DİN rəsmisi: “Çox ciddi nəzarət tədbirləri həyata keçirilir”
Bakıda təhlükəsizlik tədbirləri gücləndirilib. Dəmir yolu vağzalında, aeroportda, metro stansiyalarında, iri ticarət mərkəzlərində, bir sözlə, əhalinin sıx toplaşdığı məkanlarda hüquq-mühafizə orqanları əməkdaşlarının sayı artırılıb. Mühafizə xdimətləri əməkdaşlarının sayıqlığı daha diqqətçəkən olub.
Metroların girişlərində sərnişinləri əvvəlkitək 1 polis nəfəri deyil, 3 polis xüsusi diqqətlə yoxlayır, ən kiçik ölçülü əl çantaları belə diqqətdən kənarda qalmır. Təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyəyə qaldırılması düşmən Ermənistanla 4 günlük müharibə və sonrakı dönəmə təsadüf edir. Üstəlik, dünyanın bir çox ölkələri - qardaş Türkiyə, Brüssel və Fransadakı terror olayları fonunda bu tədbirlərin həyata keçirilməsi Azərbaycanda terror təhlükəsi gözləntisinin olması qənaəti yaradır.
Ermənistanın 4 günlük müharibədə verdiyi itkilər qarşılığında ölkəmizdə əhalini təşvişdə saxlamaq üçün hər hansı bir aksiyaya əl ata biləcəyi ehtimalı da yüksəkdir.
Bundan başqa, Azərbaycanı sevməyən təkcə ermənilər deyil, onlar kimi Azərbaycanı gözü götürməyən qüvvələr də mövcuddur.
Hazırkı durumu “Yeni Müsavat”a şərh edən politoloq, sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev deyir ki, Ermənistanın destruktiv mövqeyi regionu daim gərgin vəziyyətdə saxlayır. 4 günlük müharibədən sonra isə düşmən tərəf daha azğın, aqressiv hala gəlib.
Odur ki, Azərbaycan hazırki durumda daha ehtiyatlı davranmalı, mümkün risklərdən yayınmaq, qarşısını almaq üçün tədbirlər görülməlidir və görülür: “Belə bir şəraitdə hüquq-mühafizə orqanları əməkdaşları kimi əhalinin də sayıqlığını artırması vacibdir. Hüquq-mühafizə orqanları əməkdaşlarının yoxlamalarına anlayışla qarşılıq verilməsi isə ümumi işin xeyrinədir. Hüquq-mühafizə orqanlarının fəaliyyətinin qanunlara söykəndiyi diqqətə alınmalıdır. Düşmən ən müxtəlif üsullara, o cümlədən terrora əl ata bilər. Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda ən müxtəlif illərdə qanlı terror olayları törədiblər. Metropolitendə, ictinai nəqliyyatda günahsız insanlarımızın qanını töküblər. Düzdür, hazırda Azərbaycanda təhlükəsizlik tədbirləri həmin illərlə müqayisədə daha yaxşı səviyyədədir, hazırda güclü nəzarət var. Bu çox yaxşı haldır. Amma o demək deyil ki, Azərbaycanda belə hadisələr heç vaxt ola, təkrarlana bilməz. Dünyanın ən böyük xüsusi xidmət, kəşfiyyat orqanına malik ABŞ belə terrordan sığortalanmayıb. 2001-ci il 11 sentyabr hadisələrində ABŞ qanlı terrorla üz-üzə qaldı, 3 min vətəndaşını itirdi. Bu gün Türkiyənin ən çox qorunan şəhərləri Ankara və İstanbul da terrorçuların hücumuna məruz qalır. Mülki insanlar, heç bir günahı olmayan vətəndaşlar qanlı aksiyaların qurbanına çevrilirlər. Bu baxımdan əhalinin diqqətli olması da vacib şərtdir”.
A.Nağıyev deyir ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu bizim milli təhlükəsizliyimizə ən böyük təhdiddir: “Bu baxımdan müəyyən dərəcədə narahatçılıq var və bu narahatçılığın qarşısını almaq üçün istər hüquq-mühafizə orqanları, istər hərbi qüvvələrimiz müvafiq addımlar atır. Əhali ayıq-sayıq olmalıdır”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətin əməkdaşı Orxan Mansurzadə polisin gücləndirilmiş iş rejimində çalışdığını təsdiqləyib. “Yeni Müsavat” əməkdaşının sorğusuna cavab olaraq O.Mansurzadə bildirib ki, bir müddət əvvəl belə bir qərar verilib: “Polis gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Çox ciddi nəzarət tədbirləri həyata keçirilir”.
E.MƏMMƏDƏLİYEV