Sumqayıtın icra başçısı Zakir Fərəcovun qanunsuz əməllərindən ötən yazılarımızda bəhs etmişdik. Bu şəxsin Abşeron rayon icra hakimiyyəti başçısı işlədiyi dövrlər sadə dillə desək rayonun tarixinə qara hərflərlə yazılıb. İcra başçısı kimi vətəndaşların hüquqlarını pozmaqla diqqət çəkən məmurun sonralar böyük bir şəhərə rəhbər təyin olunması narahatlıq yaratmaqdadır. Ölkə başçısının tapşırıqlarına məhəl qoymayan şəxsin gizli əməllərinin aşkara çıxmasına bəzi qüvvələr tərəfindən əngəllər yaradılmış və gerçəkliklər gizlədilmişdir. “azerinews.az”-ın yazdığı məlumatlara diqqət edəndə məlum olur ki, Zakir Fərəcov saxladığı qoçu dəstələrinin əli ilə bir sıra zorakılıqların həyata keçməsinə əmrlər vermiş və hamının gözü qarşısında vəzifə səlahiyyətlərini aşmışdır. Sayt icra başçısısnın qohumlarının əli ilə həyata keçirdiyi saxtakarlıqları önə çəkməklə Fərəcovların cəzasız qalmasının səbəblərinə aydınlıq gətirməkdə çətinlik çəkir. Təbii ki, Fərəcovların bu ölkədə toxunulmazlıq hüququ olmadığını və qanunların tələblərinin onlara şamil edilmədiyini təsdiq edən bir qərar əlimizdə yoxdur. Biz də “azerinews.az”-ın cavab tapa bilmədiyi sualları cavabsız qoymağa məcburuq. Fərəcovlara toxunulmazlıq hüququ verənlərin kimliyini ifşa etməklə onların əynindən “qoruyucu munderi” çıxarmağa çalışacağıq.
Zakir Fərəcov həbs oluna bilər
Bir sıra media orqanlarında imzamla dərc olunan məqalələrdən sonra Sumqayıtın icra başçısı haqqında bir sıra məlumatlar email ünvanıma göndərilib. Həmin məlumatlarda Zakir Fərəcovun gizli qanunsuz əməllərinin artıq ifşa olunduğu əksini tapır. Mənbə bildirir ki, icra başçısının keçmişdəki cinayət tərkibli əməlləri toparlanaraq Prezident Aparatının məsul şəxslərinə verilib. Həmin məlumatlarda qeyd olunan faktlar yaxın zamanda ölkə başçısına məruzə olunacaq. Mənbə onu da qeyd edir ki, Zakir Fərəcovun Abşeronda, istərsədə Sumqayıtda işlədiyi dövrlərdə mənimsədiyi küllü-miqdarda dövlət vəsaitinin hesabı da sorulacaq. Nəticədə bu məmurun həbs olunacağına və məhkəmə qarşısına çıxarılacağanı əsas verəcək.
Mənbənin redaksiyamıza ünvanladığı faktları araşdırdıq. Məlum oldu ki, Abşeron rayonunda icra başçısı işlədiyi illərdə sabiq MTN naziri Eldar Mahmudova böyük məbləğlərlə ölçülən hədiyyələr bəxş edən icra başçısı özünü cinayətkar şəbəkənin öndə gedən üzvünə çevirib. Belə ki, Sumqayıtın icra başçısı sabiq nazirə Pirşağı qəsəbəsində başına qoyduğu papaq formasında villa tikdirib. Sabiq MTN şefi Eldar Mahmudov işdən çıxarıldıqdan sonra onunla əlaqəli olan, hətta ona bir sıra işlər görmüş şəxslərin haqqında xeyli sayda məlumatlar gündəmə gəlib. Bu sırada keçmiş nazirin pul qazanmasına yardımçı olmuşlarla yanaşı, ona lojistik dəstək verənlərə qədər bir çoxlarının adları var.
MTN şefinə 4 milyonluq hədiyyə
Qaynar.info xəbər verir ki, Eldar Mahmudova bahalı hədiyyələr, villalar, evlər, habelə imarətlər ərmağan edənlərin də sayı az olmayıb. Bu sırada bir müddət əvvəl deputat Şəmsəddin Hacıyevin də adı çəkilirdi. Bununla bağlı bildirilirdi ki, deputat 20 Yanvar dairəsinə yaxın yerdə inşa etdirdiyi çoxmərtəbəli üç binadan xeyli sayda mənzili sabiq nazirə və onun yaxınına hədiyyə edib.
Bu gün isə məlum olub ki, Eldar Mahmudova bahalı hədiyyə verənlər sırasında Şəmsəddin Hacıyev yeganə şəxs deyil. Ondan başqa, daha bir icra başçısı da sabiq nazir üçün olduqca bahalı bir iqamətgah inşa etdirib. Xeyli müddət Abşeron rayonuna rəhbərlik etmiş, hazırda isə Sumqayıt şəhərinin meri olan Zakir Fərəcov da sabiq MTN şefi ilə yaxın münasibətlərə malik olub.
Həmin məlumatlarda vurğulanır ki, bu münasibətlərin təzahürü olaraq Pirşağıda inşa edilmiş maraqlı bir iqamətgahı göstərmək olar. Mənbənin bildirdiyinə görə, Zakir Fərəcov bir neçə il bundan əvvəl Pirşağıda sabiq nazirə maraqlı layihəsi olan villa tikdirib. Həmin villanın yuxarıdan görünüşü general furajkası formasındadır.
