Sumqayıt polisində işgəncə görən günahsız şəxs Ramil Usubovdan kömək istəyir

17-05-2016, 19:24   

Sumqayıt şəhər 1 saylı Polis Şöbəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını deyən Rəşad Abbasov baş prokurora və daxili işlər nazirinə müraciət edib.

Sumqayıt şəhər sakini R.Abbasov virtualaz.org saytına açıqlamasında polis əməkdaşları tərəfindən vəhşicəsinə döyüldüyünü, fiziki təzyiqlərə məruz qaldığını, nəticədə isə sağlamlığını itirdiyini deyib. Onun sözlərinə görə, işgəncə zamanı daxili orqanları zədələnib, ayaq barmaqları sındırılıb.

R.Abbasov deyir ki, iki ay əvvəl qonşuluqda yaşayan Namiq adlı şəxsin bıçaqlandığını görüb və bu haqda tez onun anasına xəbər verib. Az sonra Namiq keçinib. Hadisəni araşdıran polis onu şahid qismində ifadə vermək üçün şöbəyə aparılıb. Lakin şöbəyə şahid qismində dəvət olunsa da, polislər ona qətli öz üzərinə götürməyi tələb ediblər. Törətmədiyi cinayəti boynuna götürməməsi R.Abbasova baha başa gəlib: “Saatlarla məni döydülər, başıma, ayaqlarıma, əllərimə dubinka ilə vurdular. Məcbur edirdilər ki, Namiqin qətlini boynuma alım, ifadəyə qol çəkim. Yaxşı ki, həmin gün günortadan sonra qatillər tapıldı, bundan sonra polislər məndən əl çəkdilər”.

Polis Şöbəsini tərk edərkən R.Abbasova birbaşa evə getməyi və heç yana şikayət etməməyi məsləhət görüblər. Amma yarımcan vəziyyətdə olan Sumqayıt sakini şöbədən çıxaraq xəstəxanaya üz tutub: “Bu günə kimi də əllərimdə hissiyyat yoxdur, sol əlim tamamilə işləmir. Bədənimdəki sınıqlar hələ də aqrayır. Daxili oraqanlarım sıradan çıxıb. Bir sözlə, əlil günündəyəm”.



R.Abbasovun yaxınları onun polisdə döyülməsi ilə bağlı DİN-in “102” xidmətinə şikayət ediblər. DİN-in Daxili Təhqiqatlar İdarəsindən cavab verilib ki, şikayətdə göstərilən xüsusuatlar araşdırılıb, amma təsdiqini tapmayıb.

Sumqayıt prokurorluğundan da anoloji cavab verilib. Bildirilib ki, R.Abbasovun 1 saylı polis bölməsində döyülməsi ilə bağlı yazdığı ərizəsi araşdırılıb, təsdiqini tapmayıb.

Aradan iki aydan artıq vaxt keçməsinə baxmayaraq R.Abbasov hələ də müalicə olunduğunu deyir. Sumqayıt sakini ona işgəncə verən şəxslərin cəzalandırılmasını istəyir.

R.Abbasov baş prokurora, daxili işlər nazirinə və ölkə başçısına müraciət edib. O, daxili işlər naziri Ramil Usubovdan xahiş edir ki, heç bir günahı olmayan vətəndaşa polisdə bu cür amansız işgəncələr verilməsi Azərbaycan polisinin adına ləkədir və nazir günahkarları cəzalandırmalıdır. “Mənim günahım nə idi? Şahidi olduğum cinayət hadisəsi haqda xəbər vermək? Mənim başıma gətirilənlərdən sonra hansı vətəndaş şahidi olduğu cinayət hadisəsi haqda xəbər verər?”-işgəncələrdən sağlamlığını itirmiş vətəndaş deyir.

R.Abbasov bildirib ki, ona işgəncə verənlər cəzalandırılmayana qədər ölkə rəhbərliyinə müraciətlərini davam etdirəcək.

İnarə Rafiqqızı

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.