18 yaşlı oğlanla ailə quran müəllimənin işlədiyi məktəbdən reportaj: “Hadisəni hamı normal qarşıladı” - FOTOLAR

25-05-2016, 20:47   

Binəqədi rayonunun Biləcəri qəsəbəsində 32 yaşlı müəllimənin 18 yaşlı şagirdi ilə ailə qurması bu gün ölkə gündəminin ən çox müzakirə olunan hadisəsi oldu. Bəziləri bu xəbərdən təəccübləndi, bəziləri qınadı, böyük əksəriyyət isə hadisənin normal bir evlilik olduğunu və yaş məsələsinin bu durumda problem olmadığını dedilər.

Musavat.com-un müxbiri 32 yaşlı müəllimənin çalışdığı 301 saylı məktəbə baş çəkib və gəzən söz-söhbətin əslini öyrənməyə çalışıb.

Dərs günü olmasına baxmayaraq, məktəbdə sakitlikdir. Məktəbin həyətində müəllim və şagirdlər gözə dəymir. Giriş qapısına yaxınlaşıb, mətbuatdan gəldiyimizi bildirdikdə isə qapını üzümüzə bağladılar. Məktəbin içərisində səs-küy, çığır-bağır səsləri eşidirik. Direktor və müəllim kollektivi təlaşda idi.

Bir qədər keçmiş direktor müavini mətbuatdan olduğumuzu biləndə qışqırmağa başlayır: “Bizə məlumat verməyə icazə yoxdur. Bəsdir! Çıxın gedin... Təhsil Nazirliyi bizə danışmağı qadağan eləyib. Siz jurnalistlər dəhşətsiniz adam evlənə bilməz? Həm də o oğlan artıq bizim məktəbin şagirdi deyil. Jurnalistlər ağızlarına gələni yazıblar” .
Əsəbi halda gözətçiləri tənbeh edərək tələsik harasa gedir.

Sonra dərslər bitdiyi üçün direktor müavini şagirdləri hissə-hissə buraxır, məktəbdən bayıra çıxan şagirdlərə isə bir kəlmə belə danışmamaq tapşırığı verilib.

Övladlarının arxasına məktəbə gəlmiş valideynlərdən bəzi məqamları öyrənə bildik. Adının çəkilməsini istəməyən bir valideyn müəlliməni çoxdan tanıdığını, onu tərbiyəli, mədəni bir qadın kimi tanıdığını və ailə qurduğu şəxslə münasibətlərinin bütün məktəb kollektivinə bəlli olduğunu dedi: “Əminə müəlliməni 4 ildir ki, tanıyıram. Bu məktəbdə ingilis dili müəlliməsi işləyir. Qızımın müəlliməsi olub. Çox mədəni, tərbiyəsi və xanımlığı ilə seçilən biri idi. Ailə qurmasına gəlincə, mən normal baxıram. Çünki onların münasibətini hamı bilirdi. Oğlan, səhv eləmirəmsə, Biləcəridə yaşayır. Ancaq bu məktəbdə oxumur. Müəllim kollektivində heç kəs bu məsələyə pis baxmadı. Oğlan dərsin bitməyinə az qalmış gəlirdi və Əminə müəlliməni gözləyirdi. Birgə gedirdilər. Münasibətləri çoxdan var idi. Burada qəbahət heç nə yoxdur. Yalandan yazırlar ki, onun şagirdi olub. Axı, belə söhbətlər yanlışıdır. Oğlanın 20 yaşı var. Müəllimənin isə 32 yaşı... Burada əsas camaatın gözünə görünən yaş məsələsidir. Atalar demiş, könül sevən göyçək olar. Neyləmək olar ki...”.

Valideynlər ötən gün cütlüyün toy mərasiminin keçirildiyini də dedilər: “Valideyni razı olmadığından qız qoşulub qaçmağa məcbur olub. Dünən “Ağ saray” şadlıq sarayında toy mərasimi keçirildi. Çox gözəl də toy keçdi. Qızım qohumlarından toyda iştirak edən olmayıb. Oğlanın valideynləri toyda nitq söyləyiblər, yaxşı iştirak ediblər. Söz-söhbətlər gəzir ki, oğlan guya qızı yoldan çıxarıb. Yalan məlumatlardır. Məktəbin direktoru hadisədən sonra həmin müəlliməni çağırıb, məsələni öyrənib. Direktora da bildirib ki, münasibətlər qarşılıqlıdır. Oğlanın ailəsi bir neçə dəfə elçi gediblər, ancaq qızı verməyiblər. Qızın da yaşı keçdiyinə görə bu addımı atıb”.

Məktəbdə olduğumuz zaman digər media qurumlarının nümayəndələri də orada idi. Məktəbin mühafizəçisi jurnalistləri ərazidən uzaqlaşdırmağa çalışırdı.

N.Məcidli
Musavat.com
18 yaşlı oğlanla ailə quran müəllimənin işlədiyi məktəbdən reportaj: “Hadisəni hamı normal qarşıladı” - FOTOLAR

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.