18 yaşında ölən Leylanın cəzasız qalan həkimi indi də “AVRASİYA” klinikasında

28-05-2016, 14:10   


18 yaşında ölən Leylanın cəzasız qalan həkimi necə “əlçatmaz” oldu
Azərbaycanda ağır xəstəliyə düçar olub, özəl tibb klinikalarına müraciət edən xəstələrin işi Allaha qalıb. Söhbət müalicənin bahalığından, klinikaya və dərmanlara ödənilən puldan getmir. Hərçənd ki, özəl klinikalarda təyin edilən pulu ödəyə bilmədiyi üçün müalicəni yarımçıq saxlayanların, əməliyyat masasından evə getməyə məcbur olanların, klinikada süni yaradılan borca görə ölüsünü geri ala bilməyənlərin sayı kifayət qədərdir. Üstəlik, həkim təcrübəsiz və qeyri-peşəkardırsa, çəkilən xərclər bir yana, xəstənin yaşamaq şansı da azalır. Ötən ilin martın 17-də “StarMed” klinikasında burnundan əməliyyat olunan zaman dünyasını dəyişən 18 yaşlı Mürsəlova Leyla Namiq qızı kimi…

Leylanı əməliyyat edən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə məsuliyyətə cəlb edilməyiblər. Halbuki, bu hadisə Rusiyada, Türkiyədə və ya digər ölkələrdə baş versəydi, həkimlər məsuliyyətdən yayına bilməzdilər. Hadisədən sonra “StarMed” klinikasının fəaliyyəti dayandırılsa da, Sənan Mehdiyev paytaxtın tanınmış klinikalarından birində - “Avrasiya” klinkasında işlə təmin edilib.



Virtualaz.org saytının əməkdaşları həmin klinikada olub, gənc qızın ölümünə səbəb olan cərrahın digər xəstələri ilə söhbətləşiblər.

…Sənan Mehdiyevin qəbuluna düşmək üçün əvvəlcədən zəng vurmaq, növbəyə yazılmaq lazımdır. Yox, elə təsəvvür etməyin ki, həkimin qəbulunda saatlarla növbə gözləyənlər var və bu kütləni yarıb həkimlə görüşmək müşkül məsələdir. Sadəcə olaraq, həkimin məşhur və əlçatmaz olması görüntüsü yaratmaq üçün bu variant uğurlu seçimdir.

“Avrasiya” klinikasında, Sənan Mehdiyevin kabinetinin qarşısındayıq. Öyrənirik ki, “StarMed” klinikasında baş verən faciədən sonra həkim qəbul qaydalarını dəyişib. Müraciət edənlərin şəxsiyyət vəsiqəsi yoxlanılır, xəstə yaxınlarına baş verəcək hər hansı hadisəyə görə həkimin məsuliyyət daşımayacağı bildirilir.

Sənan Mehdiyev əməliyyatda olduğu üçün onu gözləyən xəstələrlə söhbətləşirik. Həkimi gözləyənlərdən biri Sevinc Nəsibova 1 il 8 ay əvvəl əməliyyat olunduğunu deyir: “Burnumun şişi çəkilməyib. Əvvəlcə demişdilər ki, 6 aydan sonra üzünün şişi çəkiləcək, burnun formaya düşəcək. İndi isə 5 il müddət qoyublar”. Sevincin yanındakı anası söhbətə qoşulur: “Uşaq tək gəlmişdi. Həkim kobudluq edib. Ona görə də, mən danışmağa gəlmişəm. Sevincə deyib ki, dediklərimi tam yerinə yetirməmisən, ona görə də, burnunun şişi çəkilmir. Nə deyibsə, onu da eləmişik”.



Digər xəstə söhbətə qarışır və cərrahı müdafiə etməyə çalışır: “Olur belə şeylər. Sənan həkimin əməliyyat etdiyi 100 xəstədən biri belə ola bilər”.

Adının Nuriyyə olduğunu söyləyən qadından nə vaxt əməliyyat olunduğunu xəbər alırıq. Bəlli olur ki, xanım hələ əməliyyat ediməyib: “Sənan həkim bizimlə eyni kənddəndir. Ona görə də, bilirəm ki, qəsdən edə bilməz. Həkimdir də, bütün xəstələr razı qala bilməzlər ki…”

Qadının dedikləri həkimi gözləyən digər xəstənin narazılığına səbəb olur. “Həkim bütün xəstələri üçün məsuliyyət daşıyır. Əgər əməliyyatda çətinlik çəkirsə, bunu əvvəlcədən deməlidir. Niyə əməliyyatdan əvvəl riskdən, ehtimallardan danışmır?”

Həkimi gözləyənlərdən Sənan Mehdiyevin uğursuz əməliyyatından xəbərdar olub-olmadıqlarını soruşuruq. Yənə də ilk danışan Nuriyyə xanım olur. Qadın əvvəlcə deyilənləri yalan adlandırır, sonra sözünü dəyişərək Leylanın ölümündə cərrahın deyil, anestezioloqun günahkar olduğunu bildirir. Bəlli olur ki, çoxları həkimin bu əməliyyatından xəbərsiz olub.

“Axı, Sənan Mehdiyev bu qədər reklam edilir. Bəs niyə cəzalandırılmayıb?” Xəstələrdən birinin sualına cavab vermək istəyirik. Lakin həkimin tanışı olan qadın açıqlama verməyimizə mane olur. Bundan sonra kabinetə keçir və otaqdakılara məlumat verir. Xəstələr isə uzaqlaşırlar. Biz qapıdan çıxanda Sevinc arxamızca gəlir: “Çalışın, onunla görüşməyin. Çox kobud adamdır. Yalnız kişilərdən çəkinir”,- deyə xəbərdarlıq edir.



“Avrasiya” klinikasından həkimlə bağlı suallarımıza cavab ala bilmirik. Qeydiyyatdan yalnız cərrahın köməkçisi ilə danışmağı məsləhət görürlər: “Ancaq köməkçisi məlumat verə bilər. Baş həkim isə yerində deyil”.

Növbəti gün klinikaya zəng vurub məsul şəxslərdən biri ilə danışmaq istəyirik. Suallarımızı dinləyib dəstəyi asırlar. Sənan Mehdiyevin köməkçisi isə suallarımızı dinləmək istəmir.

…İnternetdə, xüsusilə sosial şəbəkələrdə həkimin reklamları yerləşdirilib - “Gözəlləşdirmək istəyinizi Sənan Mehdiyevlə həyata keçirin”. Gözəl qız şəkilləri Mehdiyevin şah əsərləri kimi təqdim olunub. Görünür, həkim seçərkən peşəkarlığa və ya təcrübəyə deyil, onun reklamına, bu reklamdan gətirdiyi pullara üstünlük verənləri Leyla kimilərin faciəsi maraqlandırmır.

Ülviyyə Xudiyeva

İnarə Rafiqqızı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.