İŞİD-ə qoşulmuş iki azərbaycanlı: “Ya ölməli, ya döyüşməli idik”

16-04-2016, 09:04   

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qeyri-qanuni silahlı dəstələrin tərkibində döyüşməkdə ittiham olunan Elşən İsmayılov və Mirrahim Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edir.

İttihama görə, Elşən İsmayılov və Mirrahim Abdullayev bir qrup şəxslərlə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD-in) tərkibində vuruşublar. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə “Xəttab” ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər. Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməkliyi ilə qanunsuz olaraq Suriya ərizisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak ediblər, silahdan istifadə qaydalarını öyrəniblər.

“Xəttab”ın internet vasitəsilə cihada çağırışı

Əvvəllər narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq həbs olunan Elşən İsmayılov cəza çəkdiyi dövrdə ibadətlə məşğul olmağa başlayıb, İslam dininin sələfi təriqətinə etiqad edib. Həbsdən buraxıldıqdan sonra internet vasitəsilə öyrənib ki, Suriyada Bəşər Əsədə qarşı hərbi əməliyyatlar aparan silahlı birləşmələr yaradılıb. Əslən azərbaycanlı olan “Xəttab” ləqəbli Dəyanət Yadigarovun internetdəki çıxışlarını dinlədikdən sonra Suriyaya getməyi qərara alıb. “Xəttab” çıxışında Bəşər Əsədə qarşı mübarizə apardıqlarını, kafirlərə qarşı mübarizənin, cihadın vaxtının çatdığını deyib, hər kəsi Suriyaya dəvət edərək əlinə silah götürüb Bəşər Əsədə qarşı döyüşməyə çağırıb. Həmin çağırışda “Xəttab” İstanbulda əlaqə nömrəsi də verib ki, istəyənlər əlaqə saxlasın, müxtəlif bələdçilər vasitəsilə onların Suriya ərazisinə keçirilməsinə kömək ediləcək: “Həmin çağırışlarda sonra qərara gəldim ki, Suriyaya gedib döyüşlərdə iştirak edim. Bu məqsədlə də tanışım Mirrahim Abdullayevlə birlikdə 2013-cü ilin iyun ayında əvvəl Gürcüstana, oradansa İstanbula gəldik. Mirrahim də mənim kimi internetdə “Xəttab”ın döyüşmək üçün çağırışlarını eşitmişdi. İstanbula çatıb Həsən adlı şəxsə zəng vurduq, Azərbaycandan gəldiyimizi dedik. O, bizə Hatay bölgəsinə gəlməyimizi tapşırdı. Mirrahimlə birgə avtobusla Hataya yola düşdük, Həsənlə görüşdük”.



“Ya ölməli, ya da qalıb döyüşməliydin”

E.İsmayılov ifadəsində Həsənin onları Türkiyə ərazisindən Suriyaya keçirdiyini və milliyyətcə ərəb olan iki nəfərə təhvil verdiyini göstərib. Həsən onları təhvil verdikdən sonra Türkiyəyə qayıdıb. Həmin ərəblərsə iki azərbaycanlını Suriyanın “Şeyx Süleyman” ərazisinə gətirib, orada yerləşən düşərgəyə apararaq “Usama” ləqəbli Vasif adlı azərbaycanlıya təhvil veriblər: “Vasif döyüşlərin birində həlak oldu. Biz “Xəttab”ın başçılıq etdiyi silahlı birləşməyə qoşulduq. Mənim dini ləqəbim “Abu Yusif”, Mirrahiminki isə “Abdulrahman” oldu. Orada Azərbaycandan gələn çoxlu döyüşçülər vardı. Biz hərbi təlimlərdə iştirak edirdik, müxtəlif silahlardan istifadə qaydalarını, döyüş taktikalarını öyrənirdik. Döyüş taktikasını, hərbi təlimləri “Xəttab”la yanaşı, “Abu Hamza” ləqəbli Eldəniz Eynullayev də keçirdi. Hərbi təlimləri və döyüş taktikalarını mənimsədikdən sonra 2013-cü ilin sonlarında döyüşlərdə iştirak etməyə başladım. Yaralıları minik maşını ilə döyüş bölgəsindən çıxarır, onlara ilkin tibbi yardım göstərirdim. 2013-cü ilin iyul ayınıdan 2014-cü ilin dekabr ayınadək döyüşlərdə iştirak etmişəm”.

