Paytaxtın Xətai rayonunun Həzi Aslanov küçəsi 1, mənzil 107-də yaşayan sakini Lətafət Həsənova aldadıldığını iddia edir. Bununla bağlı publika.az-a danışan sakin bildirib ki, o, bir müddət əvvəl “facebook”dakı “Lili.az” səhifəsində “Hermes” firmasının mallarının reklam olunduğunu görüb: “Mallar arasında olan şərflər xoşuma gəldi. Üç ədəd şərf sifariş verdim. Malları firmanın Fəridə adlı işçisindən “28 May” metrostansiyasının yaxınlığında 39 manata aldım. O, alqı-satqı ilə bağlı mənə hər hansı ödəniş sənədi vermədi”.
Şikayətçi deyir ki, bağlamanı evdə açanda şərflərin keyfiyyətsiz Çin malları olduğunu görüb: “Fəridə xanıma zəng edib, iradımı bildirəndə onun cavabı məni sarsıtdı: “bu qiymətə təbii ki, keyfiyyətsiz mal gətirilməlidir”.
Halbuki “facebook”dakı mallar fərqlidir. Fəridə xanım daha sonra mənə müdirin nömrəsini verərək, həmin şəxslə əlaqə saxlamağı məsləhət gördü. Onun verdiyi əlaqə telefonuna zəng etdim. Dəstəyi qaldıran şəxs dedi ki, şərfi götürəndə baxaydınız. Ondan nə üçün alıcıları aldatdıqlarını soruşdum. Cavabında bildirdi ki, aldanmazdınız. O, malları geri qaytarmaqdan imtina etdi. Dedi ki, gedin kimə şikayət edirsinizsə, edin”.
Aldadıldığını deyən Lətafət Həsənova nə keyfiyyətsiz şərfləri geri qaytara bilib, nə də pulunu geri ala bilib: “Səhifədə göstərilən malların hamısının yanında sertifikatları var. Mən də buna aldandım. Üstəlik, səhifədəki mallarla bağlı əlaqə saxlayanda bildirdilər ki, həmin malları “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı mağazaya veriblər. Mallara baxanda onların doğrudan da səhifədəki şərflər olduğunu gördüm. Amma təəssüf ki, mənə çatdırılan şərflər Çin mallarıdır”.
Şikayətçi bir maraqlı məqama da toxundu: “Mənə satılmış şərflərin biri “Binə” Ticarət Mərkəzində 5 manata satılır. Halbuki bu şəxslər həmin malların hər birini mənə 13 manata satdılar”.
Anar Tağıyev