Əli Əsədov, Natiq Əsədov və Hafiz Aberkarovu nə birləşdirir?
Bəlli MTN olaylarından sonra ən çox adı hallananlardan biri də Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov oldu. Amma hələlik köməkçi bu olaylardan nəinki qıraqda qalıb, əksinə, prokurorluq orqanlarından verilən “donosa” görə daşınmaz əmlak biznesini davam etdirməkdədir. Səbail RIH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarov isə “eks-MTNçi”, hazırda istintaqı gedən Akif Çovdarovun işində zərərçəkən kimi tanınıb və deyilənə görə, üzə də durub. Maraqlıdır, icra hakimiyyətinin işçisi – dövlət qulluqçusu bu işdə necə zərərçəkən edilə bilər? Yəqin cavab da maraqlı olar…
Bir qrup Qarabağ əlili “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 30,31 və s. maddələrini bayraq edib, sahibkarlıqla məşğul olmağa qeyri-yaşayış otağı Şeyx Şamil küçəsi, “40 Pilləkən” kompleksinin başındakı zibilxana kimi yararlanılan ortalıq 20 kv.m.-lik yeri 8 il öncədən icarələrinə istəyəndə, ƏMDK-nın sədr müavini Rafiq Cəlilov müvafiq RIH-in razılıq məktubunu tələb edib. Səbail RIH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarov 5 illik süründürməçilikdən sonra Bayıldakı sürüşməni əsas tutub(??) razılıq məktubu verməkdən imtina edib (Deyəsən, öskürəyin qulunca birbaşa yetkisi varmış). Bu sətirlərin yazarı əlillərin hüquq müdafiəçisi kimi iddia qaldıranda isə Hafiz Aberkarov məhkəməyə 3-cü şəxsin – “ALYANS-F” MMC-nin adına saxta çıxarış verib ki, guya həmin qeyri-yaşayış otağı 89 kv.m-dir və 1 sot da torpaq sahəsində 04.08.2011-ci ildən mülkiyyətdədir. Bu çıxarışın saxta olmasını e-gov elektron hökumət portalı reyestr və qeydiyyat nömrəsinin düzgün olmaması ilə təsdiqləyib. Iddiaçının Baş Prokurorluğa, onun yanındakı korrupsiyaya qarşı mübarizə idarəsinə şikayətlərinə isə Hafiz Aberkarov baxmağa imkan vermir. Səbail prokuroru Natiq Əsədov 26.04.2016 tarixli məktubla “xüsusatların təsdiqini tapmadığını” bildirib, cinayət işinin başlanılmasını rədd etsə də, qəbul etdiyi (edibsə!) qərarı verməkdən imtina edir. Bu arada sözügedən yerdə tikinti getdiyini görən əlillərə tikintini aparan “JEK” işçiləri “donos” verib ki, nə polis, nə prokurorluq buraya qarışa bilməz, yiyəsi çox “yuxarıdadır”, PA-nın müavini, Prezidentin köməkçisi Əli Əsədovdur. Ölkənin 1-ci şəxslərinə, PA-ya, Əli Əsədovun özünə, baş prokurora, daxili işlər nazirinə və digər qurumlara bununla bağlı edilən müraciətlər isə “JEK” səviyyəsində cavablandırılıb. Səbail RIHB Aparatından təsərrüfat şöbəsinin müdiri Vüqar Məmmədov 12.05.2016 tarixli məktubla bildirib: “Qırx pilləkən hissədə N.Nərimanov prospekti-2A saylı ünvanda qeyri-yaşayış binası Cəfərov Məmməd Hüseyn oğlunun xüsusi mülkiyyətindədir”. Maraqlı olduğu qədər korrupsiyadan da soraq verən hal budur ki, həmin Səbail RIHB-in Aparatından başçının 1-ci müavini Xalidə Bayramova cəmi 15 gün qabaq – 26.04.2016 tarixli məktubla bildirib: “…”N.Nərimanov pr.2A ünvanında… həmin qeyri-yaşayış binası 04.08.2011 tarixdə “Alyans-F” MMC-nin adına qeydə alınmışdır”. Səbail prokuroru ilə RIH-in məktubunun eyni gündə imzalanması da mütəşəkkil özbaşınalıqdan soraq verir. ƏMDK-nın sədr müavini Rafiq Cəlilov isə dəfələrlə yazılı bildirib: “Həmin qeyri-yaşayış binası özəlləşməsi nəzərdə tutulan dövlət müəssisəsidir və icarəyə verilməsi məqsədəmüvafiq sayılmır”. Maraqlı olduğu qədər də korrupsiyaya uyğundur ki, zibilxana kimi yararlanılan 20 kv.m-lik yer hansı dövlət müəssisəsidir, bəs niyə hərracdan kənar gah hansısa MMC-nin, gah da fiziki şəxsin mülkiyyətinə verilir?
Biz hələ ki, Əli Əsədovun münasibətini öyrənə bilmədik. Bilmirik, Hafiz Aberkarov onun adından əmlakı talan edib, saxta çıxarışla mənimsəyib, yoxsa elə Prezident köməkçisi özü Cəfərov Məmmədin adından “dövlət zibilxanası”nı ələ keçirib dövlətə kommersiya xidməti göstərir? Bildiyimiz odur ki, əmlak əlillərdən başqa kimə desən mülk ola bilər. Bir məhkəmə ki, 3 metrlik pilləkəndə 2 sotluq əmlakı yerləşdirir, 25.11.2013-də iddianı dəyişdirməyə ərizə alıb, bundan bir ay qabağa – 30.10.2013 tarixinə qətnamə qəbul edir, o hakimiyyətdən nə desən gözləmək olar. Görəsən pilləkənin üstündə tikinti aparılmasına kim icazə verib? Əmlak mübahisəsi məhkəmədə qurtarmamış hakimiyyət məmurları oranı necə özününküləşdirib?
…PA rəsmisi o günə qalıb ki, zibilxanaya göz dikib, əlillərin reabilitasiya hüququna qadağa qoyub?
Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili, bağımsız jurnalist