Balakəndə tükürpədici həbsin - Təfərrüatı
Baləkən sakini Salaviddin Əbəçiyev Cumaəli oğlu Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Vətəndaş ailəsinin, xüsusən də oğlunun başına gələn dəhşətli olaylardan bəhs edərək, tükürpədici faktlar açıqlayıb.
Balakəndə tükürpədici həbsin - Təfərrüatı/Foto
Miq.az-a daxil olan şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Yanvar ayında Balakən rayonun Katex kəndində 8 tövlə yandırılıb, bir neçə ev qarət edilib. Lakin nədənsə KİV bu hadisələri işıqlandırmayıb. Görəsən, niyə adi, mənasız bir məlumatı televizor ekranlarına çıxararaq bütün dünyaya car çəkən KİV buna susdu?
Kəndimizdə baş verən bu cinayətlə əlaqədar kəndimizin cavanlarını da kömək məqsədi ilə bu işə cəlb etmişlər. 1 fevral 2016-cı il tarixdə saat 18:30 radələrində izahat almaq məqsədi ilə polis rəisinin müavini Nicat Vəliyev və başqaları oğlumu polis şöbəsinə apardılar. Məni də özləri ilə apararaq dedilər ki, ağsaqqal, oğlunun izahatını alıb səninlə birlikdə geri gətirəcəyik.
Lakin şöbəyə çatanda mənim qabağımı kəsərək: "Sən hara, çölə çıx”, - dedilər. Yarım saatdan sonra çölə çıxıb mənə dedilər ki, oğlun hər şeyi etiraf etdi. Oğlumu o gündən bu günə görə bilmirik. Ertəsi gün rəis Elnur Həsənov bizə dedi ki, axşam sizi saat 18:00-da görüşdürəcəm. Gecə saat 24:00-da xalasını içəri oğlumla görüşməyə apardılar. Xalası içəridə olarkən rəis oğlumun yanına girərək bir müddətdən sonra eşiyə çıxdı. Rəisin əvvəldən oğlumun yanına girib bir müddət orada qalmasının səbəbi nə idi görəsən?
Oğlumu 7-8 polisin əhatəsində xalasının qabağına gətirdilər. Xalası soruşanda ki, Fəxri sənin bu işdə əlin varmı? O, könülsüz, çox çətinlikdə: "Sabahı gözlə, hər şey yaxşı olacaq”, - deyib və hönkürtü ilə ağlayıb. Elə bununla da görüş bitdi. Hər şeydən ümidimiz kəsildiyi an vəkilə müraciət etdik.
Balakəndə tükürpədici həbsin - Təfərrüatı/Foto
Fəxri Əbəçiyev
Bunu da qeyd edək ki, vəkilimiz şöbədə olan zaman vəkili şöbədə gözlətmiş, oğlumu isə arxa qapıdan xəlvətcə özlərinin vəkili ilə güya cinayət törətdiyi evə çəkilişə aparıblar. Nəzərənizə çatdırıram ki, çəkilişə gedən zaman oğlum: "Mən heç nə etməmişəm, heç nə deməyəcəm", - deyəndə, rəis Elnur Həsənov yolda maşını saxladaraq: "Fəxri, uzun gecə var, bizim dediklərimizi deməsən, səni (etik-normaları gözləyərək buradakı ifadəni dərc etmirik. red). ...Səni ataram”, demişdi. Çəkilişə gedən zaman ev sahiblərini evdən uzaqlaşdırmış, çəkiliş zamanı özləri və bu işə özlərinin cəlb etdiyi vəkil iştirak etmişdir.
Bu qədər də haqsızlıq olarmı?
Bu qədər də haqsızlıq olarmı? Əgər mənim oğlum həqiqətən də, oğru idisə, niyə çəkilişi belə məxfi aparıblar? Niyə kənd əhalisini çağırıb oğrunun kim olduğunu, evlərə necə girdiyini göstərməyiblər? Əksinə kənardan baxmaq istəyənləri belə oradan uzaqlaşdırmışlar. Müstəqil Azərbaycan Dövlətinin müstəqil vətəndaşlarıyıq. Biz kasıb təbəqənin övladlarının haqları beləmi tapdalanmalıdır? Poladdan möhkəm qayda-qanunlarımız var. Lakin ucqar rayon olduğuna görəmi Balakən RPŞ-ə çatmayıb. Bu özbaşınalıqların səbəbi nədir, görəsən? Əsil cinayətkarları kənarda qoyub günahsız insanları təzyiqlərlə, işgəncələrlə etmədiyi cinayəti boynuna qoymaqdırmı Balakən RPŞ-nın qanun və qaydaları?
