Azərbaycanda icra başçılarının «balaca padşah” statusu artıq qeyri-rəsmi şəkildə qanuniləşib. Belə bir durumdan bəhrələnən daha bir rayon rəhbəri haqda redaksiyamıza məlumatlar daxil olub. Söhbət Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevdən gedir.
anaxeber.info-a daxil olan məlumata görə, A.Fərzəliyev rayonu tabeçiliyindəki məmurlar üçün biznes tarlasına çevirib. İcra başçısının özünün isə vaxtını müxtəlif əyləncələrə sərf etdiyi deyilir. Mənbənin bildirdiyinə görə, A.Fərzəliyevin ov həvəskarı olmasını onu tanıyanlar təsdiqləyirlər. Nərimanov rayon İcra Hakimiyyətinin başçısının ölkənin müxtəlif yerlərində, ov edilməsi qadağan olunan dövlət qoruqlarında belə ov ovlayıb, quş quşladığı barədə danışılır. Hətta onun dövlət işlərini bir kənara qoyaraq Lənkərana ova yollandığı da bildirilir. Həmin məlumatlarda bildirilir ki, Abidin Fərzəliyevin ov etmək üçün özünəməxsus müxtəlif sortlu itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar baxır. Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən dövlət qoruğudur. İcra başçısının ova 10-a yaxın müxtəlif "Cip”lərlə gəldiyi və daha çox Nizami rayonundan Nərimanova transfer etdiyi müavini Rəşid Ağayevin ona yoldaşlıq etdiyi bildirilir.
Nəzərinizə çatdıraq ki, Sarı 2 kəndi əsasən ovçuluq və balıqçılıq üzrə ixtisaslaşan kənddir. Buradan respublikaya qonaq gəlmiş Avropa rəsmilərinə kürü hədiyyəsi də məhz xüsusi formada hazırlatdırılır. O da qeyd olunur ki, son dövrlərə qədər icra başçısının ov yoldaşları arasında mühüm dövlət adamları da olub. Hətta adı nurçu qalmaqalında hallandığı üçün Prezident Aparatından uzaqlaşdırılan Elnur Aslanovun da bir neçə dəfə başçının qonağı olduğu söylənilir. Abdin Fərzəliyevin daha çox özünə diqqət etməsi isə onun yaxın ətrafı üçün münbit şərait yaradıb. Məlumatlara görə, Abidin Fərzəliyev Nərimanov rayonunun ərazisində yerləşən və «erməni qəbristanlığı» kimi tanınan ərazidə şadlıq evi, fitnes klub və digər gəlir gətirən obyektlər inşa etdirib. Verilən bilgilərə görə, hazırda həmin obyektlərin içində təmir-bərpa işləri başa çatdırılmaqdadır. Yaxın vaxtlarda isə istifadəyə veriləcək. Mənbə bildirir ki, qeyd olunan obyektlərin tək sahibi təkcə icra başçısı deyil. Həmçinin milyonlarla manat dəyərində olan bu tikililərdə Fərzəliyevin «şərik»ləri də var. Həmin «şərik»lər isə elə Nərimanov rayon İcra Hakimiyyətinin işçiləridir. İcra başçısının yaxın ətrafı kimi tanınan sözügedən şəxslərin böyük imkanlara sahib olduğu, boş sahələr ələ keçirdiyi də verilən məlumatlar sırasında var. Məsələn, Nərimanov rayon İcra Hakimiyyətində «qara kassa»ya rəhbərlik edən icra başçısının 1-ci müavini Şahmar İbadov Abdin Fərzəliyevin ona tanıdığı «şans»dan geniş istifadə etməyə başlayıb. Rayon ərazisində aparılan tikinti işlərindən Şahmar İbadov qısa müddət ərzində böyük qazanc əldə edib. Məsələn, Həsən Əliyev küçəsinin Azərbaycan Müəllimlər İnstitutu ilə bitişdiyi ərazidə 5 mərtəbəli binaların söküntü işləri aparıldı. Yerində isə yeni binaların tikintisi hələ də davam edir. Şahmar İbadov bu prosesdən çox böyük qazanc əldə edib. İcra Hakimiyyətinin birbaşa nəzarəti altında tikilən ərazidəki yeni binaların 1-ci mərtəbələrinin obyekt kimi satılması və ya yaxınlarının adına rəsmiləşdirilməsi kimi «proseslər”də Şahmar İbadovun nəzarəti altındadır. Nərimanov rayonunda «qılıncının hər iki üzü kəsən” məmurlar sırasında stajına görə ilk olaraq Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Qoşqar Məmmədovun adını çəkmək lazım gəlir. Onun mal varlığı on milyonlarla manatın üzərindədir.
