeri və meyit müayinə olunub. İstintaq üçün zəruri olan ekspertiza nümunələri götürülüb.
Şahid dindirilmələri zamanı məlum olub ki, Sədaqət Əsgərovanı onunla qeyri-rəsmi münasibətdə olan Qədimov Fəhmin Etibar oğlu öldürüb. Fəhmin cinayəti törətdikdən sonra öldürdüyü qadının avtomobilinə oturaraq Bakıdan qaçıb. Lakin çox keçmədən onu Müşfiqabad DYP postunda saxlayıblar.
İstintaqa ifadə verən Fəhmin cinayət törətdiyi mənzili 3 gün əvvəl Sədaqət Əsgərova üçün kirayə tutduğunu deyib. Hadisə günü Sədaqətlə aralarında mübahisə yarandığını deyən Fəhmin qadının onun ünvanına nalayiq sözlər işlətdiyini bildirib. Bu səbəbdən də Sədaqəti məftillə boğaraq öldürdüyünü etiraf edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, Fəhmin Qədimov ailəlidir. Sədaqət Əsgərovanın isə 18 yaşlı oğlu var.
Musavat.com