Lənkəranda kirayədə yaşadığı evdən (qohumunun evi) qızıl-zinət əşyalarını götürdüyü və öz əl-ayağını bağlayaraq, bunu qarət kimi təqdim etdiyi, bir neçə gündən sonra isə Bakıya qaçıb evlərinə girov götürüldüyü xəbərini verdiyi deyilən 19 yaşlı hamilə gəlin olanları mətbuata açıqlayıb.
“Həyat yoldaşımı sevdiyimdən bu addımı atdım”
Ülviyyə Ağayeva günahını etiraf edərək, Bakıda işləyən həyat yoldaşına qovuşmaq üçün bu addımı atdığını bildirib.
“Hər şeyin günahkarı mənəm. Evdə həyat yoldaşım Kamran üçün darıxırdım. Evimizə “Azərsu”nun işçilərinin gəlməsi, əllərimin bağlanması, oğurlanmam və 80 min manat pul məsələsi – hamısını mən uydurmuşam. Bilmək istəyirdim ki, həyat yoldaşım məni sevir, yoxsa sevmir? Qaynanamla, ərimlə aramızda heç bir problem olmayıb. Mən Kamranı sevirəm. Onunla öz istəyimlə ailə həyatı qurmuşam. Onlar heç vaxt məni incitməyiblər. Yoldaşım Bakıya işləyib, yaşayır. Onun üçün darıxırdım. Birdən belə fikir ağlıma gəldi, elədim. Peşmanam. Hadisədən sonra Kamranla telefonda danışdım. Ona peşman olduğumu dedim. Polislərdən xahiş edirəm ki, Kamranı, qaynanamı incitməsinlər. Onların heç bir günahı yoxdur. Mən onları çox istəyirəm”.
Ülviyyə Ağayevanın Lənkəran şəhərində müvəqqəti yaşadığı evin sahibi Zəminə Qurbanova da hadisə ilə bağlı təəssüratlarını bölüşüb.
“Ülviyyənin qayınanası mənim baldızımdır. Onlar Lənkərandakı evlərini kirayə verib, başqa kənddə yaşayırdılar. Mehkamə məndən xahiş etdi ki, evimi bir neçə günlük onlara verim, qaynana-gəlin birlikdə qalsınlar. Biz Bakıda yaşadığımız üçün Lənkərandakı evin açarını onlara verdik. Onlar bir neçə gün bizim evdə qaldılar. Sonra bizə zəng etdilər ki, evə oğru girib, Ülviyyəyə təzyiq ediblər. Araşdırandan sonra məlum oldu ki, oğurluq söhbəti yalandır. Belə bir hadisə olmayıb”.
Ü.Ağayevanın qaynanası Mehkamə Qubanova isə məlum hadisəyə görə gəlinini günahlandırıb.
“Gəlinim bizə şok yaşatdı. Bizi bütün ölkədə biabır etdi. Oğurluq söhbəti olanda, heç vaxt gözləməzdim ki, bunları Ülviyyə edib. Amma arada bir yalan danışdığını hiss edirdim. Deyirdim gəlindi, yəqin nəsə olub ki, belə danışır. Ülviyyəyə həmişə deyirdim ki, qızım, ən böyük biclik düzlükdür, yalan danışmaq olmaz. O, heç vaxt etdiyi hərəkət boynuna almırdı. 6 aylıq hamilə idi. 450 manat onun doğum xərci üçün pul toplaşmışdıq. Oğlum Kamran məcburiyyətdən Bakıda işləyir.
Ülviyyə müstəntiqə etiraf edib ki, guya Kamrandan ayrı qala bilmədiyindən bu hadisəni törədib. Normal insan belə iş görməz. O, xəstədir. Kamran maşın ustası işləyir. Ülviyyə ona zəng edib, qışqıraraq deyib ki, kömək elə, məni girov götürüblər. Oğlumun həmin vaxt ürəyi gedib. Daha sonra Kamrana mesajlar gəlib ki, əgər arvadını görmək istəyirsənsə, gəl çay qırağına. Ülviyyə kiminsə adı ilə ərinə mesajlar yazıb ki, 80 min manat pul verməsən arvadını öldürəcəyəm”.
Lənkəran şəhər Polis İdarəsindən bildirilib ki, Ülviyyə Ağayeva barəsində açılan cinayət işində əks olunan quldurluq maddəsi öz təsdiqini tapmayıb.
“Həmin xanım bütün hadisələri özü uydurub. Səbəb kimi həyat yoldaşından ayrı yaşaması göstərilib. Biz istintaq espermenti keçirdik. Onun əllərini və ayaqlarını necə bağlaması bizdə sual yaradırdı. Yapışqan lenti ona verərək, yenidən əllərini və ayaqlarını bağlamasını istədik. Həmin xanım əllərini elə bağladı ki, biz məttəl qaldıq” – deyə müstəntiq vurğulayıb.
Ü.Ağayevanın valideynləri qızlarının uşaqlıqdan psixoloji probleminin olduğunu deyiblər.
“Ülviyyənin 15-17 yaşlarında psixoloji problemləri olub. Gecələr ağlayır, sayıqlayırdı. Qızım bir dəfə yuxudan oyanıb deyib ki, Ağcabədi rayonunda bir məsciddə onu gözləyirlər, guya onu ilan yeyib və s. Onun psixoloji problemləri var idi. Hamiləlik dövründə bu daha çox özünü büruzə verir” – deyə Ü.Ağayevanın valideynləri bildirib (aznews.az).