Ekspert bir adamın xəsarətini başqasına yazır; görmədiyi əşyanın ölçülərini təsvir edir; eyni bıçaq müxtəlif cür təsvir olunur
Bir müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən üç nəfərin – Emin Musayev, Abdulla Ismayılov və Loğman Rəhimovun mühakiməsi davam edir. Onlar ötən ilin fevralında Xətai rayonu ərazisində yerləşən çay evinin qarşısında mübahisə zəminində Şahlar Məmmədovu qətlə yetirməkdə ittiham olunurlar.
Bu cinayət işini məhkəmə bir dəfə – ötən ilin iyulunda ibtidai istintaq zamanı nöqsanlara yol verildiyini əsas gətirərək, prokurorluğa geri qaytarmışdı. Bu ilin yanvarında iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Bir neçə aydır ki, bu iş üzrə məhkəmə prosesi gedir.
Işdə çoxsaylı ziddiyyətlər olduğundan təqsirləndirilən şəxslərdən birinin vəkili olan Adil Ismayılov rəy vermiş ekspertin məhkəmədə dindirilməsi barədə vəsatət vermişdi. Həmin vəsatət əsasında tibbi ekspert Vahid Paşayev dünənki məhkəmə iclasında dindirilib. Ekspert dindirildikcə də xeyli ziddiyyətlərin üstü açılıb.
Məsələn, qaydaya görə, hadisə yerində meyit varsa, baxış və müayinədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, tibbi ekspert də iştirak etməlidir. Bu qətllə bağlı hadisə yerinə baxış və meyitin müayinəsilə bağlı protokolda Vahid Paşayevin adı və imzası olsa da, o, hadisə yerində olmadığını, meyiti yalnız morqda müayinə etdiyini bildirib. Hadisə yerinə baxış protokolunda adı və imzasının olmasına gəlincə, bunu belə izah edib ki, morqda meyitin müayinəsində iştirak etdiyinə görə, hər iki istintaq hərəkəti eyni protokolda birləşdirilib. Hərçənd, işin içində meyitin morqda daxili müayinəsilə bağlı başqa bir rəy də var. Həmin rəyi ekspert özü tərtib etməli olduğu halda, məhkəmədə bildirib ki, sənədi müstəntiq tərtib edib, o da imzalayıb.
Bundan başqa, hadisə yerinə baxış protokunda müstəntiq mərhumun paltarlarının çıxarılaraq qablaşdırıldığını göstərib. Amma bundan bir qədər sonra tərtib olunmuş ekspert rəyində meyitin morqda müayinəsi zamanı paltarlı olduğu göstərilib.
Qətldən əvvəl mərhumla bir qrup şəxs, o cümlədən həbs olunanlar arasında dava olub və təqsirləndirilən şəxslərdən Abdulla Ismayılov da əlindən bıçaq xəsarəti alıb. Amma ekspertiza rəyində eyni xəsarət həm Abdulla Ismayılova, həm də Emin Musayevə yazılıb. Halbuki, Emin Musayevin əlində ümumiyyətlə, xəsarət yoxdur.
Bütün bunlarla yanaşı, dindirilən ekspert ibtidai istintaq zamanı qətl törədilən bıçaqla bağlı iki dəfə rəy verib. Həmin rəylərdə bıçağın forması, üzərindəki yazılar təsvir olunub. Eyni bıçaqdan söhbət getsə də, üzərindəki ifadə və hərflər hər rəydə bir cür göstərilib. Üstəlik, ekspert vəkilin sualını cavablandırarkən bildirib ki, o, bıçağı görmədən rəy verib. Görmədiyi əşyanı təsvir eləməyinə gəlincə, Vahid Paşayev qeyd edib ki, kriminalistin rəyi əsasında onu təsvir edib.
Prokurorun “rəyinizdə kriminalistin rəyinə istinad etmisinizmi?” sualına isə “xeyr” cavabını verib. Yəni, bıçağı nə özü görüb, nə də rəyində nəyə əsaslandığını göstərib.
Ekspertin dindirməsi başa çatandan sonra vəkil işdəki çoxsaylı ziddiyyətlərə aydınlıq gətirilməsi üçün rəy vermiş digər ekspertin və müstəntiqin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb: “O ekspert də gəlsin, izah eləsin görək, Abdullanın xəsarətini niyə Eminə də, ona da yazıb. Müstəntiq protokolda göstərir ki, hadisə yerindən meyitin əynindəki paltarlar götürüldü, ekspert sonradan rəyində yazır ki, müayinə zamanı əynində paltarlar əynində olub. Ya müstəntiq yalan deyir, ya da ekspert. Gəlsin, izah eləsin”.
Amma məhkəmə vəsatəti təmin etməyib. Ümumiyyətlə, məhkəmə istintaqının başa çatmasına qərar verilib.
Bu iş üzrə məhkəmə prosesi iyunun 2-də davam edəcək və növbəti iclasda prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Aytən