Mayın 27-də Xırdalan şəhərində müdhiş cinayət hadisəsi baş verib.
Təxminən 20 nəfər gənc şəhərin mərkəzində yerləşən (Heydər Parkı ilə üzbəüz) “Park” adlı kafeyə hücum ediblər. Sərxoş vəziyyətdə olan dəstə üzvləri kafeni darmadağın edərək, sahibkara külli miqdarda ziyan vurublar. Bundan sonra obyektə rəhbərlik edən iki gənci kafedən çıxararaq, yolun ortasında vəhşicəsinə döyüblər. Bundan sonra kafedə ofisiant işləyən gənc xanımı avtomobilə oturdaraq aradan çıxıblar.
Əllərində bıçaqlar oynadan mütəşəkkil dəstənin bu xuliqanlığı parkda istirahət edənlərin, eləcə də ətrafda yaşayanların təşvişinə səbəb olub, hadisə yerinə çoxlu insanlar yığışıb. Buna görə də şəhərin əsas yollarından biri yarım saat ərzində bağlı qalıb. Maraqlıdır ki, yerli polisin 24 saat xidmət aparmalı olduğu ərazidə baş verən bu biabırçı olay onların gözündən “yayınıb”. Yalnız sakinlərin 102 xidmətinə zəngindən sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəlib. Həmin vaxta qədər isə dəstə üzvləri avtomobillərinə əyləşərək aradan çıxıblar. Şahidlərinin bildirdiyinə görə, hadisə yerinə gələn polislər, müəyyən sorğu-sualdan sonra dəstə üzvlərini tanıdıqlarını deyiblər. Bildiriblər ki, həmin dəstə Abşeron ərazisində tez-tez belə hadisələr törədir, özlərini kriminal avtoritetlər kimi təqdim edirlər, “söhbətlərə” gedirlər. Guya, dəstəyə Kamran adlı bir şəxs rəhbərlik edir. Polislər söhbət əsnasında onu da bildiriblər ki, həmin şəxs bir müddət əvvəl ev yarmaqda suçlu bilinərək bir aylıq həbs olunub.
Məsələ ilə bağlı Abşeron rayon Polis Şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxladıq. Növbətçi əməkdaş məsələdən xəbərsiz olduğunu, bununla bağlı heç bir açıqlama
vermək istəmədiklərini bildirdi.