Cavid Qurbanovun "gözu doymur" - Özgə əmlakını necə ələ keçirib?

20-05-2016, 09:51   
Cavid Qurbanovun "gözu doymur" - Özgə əmlakını necə ələ keçirib?
Respublikamızda imkanlı vəzifə sahiblərinin zaman-zaman kasıb zümrəyə məxsus insanlara qənim kəsilmələri, onların pay torpaqlarının, obyektlərinin, digər daşınan əmlaklarının və.s, ələ keçirilməsi barədə xeyli məlumatlara malikik. Yəni, belə bir problemlərin varlığı haqda məlumatlar, heç də bizim üçün yeni olmayan məlumatlardandır. Təkcə əmlaklarının ələ keçirilməsi deyil, hətta onların təhqir olunmaları, zindanlara salınmaları, minbir müsibətlərlə üz-üzə qalmaları da, əksər hallarda kasıb zümrəyə məxsus olanların yaşadıqları anlar olub. Bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına daxil olan şikayət ərizəsində isə, “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni rəhbəri, millət vəkili Cavid Qurbanovun qol qoyduğu çoxsaylı qanunsuzluqlardan bəhs olunur. Yəni, ünvanlanan məktubda Sabunçu rayonu Maştağa qəsəbəsi M.Mirətiyev küçəsi döngə-1, ev-48A ünvanında yaşayan Novruzov Nəcəfəli Novruz oğlu, Novruzov Bayram Novruz oğlu, Novruzova Mərziyyə Əliməmməd qızı və Sabunçu rayonu Bakıxanov qəsəbəsi O.Əfəndiyev 10A ünvanında yaşayan İbrahimov Həsən Heyvəli oğlu yazırlar ki, “bizim rayonun Albalı (Vişnovka) bağ massivində torpaq sahəmiz var idi. Həmin sahə də, Cavid Qurbanova məxsus bağ evi ilə bitişikdir”.