Mənbənin bildirdiyinə görə, Qoşqar Məmmədov Nərimanov metrosunun ətrafında onlarla obyektin ya sahibidir, ya da şəriki. Əhməd Rəcəbli küçəsində, Bakond deyilən ərazidə, YAP Nərimanov təşkilatının ətrafında Qoşqar Məmmədovun onlarla obyekti fəaliyyət göstərir. Onlardan «Arivia» otelini, «Rahat» Market köhnə binasını başqa onlarla obyekti göstərmək olar. Həmçinin Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədrinin «Rahat» Market MKTB-nin ortağı olduğu da məlumatda bildirilir. Qoşqar Məmmədovun obyektləri ilə bağlı redaksiyamıza daxil olan məlumatda göstərilir ki, Atatürk prospektindəki parkın içindəki «Park Fore» restoranının sahibi də məhz Qoşqar Məmmədovdur. Kiçik məmur-oliqarxın maşın kolleksiyasına isə söhbət belə ola bilməz. Məlumatda bildirilir ki, Qoşqar Məmmədov «Lexus» avomobillərinin vurğunudur. Belə ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədrinin 5-dən artıq «Lexus»markalı maşını var ki, bu maşınların hər birinin qiyməti 110 min manatla 150 min manat arasında dəyişir. Həmin maşınların hamısının dövlət nişanı isə 700-dür. Məlumatda qeyd olunur ki, Qoşqar Məmmədovun obyektlərinin çoxusu kirayəyə verilib və ən kiçik obyektinin aylıq kirayə haqqı 5 000 manatın üzərindədir. Bizi məlumatlandıran mənbə bildirir ki, bir çox hallarda Qoşqar Məmmədov kirayə verdiyi obyektlərdən kirayə pulunu özü toplayır. Elə bu üzdəndə onun «Lexus»larını Nərimanov metrosunun ətrafında çoxları tanıyır. Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri ən böyük «ov”unu Nərimanov İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadovla birlikdə 5 saylı poliklinikanın ətrafındakı evlər sökülən zaman edib. Belə ki, başçının müavini ilə işbirliyi içinə girən Qoşqar Məmmədov ərazidən köçürülən vətəndaşlara külli-miqdarda vəsait «atıb». Yəni Şahmar İbadov və Qoşqar Məmmədov dövlətdən beş alıb, vətəndaşlara iki veriblər. Onu da bildirək ki, Şahmar İbadov icra başçısının «qara kassası” funksiyasını yerinə yetirir. Şahmar İbadova qədər bu məsələləri Rəşid Ağayev həyata keçirib. Lakin sonradan Abdin Fərzəliyev "sevimlisi” Rəşid Ağayevi qismən kənara çəkərək, qeyri-rəsmi "yığımı” tam şəkildə Şahmar İbadova həvalə etdi. İndi hər şeyə cavabdeh Şahmar İbadovdur. Ş.İbadovla «haqq-hesab mexanizmi» haqda da maraqlı məqamlar var. Bu vəzifəsinə qədər Milli Məclisdə sektor müdiri olmuş Şahmar İbadovun çox qısa zaman ərzində Nərimanov rayonu ərazisində milyon manatlarla ölçülən daşınmaz əmlaklarını kimlərin adına sənədləşdirilməsindən tutmuş, hazırda həmin obyektləri kimlərin işlətməsinə qədər maraqlı araşdırma mövzusu üzrə araşdırmamız davam edəcək. Amma bundan da maraqlısı Şahmar İbadovun daha böyük iddialara düşməsi və bu məqsədlə kimlərlə harada və nə məqsədlə danışıqlar aparması haqda deyilənlərdir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
anaxeber.info