Müğdət Həşimovla Paşazadələrin imzaladığı şəriklik müqaviləsi ortaya çıxdı; sənəd şərikə faiz borcu ödətdirilməsini də nəzərdə tutur!
“Yeni Müsavat”ın ötən sayında Bakı İstintaq Təcridxanasında saxlanılan Müğdət Həşimovun məktubunu dərc etmişdik. “Yeni Müsavat”ın 23 may sayında dərc olunan “Allahşükür Paşazadənin adı cinayət işində!!!” sərlövhəli yazıda M.Həşimovun Paşazadələrlə şərikliyindən, ona şərik olaraq verilmiş 700 min manatın müqabilində 800 min manatı qaytarmasından və həbsin sifarişli olmasından bəhs olunurdu.
M.Həşimov “həbsimin səbəbkarı və sifarişçisi Milli Məclisin deputatı Cavanşir Paşazadədir” iddiasını da irəli sürüb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə modern.az saytına yazılanların uydumadan ibarət olduğunu deyib: “Mən elə bir adam tanımıram, tanımaq və adını belə eşitmək istəmirəm”.
Cavanşir Paşazadə “axı siz Müğdət Həşimovla ortaq işləmisiniz” sözlərinə cavab olaraq əlavə şərh vermək istəmədiyini deyib: “O çox şey deyə bilər, qanun var, qayda var. Kim nə istəyir yazsın, kim də hansı ittihamı istəyir səsləndirsin”.
Deputatın bu açıqlamasından sonra redaksiyamıza M.Həşimovla Paşazadələrin şərikliyini təsdiqləyən sənəd daxil olub. Həmin sənəddə yazılanları təqdim edirik.
“Birgə fəaliyyət haqqında müqavilə” adlanan sənədi 6 dekabr 2012-ci ildə Bakı şəhərinin notariusu Elmar Qəzənfər oğlu Əliyev təsdiqləyib.
Həmin müqavilədə deyilir:
Biz aşağıda imza edən: Bakı şəh. M.Nağıyev küç.ev 5-də yaşayan Paşazadə Pakizə Qənbər qızı; Bakı şəh. M.Nağıyev küç. ev 5-də yaşayan Paşazadə Məhəmməd Allahşükür oğlu, Bakı şəh.M. Nağıyev küç. dön. 1. ev 10-da yaşayan Əliyeva Kəmalə Cavanşir qızı; Bakı şəh. N.Nağıyev küç. d. 1, ev 10-da Əliyev Atiq İlyas oğlu bir tərəfdən bundan sonra bu müqavilədə birinci tərəf adlandırılacaq və bundan sonra bu müqavilədə ikinci tərəf adlandırılacaq Bakı şəh. Azadlıq pr. ev 146,mən. 2-də yaşayan Həşimov Müğdət Əhmədiyyə oğlu aşağıdakı məzmunda müqavilə bağladılar:
1.1 «Aygün-C» MMC-nin təsisçiləri Paşazadə Pakizə Qənbər qızı; Paşazadə Məhəmməd Allahşükür oğlu, Əliyeva Kəmalə Cavanşir qızı; Əliyev Atiq İlyas oğlu Bakı şəh. Nəsimi r-nu, 668-ci məhəllə, Şövqiyar Abdullayev küçəsi 23 ünvanında yerləşən 1255 kv.m-dən ibarət qeyri-yaşayış sahəsində gələcəkdə tibbi klinika kimi fəaliyyət göstərmək üçün tibbi avadanlıqların alınmasına görə 700000 (yeddi yüz min) manat pul məbləğini Həşimov Müğdət Əhmədiyyə oğluna verməyi öz öhdələrinə götürürlər.
1.2. Həşimov Müğdət Əhmədiyyə oğlu isə öz növbəsində 07.01.2013-cü il tarixdən başlayaraq 06.01.2014-cü il tarixədək hər ay üçün "Bank «VTB» ASC-yə 8.740.28 (səkkiz min yeddi yüz qırx manat 28 qəp) faiz borcunu, 06.01,2014-cü il tarixdən 30.11.2017-ci il tarixədək hər ay üçün 19.402.87 (on doqquz min dörd yüz iki manat 87 qəp) aylıq ödəniş etməyi öz öhdəsinə götürür.
2. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə yolu ilə həll ediləcək.
3. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və öhdəlik tam icra olunanədək qüvvədədir.
4.Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər M.A.Paşazadə tərəfindən ödənilir.
5. Bu müqavilə Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 7 nüsxədə tərtib olunmuşdur. Həmin nüsxələrdən biri notariat kontorunda saxlanılır, digərləri isə tərəflərə verilir.
Bu sənəd artıq heç bir şərhə ehtiyac qoymur...
E.HÜSEYNOV
P.S. Yazıda adı çəkilən hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.