Şikayətçi sakinlərdən Həsən İbrahimov onu da bildirir ki, “əvvəllər ticarətlə məşğul olsam da, çox keçmədi ki, borca düşdüm, banklara olan kreditlərimi ödəyə bilmədim. Son anda qərara gəldim ki, torpaq sahəmi satım da borclarımı ödəyim. Həmin vaxt Cavid Qurbanovun bağ təsərrüfatında tikinti işləri aparan Sadiq adlı şəxs mənə bildirdi ki, “Cavid müəllim sizə məxsus torpaq sahəsini almaq istəyir. Siz razılığınızı verin, pulunuzu nağd ödəyək. Mən həmin şəxsin danışdıqlarına qulaq asdıq və razı olduğumu da bildirdim. Ümumi razılaşma 2014-cü ildə baş tutdu və onlar həmin vaxt mənə məxsus bağ sahəsinin hasarlarını sökərək, torpaq sahəmizi öz torpaqlarına qatdılar. “Yaxın günlərdə də, pullarınız tam ödəniləcək” deməklə, məni arxayın etdilər. Çox təəssüflər olsun ki, həmin vaxt əldə etdiyimiz razılaşmamız, bu gün də həllini tapmayıb. Onu da qeyd edək ki, hal-hazırda bizim bağ ərazilərimizin sökülmüş hasarlarının yaxınlığında Cavid Qurbanov qızı üçün təmtəraqlı villa tikdirir. Digər qonşuların ərazilərini öz ərazilərinə qatsalar da, onları da razı salmayıblar, yəni halallaşmayıblar. “Azərbaycan Dəmir Yolları” QSC-I rəhbərinə məxsus bağın ümumi ərazisi 2 hektardan çoxdur və bütün ərazi 3,5 metr hündürlükdə daş hasarla hörülüb. Bağın içərisindəki yaşayış evi üç mərtəbəli olmaqla bərabər, müasir video nəzarət sistemi və canlı mühafizəçilərlə 24 saat ərzində mühafizə olunur. Bundan əlavə, C.Qurbanov Bilgəh magistral yolundan öz bağına qədər olan yolu genişləndirmək üçün, 1,5 km-lik ərazidə yerləşən bağ sahiblərinə kompensasiya ödəməklə, neçə-neçə bağların da hasarlıarını sökdürmüşdür. Bu da bağ sahiblərinin olduqca narazılığına səbəb olmuşdur. Aparılan yol tikinti işlərini C.Qurbanovun yaxını, hansı ki, vaxtilə Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi”nə rəhbərlik etmiş Bəhruz adlı şəxs aparmaqdadır. O, Bəhruz adlı şəxsdən soruşmaq lazımdır ki, bağ sahiblərinə payladığın vəsaitləri hansı mənbədən götürərək paylamısan? “Azərbaycan Dəmir Yolları ”QSC-nin rəhbərinə məxsus, ikinci Zabrat qəsəbəsindəki bazarın ərazisində bənzəri olmayan “LOUVRE PLAZA” şadlıq sarayı, onun yaxınlığında “QROSS MARKET” ticarət mərkəzi, Bakıxanov qəsəbəsində nəqliyyat naziri Ziya Məmmədovla şərikli “FİDAN” şadlıq sarayı, Pirşağı qəsəbəsinin dənizkənarı hissəsində “HƏYAT” şadlıq sarayı və çoxsaylı restoranları fəaliyyər göstərməkdədir. C.Qurbanovun işçiləri daim bəyan edirlər ki, “Albalı bağ massivi onun üçün Kəlbəcərdir, “Murov” dağıdır, “Dəli dağ”dır, “İstisu” istirahət zonasıdır”. Şikayətçilər onu da vurğulayırlar ki, “ötən üç ilə yaxın müddət ərzində C.Qurbanov, bizə məxsus bağ sahələrini öz sahəsinə qatdırmış və həmin sahələrdə yetişən məhsulları mənimsədiklərindən, bizə külli miqdarda ziyan da dəymişdir. Elə ki, qapalı səhmdar cəmiyyətinin rəhbərinə “siz bizə külli miqdarda ziyan vurmusunuz” deyib zəng edirik, o halda o, ya xidməti telefonu, ya da ki, mobil telefonu ilə bizə bildirir ki, “sizi villamdakı “podval”a saldırıb, başınıza minbir oyunlar açdıraram” deyir. Bəli, sadalanan faktlar aparıcı bir sahəyə rəhbərlik edən C.Qurbanovun əməllərindən qaynaqlanır ki, bunun da ağrı-acısını, bu gün həmin şəxslər çəkməkdədirlər. Təəccüb doğuran hal odur ki, hələ də bu məmləkətdə deputat olan da, aparıcı sahəyə rəhbərlik edən də, kasıb-kusuba qənim kəsilir, onları gözümçıxdıya salırlar, zor-xoş əmlaklarını ələ keçirirlər. Axı, bu heç cür yolverilməzdir! Varlını da, kasıbı da yaradan bir Allah var, o da halallığı, haqqı-ədaləti sevir. Bəs səbəb nədir ki, Cavid müəllim kasıbı yaradan Allahdan ehtiyat etmir, atdığı addımları halallığa söykənmir? Deməli, …

P.S. Redaksiyamızın ünvanına daxil olan məktubda çoxsaylı problemlərin varlığından, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərinin vəzifə səlahiyyətlərini aşmasından, özgə əmlaklarını ələ keçirməsindən və.s bəhs olunur. Yəni, əsas hədəf olaraq QSC-nin rəhbəri, millət vəkili cənab Cavid Qurbanov ittiham olunur. Sadalanan faktlarla bağlı adı çəkilən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxlayıb, problemlərin varlığına münasibət bildirmələrini istəsək də, təəssüflər olsun ki, qarşı tərəf təqribən 48 saat ərzində belə cavab vermədi. Hətta, qəzet çapa gedərkən dəfələrlə etdiyimiz telefon zənglərimizə belə cavab vermədi.

Qarşı tərəfin mövqeyini dinləyə bilərik
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.