Keçmiş nazir barədə yeni sensasion iddia
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, hələ də həbs olunmayan Eldar Mahmudov Nardarandakı bağ evində yaşayır. Iddialara görə, MTN-in keçmiş şefi bağına bu yaxınlarda köçüb. Onun kiminləsə əlaqə saxlamasına icazə verilmir.
Başqa bir məlumat isə Eldar Mahmudovun azadlıqdakı adamlarına “şifrəli məlumatlar” ötürməsilə bağlıdır. Qeyd edək ki, bu iddianı ilk olaraq deputat Zahid Oruc səsləndirib. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, MTN-də xeyli məmurla bağlı kompromatlar olub. Həmin kompramatlar MTN-nin özündə deyil, başqa yerlərdə saxlanılır. Qeyd edək ki, bir neçə gün əvvəl MTN-lə bağlı əməliyyat keçirilən zaman qurumun Anti-Terror Mərkəzinin rəis müavini Ilqar Əliyevin məmurlarla bağlı kompromat tipli xeyli materialı məhv etdiyi barədə məlumat yayılmışdı. Ekspertlər isə bu tip materialların MTN-də saxlanılmasını inandırıcı saymamışdı. Adının çəkilməsini istəməyən ekspertlərdən biri bizimlə söhbətində bildirib ki, şəbəkə indinin özündə də məmurlara qarşı əllərində olan kompromatlardan istifadə edir. “Bu mənada Zahid Orucun dediklərində müəyyən həqiqət var”, – deyə ekspert bildirib.
Həmsöhbətimiz konkret faktı da diqqətimizə çatdırıb: “Bir müddət əvvəl maliyyə naziri Samir Şərifov barədə material dərc olundu. Həmin materialda maliyyə naziri bir neçə ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilirdi. Bu materialı MTN-dəki məlum şəbəkə tərəfindən ötürülüdyü istisna deyil. Təsadüfi deyil ki, həmin materiala qarşı cavab yazısında da Eldar Mahmudov ittiham edilirdi. Samir Şərifov Beynəlxalq Bank işində fəallıq göstərdiyinə görə hədəfə gəlmişdi. Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev isə Eldar Mahmudovla qudadır. Güman ki, başqa məmurlara da bu tip materiallar göndərilir. Onlar susursa, material ictimailəşmir, əks təqdirdə müxtəlif vasitələrlə mediaya ötürülür”.