Mənbə iddia edir ki, həmin villaya kənardan baxdıqda da general furajkasını aydın şəkildə görmək mümkündür. Onun sözlərinə görə, bu tikinti icra başçısına 4 milyon manata başa gəlib. Və həmin tikinti işlərini də Abşeron rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəhbərliyi və işçiləri həyata keçiriblər. Daha doğrusu, bütün vəsait onlardan alınıb.
Qeyd edək ki, Zakir Fərəcovun Eldar Mahmudovla yaxın əlaqələrə malik olması məsələsi hələ xeyli əvvəldən məlum idi. Hətta sabiq nazir icra başçısını bir sıra problemlərdən qorumağı da öhdəsinə götürübmüş. Bu sırada onun haqqında mətbuatda yazılan yazıların qarşısını almaq da varmış. O da vurğulanır ki, tanınmış saytlardan birində dərc olunmuş yazının təkzib olunması və dayandırılması üçün də MTN zabitləri bir xeyli əziyyət çəkiblər. Növbəti yazımızda bununla bağlı geniş məlumat verəcəyik.
Furajkalı villa Zakir Fərəcovun başına torba sala bilər
Sumqayıt merinin ifşa olunmuş cinayətkar şəbəkənin digər üzvü ilə də yaxınlıq münasibətləri gündəmə gəlib. MTN-nin hazırda həbsdə olan və işgəncə maşını adlanan zabiti Akif Çovdarova da hədiyyələr bəxş edən icra başçısı, Eldar Mahmudovun furajkasına oxşar tikdirdiyi villa və bəxşiş torpaqlarla patensialını itirmiş başına torba tikib. Həmin torbanın Zakir Fərəcovun başına keçiriləcəyi günə az qaldığını bildirən mənbə bundan qurtuluşun olmadığını önə çəkir. Lakin nəzərə alsaq ki, icra başçısı özünü Bəylər Eyyubovun qohumu adlandırır, onda Fərəcovun başının bu torbanı da “cıracağına” şübhə yoxdur. Eldar Mahmudovu razı salandan və onunla dost münasibətlərini möhkəmləndirəndən sonra keçmiş MTN-nin işgəncə maşını sayılan Akif Çovdarovla da yaxınlıq başlayır. Zakir Fərəcov hazırda cinayət əməllərinə görə həbsdə olan Akif Çovdarova Abşeron rayonunda hektarlarla torpaq sahələri hədiyyə edib. Həmin torpaq sahələri bağışlanandan sonra Akif Çovdarov icra başçısının xətrinə dəyənləri öz amansız qaydalarına qonaq edirmiş. Əslində Zakir Fərəcovun da bu cür qaydaları sevdiyini keçmişindən gələn bir hiss olduğunu qeyd etmişdik.
Hər iki MTN generalına hədiyyələr cavabsız qalmır. Eldar Mahmudov Zakir Fərəcovun bu sevgisini yüksək qiymətləndirir və icra başçısısnın yeznəsi Əsədov Pərvini MTN-də işə götürür. İşə götürən kimi dərhal onu Milli Təhlükəsizlik nazirliyinin Qaradağ rayon şöbəsinə rəis təyin edir. 4 milyonluq furajkalı villa və obyektlər MTN şefinin növbəti bazarlığı olur.
Zakir Fərəcovun adıçəkilən şəxslərlə və ya cinayətkarlarla sıx bağlılığı, dostluq münasibətləri, nəticədə dövlət əmlakını şəxsi malı kimi onlara pay verməsi diqqətlərdən kənarda qalmamalıdır.
DTX rəhbəri cənab Mədət Quliyevə
Hörmətli Mədət müəllim!
Abşeronun keçmiş icra başçısı , hazırda Sumqayıt şəhərinin meri Zakir Fərəcovun keçmiş MTN-nin cinayətkar şəbəkəsi ilə sıx işbirliyi və dövlətin əmlakının mənimsənilməsi ilə nəticələnən fəaliyyəti hamımızı narahat edir. Bu məmurun Eldar Mahmudova 4 milyonluq villa hədiyyə etməsi və nəticədə yeznəsi Əsədov Pərvinin DÖVLƏT üçün əhəmiyyətli bir sahəyə şöbə rəisi təyin olunması diqqətdən kənarda qalmadığına inanırıq . Xatırladım ki, Zakir Fərəcov hazırda da öz qanunsuz əməllərini Sumqayıt şəhərində davam etdirməkdədir. Hazırda, Sumqayıtda və Abşeron rayonunda “qoçu” dəstələri yaradan Zakir Fərəcov vətəndaşların hüquqlarını kobud şəkildə poznmaqla məşğuldur. Onun ətrafının, tikinti aparan vətəndaşların evlərinə hücum çəkmələri, rüşvət tələb etmələri, insanları narazı salmaları Eldar Mahmudov və dəstəsinin maraqlarına xidmət etməkdədir.
Hörmətli Mədət müəllim!
Dövlətimiz və cəmiyyətimiz üçün yaranmış təhlükəni və Eldar Mahmudovun Fərəcovların azadlıqda olan dəstələrini ifşa etmək, onların qanunsuz fəaliyyətlərini işıqlandırmaq funksiyası mətbuatın vəzifəsi və borcudur. Lakin mətbuat cəza tətbiq edən orqan olmadığı üçün Sizə üz tutub bu müraciəti ünvanlamaq istədik. Ümid edirik ki, bu dövləti sevən bir insan olaraq yazıda qeyd olunan faktların ciddi araşdırılmasına tapşırıq verəcək və Zakir Fərəcov təhlükəsinin qarşısını alacaqsınız.
Sizə öncədən təşəkkür edirəm.
Mövzuya qayıdacağıq.
İkram Rafiqoğlu