Bunu da qeyd edim ki, bu cinayətlə bağlı kəndimizdən üç nəfər saxlanılmış, onlar Əhmədov Əziz, oğlum Əbəçiyev Fəxri və Bullayev İsmayıldır.
Qeyd edim ki, oğlum şöbədə olarkən Əziz Əhmədov ilə oğlumu üzləşdirmişdirlər. Oğlum deyir, ata, Əziz mənimlə üzləşəndə elə bir bir vəziyyətdə idi ki, o zəif Əziz döyülməkdən çox pis vəziyyətdə idi, dili zornan söz tuturdu.
Polis şöbəsində müəmmalı ölüm
Xatırladım ki, Əhmədov Əziz bu cinayətdə təqsirli bilinərək tutulmuş və xəstəxanada guya intihar edib deyilən şəxsdir.
Nəzərinizə çatdıraq ki, bu cinayətdə təqsirli bilinən Əhmədov Əziz haqqında ictimaiyyətə yetərincə məlumat verilib, onun müəmmalı ölümü isə hələ də qaranlıq olaraq qalır. Ümidvarıq ki, bu qaranlıq məqamlar tezliklə düzə çıxacaq və əsl cinayətkarlar öz cəzasını alacaqlar.
Saxlanılanlardan Bullayev İsmayıl Əhmədov Əzizin ölümündən sonra azadlığa buraxılmışdır. Oğluma isə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu hadisələrlə bağlı bütün aidiyyatı orqanlara müraciət olunmuş, şikayət ərizələri yazılmışdır. Hər yerə müraciət etməyimizə baxmayaraq, bizə məlumat verilir ki, o cinayəti boynuna alıb.
Mən xahiş edirəm ki, aidiyyatı qurumlar araşdırma aparsınlar, görsünlər və bu cinayəti oğlum necə və hansı şəraitdə, hansı şərtlər altında boynuna alıb?
Hər insan iradəli və dözümlü ola bilməz. Hər kəsin zəif tərəfləri var. Axı belə işgəncələrə kim dözə bilər?
Hörmətli Prezidentimizin məmur özbaşınalıqlarına qarşı çıxışlarının dəfələrlə şahidi olmuşuq. Prezidentimiz xalqımızın asayişini hüquq və müdafiələrini yerli məmurlara həvalə edib. Yerli məmurlar Prezidentimizin etimadını beləmi doğruldurlar? Düşünürəm ki, Prezidentimiz insanlara qarşı edilən bu haqsızlıqlardan xəbərsizdir. İnşallah bütün bunlardan Prezidentimizin də gec-tez xəbəri olacaq və bu məmur özbaşınalıqlarına son qoyulacaq.
Ümidvaram ki, bu barədə ölçü götürüləcək və daha heç kimin günahsız övladları nahaqdan yandırılmayacaq.
Bunu da qeyd edim ki, mən şöbənin qabağında durarkən kənardan Balakən rayon istintaq şöbəsinin rəisi (bildiyim qədər) yanında zərəçəkən Zamir Baydarovla gəldiyini gördüm. Şöbənin həyətində təsadüfən eşitdim ki, həmin adam Zamir Baydarova deyir ki, Fəxrinin üzünə dur. Biz sənə dediklərimizi de. Bu zaman şöbədən dedilər ki, o kənarda duran Fəxrinin atasıdır. Bunu eşidəndə Zamir Baydarovu tələsik içəri basdılar. Yəni Balakən RPŞ-nın işçiləri bu qədərmi vicdanlarını itirib, bu qədər azqınlaşıb ki, belə çirkin əməllərə əl atırlar.
Ümumiyyətlə, bu hadisələr əvvəlindən çox müəmmalı başlayıb. Qaranlıq məqamlardan biri də budur ki, bu işdə şübhəli bilinən 3 eyni kənd sakini bir-biri ilə heç bir əlaqəsi olmayan şəxslər olmuş, bir-biri ilə yaxınlıqları belə olmamışdır. Onu da etiraf edirəm ki, oğlum bir dəfə də belə haqsızlığın qurbanı olub. Həyatında baş verən anlaşılmaz bir hadisə ömür boyu onun həyatına ləkəmi olmalıdır? Səhvi olmayan insan yoxdur. İnsan bir dəfə məhbus həyatı yaşadığı üçün kənddə baş verən bütün hadisələr onun boynunamı qoyulmalıdır? Əgər oğlum cinayətkardırsa, nəyə görə evimdə axtarış aparılan zaman heç bir əşya dəlil tapılmadı?
