Asif Əsgərovun oğlu niyə həbs edilmir?

24-05-2016, 09:42   


«Mc Donald’s» rəhbəri icra başçısının oğlunun həbsini tələb edir
Maqsud Mirzəyevin bununla bağlı şikayətinə bu gün Ali Məhkəmədə baxılacaq

Bu gün Ali Məhkəmədə “Mc Donald’s Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə əlaqədar verdiyi kassasiya şikayətinə baxılacaq. Maqsud Mirzəyev oğlunun ölümü ilə nəticələnən yol qəzasına görə məhkum olunan Ilham Əsgərlinin cəzasının əvvəlcə Bakı Apellyasiya Məhkəməsində azaldılması, az sonra da onun xəstəlik səbəbilə həbsdən buraxılmasından narazıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ilham Əsgərli Nəsimi Rayon Icra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur. Hadisə zamanı Asif Əsgərov Səbail rayonunun icra başçısı idi.

Ali Məhkəmədə bu kassasiya şikayətinə hakim Imran Hacıqayıbovun sədrliyilə baxılacaq.

Xatırladaq ki, sözügedən yol qəzası 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. Ilham Əsgərlinin idarə etdiyi “Mercedes S500″ markalı avtomobil arxadan Əhliman Süleymanovun idarə etdiyi ”Howo” markalı yük maşınına çırpılıb. Nəticədə həmin vaxt “Mercedes”də olmuş Sənan Mirzəyev dünyasını dəyişib.

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əhliman Süleymanov 6 il, Ilham Əsgərli isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub.

Ilham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Sonradan Bakı Apellyasiya Məhkəməsində bu işə baxılarkən hökm Ilham Əsgərli ilə bağlı hissədə dəyişdirilib. Ilham Əsgərliyə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib və icra başçısının oğlunun cəzası 3 ilə endirilib. Əhliman Süleymanovun cəzası isə olduğu kimi saxlanılıb. 2015-ci il noyabrın 12-də isə Sabunçu Rayon Məhkəməsi cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olması səbəbilə Ilham Əsgərlinin cəzadan azad edilməsi haqda qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyilə çıxarılan bu qərardan Maqsud Mirzəyevlə yanaşı, Əhliman Süleymanov da Ali Məhkəməyə şikayət vermişdi. Onun şikayətinə bir müddət əvvəl baxılıb və Əhliman Süleymanovla bağlı hissədə qərar ləğv olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Əhliman Süleymanov bildirir ki, bu qəzanın baş verməsində onun heç bir günahı olmayıb. O, öz yolu ilə getdiyi halda, arxadan sürətlə gələn “Mercedes” idarə etdiyi yük maşınının sağ tərəfindən ötmə hərəkətini həyata keçirmək istəyib və nəticədə qəza baş verib.

Yeri gəlmişkən, iş üzrə ekspertizanın rəyində də “Mercedes”in təxminən 180-200 km. saat/sürətlə hərəkət etdiyi göstərilib.

Informasiya şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.