Sumqayıt polisində ölümə səbəb olan dəhşətli işgəncə FOTO VİDEO

4-05-2016, 08:46   
Sumqayıt polisində ölümə səbəb olan dəhşətli işgəncə FOTO VİDEO
Gözlənilməz bir qətlin tarixçəsi “Azadlıq”da

Şəhər sakini Rəşad Mehdiyev polisə aparıldıqdan sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb

Sumqayıt şəhərində daha bir nəfər polis zorakılığının qurbanı olub. Şəhərin 21-ci məhəlləsində yaşayan Rəşad Ənvər oğlu Mehdiyevi evlərinə yaxın ərazidən polisin apardığı bilinsə də, o, heç bir polis bölməsində qeydiyyata alınmayıb. Bir gün sonra yaxınları onun reanimasiyada olduğunu öyrənib. Bundan bir gün sonra isə Rəşadın dünyasını dəyişdiyi bildirilib.




Elşən Mehdiyev: “Başının arxa hissəsi partlamışdı”

Mərhumun qardaşı Elşən Mehdiyev baş verənləri qəzetimizə danışdı: “Aprelin 27-də gecə işdə idim. Səhəri işdən gələndə dedilər ki, Rəşadı gejə polislər bölməyə apardılar. Yuxusuz olduğumdan bir qədər dinjəldikdən sonra günortadan sonra 4-cü polis bölməsinə getdim, ordan bildirdilər ki, qardaşım orda yoxdur. Sonradan öyrəndim ki, Rəşadı təcili tibbi yardım stansiyasına aparıblar. Mən ora gedəndə xəstəxanada dedilər ki, naməlum bir nəfəri bura polislər gətirib. Əlamətlərini dedikdə həmin adamın qardaşım olduğunu bildim. Amma onun reanimasiya şöbəsində, həm də komada olduğunu dedilər. İki gündən sonra rəhmətə getdi. “Morq”da onun üzərində xeyli zorakalıq izlərini gördüm. Amma imkan verilmədi ki, orada şəkillər çəkim. Lakin məsjiddə yuyulanda onun bədənindəki zədə izlərinin fotolarını çəkdim. Bədənin müxtəlif yerlərində göyərtilər, sıyrıntılar vardı. Başının arxa hissəsi partlamışdı. Ümumiyyətlə, bədənində salamat yer yox idi”.

Elman Abdullayev: “Rəşadı döyən polis serjantı Heydər Heydərzadə olub”

Mərhumun qonşusu Elman Abdullayev hadisənin başvermə səbəbinə aydınliq gətirir: “Məhəllədə kiçik bir kafe fəaliyyət göstərir. Son günlər ora bir xidmətçi qız gətirilmişdi. Həmin qıza görə iki nəfər dalaşıb, onlar nalayiq söyüşlər söydüyünə görə Rəşad etirazını bildirib. Kimsə həmin münaqişə barədə polisə məlumat verib. Polislər gələndə isə hamı qaçıb. Rəşadı qandallayıb özləriylə aparıblar. O, epilepsiya xəstəsidir. Bunu hamı bilir. Qonşular bu barədə polislərə də deyiblər, xahiş ediblər ki, “xəstəni niyə aparırsınız, günahı da yoxdur”. Ancaq polislər Rəşadın qollarını qandallayıb aparıblar. Hadisə şahidləri ona işgəncə verən polis əməkdaşının adını da deyiblər. Bu adam Heydər Heydərzadə adlı polis serjantıdır”.

Ənvər Mehdiyev: “Səhəri məlum oldu ki, Rəşad xəstəxanadadır”

Mərhumun atası Ənvər Mehdiyev birinci qrup əlildir. Hər iki gözü görmür. Hadisəni belə xatırlayır: “Mən yataqdaydım. Bayırdan səs eşitdim. Yoldaşıma dedim ki, nə səsdir? Rəşad hanı? Dedi ki, həyətdədir, siqaret çəkir. Bir qədər keçdikdən sonra yenidən səs eşitdim. Bu dəfə Rəşadın səsi gəlirdi. Birtəhər qapıdan tuta-tuta bayıra çıxdım. Qarşı tərəfdəki kafenin həyətindən səs-küy gəlirdi. Onu eşitdim ki, Rəşad deyirdi: “Çıx get də, nə istəyirsən?” Sonra dedilər polis gəlir. Bu zaman qaçaqaç səsləri eşitdim. Kimsə deyirdi ki, “bunu hara aparırsız? Burda cavan uşaqlar dava edirdi, siz bunu aparırsız”. Bu zaman həmin adam qayıtdı ki, “səsini çıxarma, səni də apararıq”. Sonra mən dözə bilməyib evə qayıtdım. Sonradan həyat yoldaşım dedi ki, polislər Rəşadı apardılar. Səhəri isə məlum oldu ki, Rəşad xəstəxanadadır. Qonşular polis bölməsinə gediblər, arada onlara deyiblər ki, bizlik deyil, prokurorluğa gedin”.

Elşən Mehdiyev ölüm səbəbinin rəsmən açıqlanmadığını deyir: “Sumqayıt şəhərində bu işlə heç maraqlanan yoxdur. Yalnız onu bildirirlər ki, ekspertizanın rəyindən sonra ölümün səbəbi bilinəcək. Ekspertizanın cavabının isə hardasa 20 günə aşkarlanacağını deyirlər. Mayın 4-nə Daxili İşlər Nazirliyinə çağırılmışıq. Əlimizdə olan faktların hamısını aparıb ora təqdim edəcəyik. Bu işin sonuna qədər gedəcəyik”.

Sumqayıt şəhər Prokurorluğundan isə Rəşad Mehdiyevin ölüm faktı üzrə cinayət işi başlanıldığını bildiriblər.













Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.