Vüqar Qələndərov: “İcra başçısı Eldar Mahmudova görə mənə - işçilərini götür get Prezident Aparatının qarşısında qarşıdurma yarat- deyirdi”
İkram Rafiqoğlunun layihəsi – Keçmişlə doğulan bu gün...
Abşeronun keçmiş icra başçısı hazırda Sumqayıt şəhərində eyniadlı vəzifənin sahibi Zakir Fərəc oğlu Fərəcovun keçmişi ilə bağlı qaranlıq qalan məqamlara “miq.az” saytında gedən yazılarımızda aydınlıq gətirmişdik. Lakin redaksiyamıza daxil olmaqda olan məlumatlar Sumqayıt merinin gizli fəaliyyəti və qaranlıq əməllərinin təkcə yazılanlarla bitmədiyini görürük. Qeyd edim ki, Abşeron rayonunda icra hakimiyyəti başçısı işlədiyi illərdə Zakir Fərəcov, keçmiş Milli Təhlükəsizlik naziri, hazırda cinayət tərkibli əməllərinə görə barəsində cinayət işi açılmış, ev dustağı Eldar Mahmudov və MTN-in “işgəncə maşını” sayılan, hazırda həbsdə olan Akif Çoxdarovla yaxın münasibətdə olub. Hətta MTN-in cinayətkar şəbəkəsininin bir sıra üzvlərinə hədiyyələr verən icra başçısı Eldar Mahmudov üçün general furajkasına bənzər damı olan 4 milyonluq villa tikdirib. Akif Çovdarovu da yaddan çıxartmayan Z.Fərəcov Abşeron rayonunda hektarlarla torpaq sahələrini bu şəxsə pay verib. Nəticədə cinayətkar şəbəkə ilə sıx münasibət formalaşdıran icra başçısı onların vasitəsilə bir sıra qanunsuz əməllərini həyata keçirib.
Onu da qeyd edim ki, Zakir Fərəcov Eldar Mahmudova və onun cinayətkar şəbəkəsinə verdiyi hədiyyələrin qarşılığını alıb. Keçmiş MTN nazirinin əmri ilə icra başçısının yeznəsi Pərvin Əsədov birbaşa nazirliyin Qaradağ rayon şöbəsinə rəis təyin olunub. Maraqlıdır ki, Milli təhlükəsizlik sahəsində heç bir vəzifə tutmayan və təcrübəsi olmayan şəxs Dövlət üçün əhəmiyyətli məsul rəislik vəsifəsi təyin olunur və bu özbaşınalığa ciddi reaksiya verilmir. Eldar Mahmudov və Akif Çovdarovla yaxın dost münasibətini təsdiq edən faktlar təkcə bunlarla kifayətlənmir.
Cinayətkar şəbəkəyə verilən digər hədiyyələr
Zakir Fərəcov Abşeron rayonunda icra başçısı olduğu illərdə MTN-nin cinayətkar şəbəkəsinin rəhbərlərinə verdiyi hədiyyələr sırasında bir neçə obyektlərə də rast gəlirik. Rayonun mərkəzi yerlərində pay edilən obyektlərlə yanaşı, dəniz kənarı ərazilərdə də Eldar və Akif cütlüyünə qazanc mənbələri təşkil olunub. Sabiq MTN-çilərə verilən hədiyyələr siyahısında istirahət mərkəzləri və restoranların adına da rast gəlirik. Bunlarla yanaşı icra başçısı Mahmudovun şəxsi qonaqlarını qəbul edilməsi və istirahərləri üçün xüsusi adamlar ayırmışdi. Həmin adamlar keçmiş nazirin qonaqlarını rayonun dənizkənarı kəndlərində, restoran və hotellərdə yüksək səviyyədə istirahət etmələri üçün şərait yaratmişlar.
Zakir Fərəcovun bu cənfəşanlığı və Eldar-Akif cütlüyünə olan sevgisi təkcə qeyd olunanlarla bitmir. Mediada qeyd olunduğu kimi icra başçısından yazan saytları susdurmaq üçün cinayətkar şəbəkənin zoruna arxalanan icra başçısı özünü ən güclülərdən saymaqla istəklərini qanunun tələbləri ilə həyata keçirməyib. Lakin MTN şefinin və Akif Çovdarovun cinayət tərkibli əməlləri ifşa olunandan sonra ağır sarsıntı keçirən Fərəcov dostlarının müdafiəsini təşkil etmək və onları həbsdən xilas etmət üçün bir sıra təxribatlara əl atıb.
Sumqayıtda təxribat yaratmaq cəhdi
Cinayətkar şəbəkənin ifşasından bir müddət sonra Sumqayıt şəhərində icra başçısı olan Zakir Fərəcov dostları- Eldar Mahmudov və Akif Çovdarovu qorumaq arzusunu ortaya qoymağa və onların həbsdən azad edilməsi üçün hakimiyyət orqanlarına təzyiq etməyə cəhd edir. Bu şəxsin ilk addımı Sumqayıtda iri ticarət mərkəzlərini bağlayıb insanları işsiz qoymaqla başlayır. Şəhərdə bir sıra obyektləri qanunsuz əmrlə bağlayan və fəaliyyət göstərmələrinə əngəl olan icra başçısı qısa zamanda minlərlə sumqayıtlını işsiz qoyur. İşsiz qalan insanların icra hakimiyyətinə üz tutub qəbula yazılmaq istəklərinə də yox deyən Zakir Fərəcov növbəti gedişini edir. Belə ki, vətəndaşların etirazlarının və narazılıqlarının coşması üçün qəbul etdiyi qanunsuz qərarların Prezident aparatından gəldiyini bildirir.