E.İsmayılov ifadəsində xəstəliyi ilə əlaqədar sonradan döyüşlərdə iştirak edə bilmədiyi üçün Rakka şəhərinə gəldiyini, orada döyüşdə iştirak edən şəxslərin ailələrinə yemək və dərman təminatını həyata keçirdiyini deyib: “Döyüşlərin birində Mirrahimin yaralandığını eşitdim. Mirrahimi axtarıb tapdım. Müalicə olunduqdan sonra Rakkadakı evlərdən birində qalırdı. 2014-cü ilin yaz aylarında Mirrahim Türkiyəyə keçməkdə ona köməklik etməyimi istədi. Həmin dövrdə heç kimi könüllü buraxmırdılar. Ya ölməli, ya da qalıb döyüşməliydin. Mirrahim üçün bələdçi tapdım. Onun köməkliyi ilə Mirrahim Türkiyəyə keçə bildi. Amma sənədlərində problem yarandığını, sonradan Azərbaycana qayıtdığını eşitdim”.

Xəstəlik, saxta pasport və deportasiya

E.İsmayılov xəstəliyi ilə əlaqədar sonradan Türkiyəyə keçib, orada müvəqqəti yaşamaq hüququ ala bilmədiyinə görə bir müddət Türkiyənin dövlət orqanlarından gizlənib. Müalicə üçün Almaniyaya getməiyi planlaşdırıb, özünə saxta Türkiyə vətəndaşı pasportu düzəltdirsə də, Almaniyaya gedə bilməyib. Təyyarə ilə əvvəlcə Moldovaya uçan E.İsmayılovun pasportunun saxta olması elə Kişinyov hava limanında aşkar edilib. Ona görə də, E.İsmayılovu geri göndəriblər. Türkiyəyə geri qayıdan kimi pasportu cırıb atıb. Azərbaycana dönməkdən qorxan E.İsmayılov ötən ilin iyul ayında Malayziyaya yollanıb. Amma oradan da deportasiya olunub. İstanbulda iki ay qaldıqdan sonra Azərbaycana təhvil verilib.



“Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmişəm”

Təqsirləndirilən şəxs qismində dindirilən Mirrahim Abdullayev ifadəsində 2013-cü ilin iyul ayından 2014-cü ilin noyabr ayınadək “Xəttab”ın rəhbərlik etdiyi dəstədə Bəşər Əsədə qarşı döyüşlərdə vuruşduğunu, hərbi əməliyyatlarda iştirak etdiyini göstərib: “Həsənə “Xəttab”ın dəstəsinə qoşulmaq niyyətində olduğumuzu dedik. Ertəsi gün başqa maşınla bizi Suriyanın “Şeyx Süleyman” ərazisinə gətirdilər. Həmin ərazidəki silahlı birləşməyə “Xəttab” başçılıq edirdi. Döyüşlərdə iştirak etmək üçün gələn şəxslərə bir müddət hərbi təlim keçirdilər, silahla davranmağı öyrədirdilər. Hərbi təlimləri, döyüş taktikalarını mənimsədikdən sonra 2013-cü ilin payız aylarından başlayaraq hərbi əməliyyatlarda iştirak edirdik. Döyüşdə iştirak edəcək silahlı birləşmənin sayı vuracağımız obyektdən və həmin obyektdə olan şəxslərin sayından asılı olurdu. Dəqiq sayı həmin bölgədə yaşayan sakinlərdən müəyyənləşdirirdik.