"Səni də qardaşının dalınca göndərərəm”
Bunu da qeyd edim ki, evimdə axtarış aparılan zaman polis işçilərinə dedim:
Bunu dedikdən sonra həyətimizə girən çoxsaylı polislərdən əsər-əlamət qalmadı. Mənim bu sözümdən niyə polislər belə təşvişə düşüb evdən uzaqlaşdılar? Onların niyyətləri nə idi görəsən? Evə üç nəfər polis işçisi daxil oldu və təbii ki, evimizdən heç nə tapılmadı. Ümumiyyətlə, əgər təqsirləndirilən bu iki şəxs oğlum Fəxri və mərhum Əhmədov Əziz, həqiqətən, cinayətkar idilərsə, ortada fakt və dəlillər vardırsa, bəs bu qədər pullar, qızıllar-maddi dəlillər hardadır?
Axtarışdan sonra şöbəyə getdik. Şöbənin həyətində polis işçilərindən biri (adını bilmirəm) mənə kobudluq edərkən qızım ona dedi ki, atam ürəyi xəstə adamdır, onun üstünə hücüm etmə! Bu zaman həmin şəxs qızıma: "Səni də qardaşının dalınca göndərərəm”, - dedi.
Deməli, Balakən RPŞ-nin hər bir işçisi istədiyi zaman istədiyi şəxsi günahlandırıb həbsxanaya göndərə bilərmiş. Axı Balakən RPŞ-də olan bu özbaşınalıqlarına nə vaxt son qoyulacaq? Sizə elə gəlmirmi ki, bu hadisələrin dalında daha ciddi nəsə var? Qaranlıq məqamlardan biri də budur ki, kəndimizdə bu qarma-qarışıqlıqlar nə məqsədlə törədilirdi? Bu cinayətin arxasında kimlər durur və məqsəd nə idi? Bu günahsız cavanların axı günahı nə idi?
Balakən rayon polis şöbəsinin işçilərinin qanunsuz hərəkətləri bununla bitmir. Vəkilimiz şöbədə oğlumla görüşərkən onun bədənində işgəncə faklarını görmüş, bununla bağlı təcili yardım çağırmış, lakin təcili yardım gəlincə nədənsə vəkildən xəbərsiz oğlum Fəxrini arxa qapıdan çıxararaq Şəki həbsxanasına aparmışıq dedilər. Fəxrinin tələsik şöbədən çıxarılmasının səbəbi nə idi? Əgər işgəncə verməmişdirlərsə, heçnədən qorxuları yox idisə nəyə görə təcili yardım gəlincə oğlumu şöbədən çıxartdılar? Oğlum şöbədə vəkilə demişdir ki, mən sizə həqiqəti deməyə qorxuram, çünki siz gedəndən sonra məni yenə döyəcəklər.
Bütün bura yazdıqlarım bu bir ay ərzində başımıza gələn haqsızlıqlar və dəhşətlərdir.
Mən oğlumu asan böyütməmişəm, özüm də II qrup əliləm, ürək xəstəsiyəm. Oğlumun günahsız yerə tutulması, oğru damğasının vurulması məni Sizə müraciət etməyə vadar etdi.
Əziz Prezidentimiz cənab İlham Əliyev, Sizdən xahiş edirəm ki, mənim səsimə səs verərək bu cinayətin düzgün araşdırılmasına şəxsən özünüz nəzarət edəsiniz.
Xalqın mənafeyini hər şeydən üstün tutan, daim xalqla bir olan ölkəmizin birinci xanımı Mehriban xanım! Sizə müraciət edirəm. Xahiş edirəm bizə mənəvi və hüquqi dəstək olasınız. Xahiş edirəm istintaqın şəffav və obyektiv araşdırılmasına kömək edəsiniz və bütün bu cinayətlərin də arxasında əslində nə durduğunu üzə çıxarasınız. Haqq ədalət Sizin əlinizdədir. Mən bir ata kimi qorxuram ki, oğlumun da taleyi mərhum Əhmədov Əzizin taleyi kimi müəmmalı olar...”
Xatırladaq ki, Yanvar ayında Balakən rayonun Katex kəndində bir sıra cinayətlər baş verib. Silsilə şəklində baş verən cinayət hadisələri ujas kinoları xatıraladıb lap.
Miq.az-a daxil olan şikayət məktubunda Bayramova Zərinənin adından daxil olan şikayətdə bildirilirdi ki, bir ayın içində camaatın evləri qarət edilir, tövlələr yandırılırdı. Yanvar ayı ərzində 6 tövlə yanmış, bir sıra evlər qarət edilmişdi. Evlərdən zinyət əşyaları və xeyli miqdarda pul qarət edilib. Miq.az-a şikayət məktubu göndərən Zarina Bayramova qardaşı Əhmədov Əzizin də Balakən polisində müəmmalı ölümündə adıçəkilən polis idarəsini günahlandırmışdı.