Ailəsi oğlanları bir qızı bölüşə bilməyib üçün binadan atmaqda ittiham edir
“Qızım intihar etməyib, onu sevən iki gənc adam qızımı 9 mərtəbəli binadan atıblar. Cinayətdə şübhəli bilinən şəxslərin ifadəsi alınaraq sərbəst buraxılıb. Çünki onların valideyni varlı adamlardılar”.
Bizimyol.info-ya bu barədə intihar edildiyi bildirilən 1997-ci il təvəllüdlü Lamiyə Hüseynovanın atası Nemət Hüseynov bildirib.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
Nemət Hüseynov deyib ki, hadisə ilə bağlı Xəyyam Məcidov və Məmmədov Ramil adlı şəxslər saxlanılıb. “Ramilin atası hüquq-mühafizə orqanlarında çalışır, dayısı nüfuzlu iş adamıdır”. Ata həmçinin söyləyib ki, hadisə ilə bağlı dindirilən digər şəxs, Xəyyam Məcidovun ailəsi haqda da eyni fikirləri söyləmək olar.
Hər iki gəncin rəsmi məlumatlarda intihar etdiyi bildirilən Lamiyə Hüseynovaya sevgi etirafı olub.
“Mənim Ramil Məmmədovun qızıma münasibətdindən xəbərim var idi. Xayyam barədə sonradan eşitdim”. Nemət Hüseynov deyir ki, hadisə günü Xəyyam Məcidov böyük qızına zəng edib, ona Lamiyənin intihar etdiyini söyləyib. “Qızım ora çatanda Lamiyəni yerdə görüb. Artıq o vəfat edibmiş.
Nemət Hüseynov eyni zamanda bildirib ki, hadisənin baş verdiyi yeddi gün ərzində hüquq-mühafizə orqanlarından bir nəfər belə onlara gəlməyib, hər hansı məlumat verməyiblər.
“Özümüz maraqlanırıq. İşi Abşeron rayon Prokurorluğunda müstəntiq Üzeyir Həmidov aparır.
“Müstəntiq deyib ki, Ramilin günahı yoxdur. Xəyyam isə ifadəsində yazıb ki, guya Lamiyə binadan sallanıqlı vəziyyətdə qalıb qışqırıb kömək istəyirmiş. Və Xəyyam ona kömək etməyə gəlib. Həm Xəyyam, həm Ramil ifadələrində qızımla ailə qurmaq istədiklərini deyiblər. Bir-birlərindən xəbərsiz onu sevdiklərini söyləyiblər. Onlar biləndə ki, ikisi bir qızı sevir, məsələni qızın iştirakı ilə aydınlaşdırmaq istəyiblər. Bunun üçün qızımla görüşüblər”.
İş üzrə müstəntiq Üzeyir Həmidov isə Bizimyol.info-ya bildirib ki, hələlik hadisə şahidlərinin ifadəsi alınıb. O üzdən hələlik konkret şəxlərə ittiham irəli sürülməsi tezdir. Müstəntiq həmçinin bildirib ki, gənc qızın bədənində xəsarət izləriləri olub. Onun bu xəsarətləri ölümə qədər, ya öldükdən sonra aldığını isə ekspertiza müəyyənləşdirəcək.
Hadisədə adı hallanan Ramil Məmmədov və Xəyyam Məcidovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Ancaq qarşı tərəf olaraq onların da mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, sözü gedən hadisə martın 21-i Xırdalan şəhəri, Qalibiyyət küçəsindəki çoxmərtəbəli binada baş verib.
Ramid İBRAHİMOV / Bizimyol.info