Azərbaycandan olan Ömər Xalidlə 2014-cü ilin yaz aylarında Rakka şəhərinə gəldik. Ömər, mən, Elşən və digərləri “Xəttab”ın dəstəsində idik. Ömərlə birlikdə dəfələrlə döyüşlərdə olmuşuq. 2014-cü ilin yay aylarında Suriya-Türkiyə sərhədində kürdlərin məskunlaşdığı yaşayış məntəqəsi uğrunda döyüşdə birlikdə iştirak etdik. Döyüş barədə əmri “Xəttab” versə də, qrupa “Usama” başçılıq edirdi. “Usama” onunla rasiya vasitəsilə əlaqə saxlayırdı. “Usama”dan başqa heç kim “Xəttab”la əlaqəyə girə bilmirdi.

Rakkadan Türkiyə sərhədində yerləşən kürd kəndinədək təxminən bir saat məsafə idi. Tural, “Usama”, Xalid, Ömər, ərəb və türk millətindən olan digər şəxslərlə birlikdə iki maşınla Rakkadan yola düşdük. Maşınlarda silah, çoxlu sayda patron vardı. Kəndə çatmamış maşınları buğda anbarının yanında saxladıq, maşından düşüb piyada getdik. Səhərə yaxın idi, hava işıqlanırdı. Hücuma keçəcəyimiz ərazidə bir-birindən aralı olmayan çoxlu sayda kürd kəndləri vardı.

Döyüş meydanında qalan azərbaycanlıların meyitləri

Suriyada olanda eşitmişdim, sonradan özüm də gördüm ki, kürd kəndlərində döyüş aparmaq çox çətin olur. Onların özlərinin sanki bir döyüş taktikası, xüsusi maskirovka qaydaları var. Məsələn, bir evə daxil olurdun, diqqəti bir an əldən verdinsə evin həyətində qazılmış hansısa quyuya, çalaya düşürdün. Evlər gildən, tikili hasarı olmayan evlər idi, ətrafında yarıyacan səngərlər qazılmışdı. Hər bir həyətdə çörək bişirmək üçün nəzərdə tutulmuş təndir, su çəni, ev quşları və heyvan saxlamaq üçün yerlər olurdu.

Səhər saatlarında həmin kəndə hücuma keçdik. Lakin qarşı tərəfin ciddi müqaviməti ilə rastlaşdıq. Bir neçə saat ağır döyüş getdi. Əslən Azərbaycandan olan Tural və Xalid həlak oldular. Qarşı tərəf ərazini minaatanlardan atəşə tuturdu deyə, nə qədər çalışsaq da, meyitləri döyüş bölgəsindən çıxara bilmədik. Xeyli döyüşdükdən sonra “Usama”ya rasiya ilə geri çəkilməyimiz barədə xəbər gəldi. Maşınlara oturub Rakkaya qayıtdıq.



“İŞİD əmr vermişdi ki, həmin bölgəni Bəşər Əsəddən alaq”

Suriya-İraq sərhədinə yaxın ərazidə yerləşən Abu-Kamal qəsəbəsi yaxınlığında başqa bir döyüşdə iştirak etdim. Abu-Kamal ərazisindən İraq sərhədinə təxminən 5 km məsafə vardı. İŞİD əmr vermişdi ki, həmin bölgəni Bəşər Əsəddən geri alaq. O səbəbdən döyüşlər aparılırdı və sonda həmin bölgə İŞİD-in tabeçiliyinə keçdi. Həmin döyüşdə yerə düşən mərminin qəlpələri kürəyimə dəydiyindən yaralandım. Ağır yaralandığıma görə məni İraqın Suriya ilə digər sərhəd bölgəsinə - Anbar vilayətindəki xəstəxanaya gətirdilər. Orada əməliyyat olunduqdan iki gün sonra başqa bir evə apardılar”.