Bu hadisələrin cərəyan etdiyi günlərdə Sumqayıtda böyük təxribatın hazırlandığını söyləyənlər az deyildi. Məqsəd, Eldar Mahmudov və Akif Çovdarovun sərbəst buraxılması arzusuna çatmaq idi. Güya onlar həbsdə qalsa ölkədə qarşıdurmalar yaranacaq və xarici qüvvələr təxribatlar həyata keçirəcəklər. Sadə insanları işsiz və nəticədə çörəksiz qoyan icra başçısının qaranlıq, çirkin niyyəti çox keçmir ki, ifşa olunur.
Vüqar Qələndərov: “Zakir Fərəcov mənə - işçilərini götür get Prezident Aparatının qarşısında qarşıdurma yarat- deyirdi”
Sumqayıtda böyük ticarət mərkəzlərinə hücümun bir ücü da “Ən Ucuz” marketlər şəbəkəsinə yönəlir. İcra başçısının tapşırığı ilə Vüqar Qələndərovun rəhbərlik etdiyi “Ən Ucuz” ticarət mərkəzləri bağlanır. İlk hədəf yüzlərlə işçisi olan “Əli-94” ticarət mərkəzi olur. Əli -94 –ü bağlayandan sonra obyekti boşaltmağı və sökülməsini əmr edir. Zakir Fərəcovun bu qərarı ticarət mərkəzində çalışan və evinə çörək pulu aparan insanların işsiz qalmasına səbəb olur. Icra başçısı bildirir ki, obyektin yerləşdiyi ərazidə yol salınacaq və obyekt sökülməlidir. “Ən Ucuz” marketlər şəbəkəsinin rəhbəri Vüqar Qələndərov icra başçısı ilə görüşüb məsləni qaydasına qoymağa cəhd etsə də nəticə olmur. Hadisədən bir müddət keçəndən sonra Zakir Fərəcovun qəbuluna düşə bilən Qələndərov qəribə cavabla üzləşir. Həmin tapşırıqdan sonra “Əli-94” ticarət mərkəzinin işçilərini yığan Vüqar onlara icra başçısının istəyini çatdırır: “Zakir Fərəcov deyir ki, gedin Prezident Aparatının qarşısında aksiya keçirin, qarşıdurma yaradın. Ondan sonra obyektinizi işə salmağa icazə verəcəyəm”.
Maraqlıdır ki, Vüqar Qələndərov icra başçısısnın təxribatını dəstəkləyərək işsiz qalan insanlara aksiyanın keçirilməsinin vacibliyini bildirir. Lakin “Əli-94” ticarət mərkəzinin işçiləri bundan imtina edir və tapşırığın təxribat olduğunu söyləyirlər.
Zakir Fərəcov hadisələrin onun istədiyi kimi inkşaf etmədiyini görür. Daha bir müddət gözləyən icra başçısı sumqayıtlıların ölkə başçısısnın siyasətinə və qərarlarına qarşı getməyəcəklərini anlayır. Bundan sonra Vüqar Qələndərovu yanına çağlıraraq tələb etdiyi küllü-miqdarda rüşvəti (deyilənə görə rüşvətin məbləği 500 min manat təşkil edib. İkram Rafiqoğlu) alır. Və “Əli -94” ticarət mərkəzi yenidən fəaliyyətini bərpa edir.
Zakir Fərəcovun növbəti planı baş tutur
Abşeron rayonunda Eldar Mahmudova və Akif Covdarova verilən hədiyyə torpaqlar və digər payların siyahısı gizlədilməkdə davam edir. Obyekt , villa və torpaq sahələrini müxtəlif yollarla adıçəkilən şəxslərə məxsus olmadığına aid fikirlər cəmiyyətə sırınmaqdadır. Nəzərə alsaq ki, Zakir Fərəcov Abşeronu tərk edəndə öz qanunsuz əməllərinin ifşa olunmaması üçün müavini və yaxın adamını yerinə icra başçısı təyin etdirilməsinə nail oldu, onda bu şəxsin bir böyük planının baş tutduğunu söyləmək olar. Abşeronda etdiyi qanunsuzluqları məhz rayonun icra başçısı İradə Gülməmmədova vasitəsilə ört-basdır etməyə çalışan Fərəcov hazırda istəyinə çatır. Bacısı oğlunu İradə xanıma müavin təyin etdirən Sumqayıt meri cinayətkar şəbəkənin dostu olduğunu bir daha təsdiq etməkdədir. Belə ki, rayonda Eldar Mahmudov və Akif Çovdarov cütlüyünə aid olan obyektlər bu şəxsin bacısı oğlu tərəfindən qorunur.
Zakir Fərəcovu İradə Gülməmmədova ilə bağlayan və hamıya sirr qalan münasibətlər barədə növbəti yazılarımızda qeyd edəcəyik. Bunula yanaşı Eldar-Akif cütlüyünə olan yaxın münasibəti təsdiq edən digər faktlar da araşdırmamızın əsas mövzusudur. Nəzərə alsaq ki, Akif Çovdarov istintaqda Zakir Fərəcovla yaxın ilişkilərdən bəhs edib və nəticədə Sumqayıt merinin əsl kimliyi üzə çıxmaqdadır, onda sonun başlanğıcını uzun müddət gözləmək zorunda qalmayacağıq.
İkram Rafiqoğlu
Azerinews.tv
Araşdırmalarımız davam edir.