Vəd olunan Cənnət: “Bəs deyirdin Suriya Cənnətdir, hanı bunun Cənnətliyi?”

İstintaq zamanı şahid qismində Nuranə Aslanova dindirilib. O, ifadəsində Elşənin həbsxanadan qayıtdıqdan sonra Allah naminə Suriyaya getmək istədiyini, oradakı bacı-qardaşlara köməklik göstərmək, döyüşmək niyyətində olduğunu dediyini göstərib: “Ailələrimiz arasındakı ziddiyətlərlə bağlı Elşənlə rəsmi qaydada ayrılmışdıq. Amma dini nikah bağlayıb bir yerdə yaşayırdıq. Əmircan qəsəbəsində yaşayan və ibadətlə məşğul olan din qardaşı Mirrahimlə Suriyaya yollandı. Suriyada olduğu dövrdə zəng vurub mənimlə danışırdı. Hər dəfə Elşənlə danışanda onun yanına getmək istədiyimi deyirdim”.

2013-cü ilin oktyabr ayında N.Aslanova əvvəl Gürcüstana, oradansa Türkiyənin Adana şəhərinə gedib. Orada onu iki nəfər türk millətindən olan ər-arvad qarşılayaraq evlərinə aparıb. Evində qaldığı şəxslər onu və daha iki nəfər ərinin yanına getmək istəyən qadını gizli yolla Suriyaya keçiriblər. Üç nəfər qadın Suriya ərazisinə keçib gözləməyə başlayıblar. Bir qədər sonra Elşən İsmayılov bir maşında, o biriləri isə başqa maşında gələrək onları Buşkatin kəndinə aparıblar. N.Aslanova üç ay həmin kənddə Elşənin yanında qalıb: “Elşən deyirdi ki, Mirrahim döyüşlərin birində yaralanıb, yaralı vəziyyətdə döyüş meydanında qalıbmış, onu oradan çıxarıb və tibbi yardım göstərib. 2014-cü ilin mart ayında Suriyadan qaçaq yolla Türkiyəyə, sonrasa Azərbaycana qayıdıb”.

Təqsirləndirilən E.İsmayılovun həyat yoldaşı Billurə İsmayılova ifadəsində göstərib ki, Elşən bir gün onun, bir gün isə Nuranənin yanında qalırmış: “Elşən Suriyanı mənə izah edərkən oranın Cənnət olduğunu, Şəriət qaydaları ilə idarə edildiyini, hər yerdə məscidlərin, müsəlmanların olduğunu, qadınların hicabdan və niqabdan istifadə etdiklərini deyirdi. Elşənin dediklərinə inanmışdım. Suriyanın Cənnət olduğuna inanmışdım. 2013-cü ildə Elşənin yanına getməyə qərar verdim. Noyabr ayında İstanbula, oradan da Qaziantep şəhərinə gəldim. Hava limanında 15-20 nəfər niqablı qadının Suriyadakı həyat yoldaşlarının yanına gəldiklərini gördüm. Həmin qadınların əksəriyyəti övladlarını da özləri ilə götürmüşdülər. Məni türk ailəsi qarşıladı, evinə apardı, üç-dörd gün sonra qaçaq yolla Suriyanın Rakka şəhərinə keçirdilər. Orada Elşəni gördüm, Rakkada Elşənlə bir evdə qalırdıq”.

Suriyanın hər yerində atışma səsləri eşidən, bundan qorxu-həyəcan keçirən qadın Suriyada Cənnətlə bağlı səsləndirilən fikirlərinin əslində cəfəngiyyatdan başqa bir şey olmadığı qənaətinə gəlib: “O qədər həyəcan, qorxu keçirmişdim ki, bütün həyatıma nifrət edirdim. Elşəndən soruşurdum ki, bəs sən deyirdin Suriya Cənnətdir, hanı bunun Cənnətliyi? Elşən cavab verə bilmirdi”.

Məhkəmə prosesi davam edir.

İnarə Rafiqqızı

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.