"Həyat yoldaşım Akif öz müavinimdir. Bütün günü də yanındayam. Sizcə, qızlara qarşı əxlaqsız hərəkətlər etməsi necə doğru ola bilər ki?"
Bunu BiG.AZ-a özəl açıqlamasında Binəqədi rayonundakı Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinin direktoru Akifə Səmədova bildirib.
BiG.AZ-a fizika müəllimi Akif Səmədovla (eyni zamanda həyat yoldaşı) şagirdi arasında baş verənləri şərh edən direktorun sözlərini öz dilindən təqdim edirik:
"Akif mənim həyat yoldaşımdır. Həmin məktəbdə fizika fənnindən dərs deyir. 8-ci sinif şagirdi qız onu əsəbiləşdirib. Həmin şagirdi çox dikbaş qızdır. Akif də qızın kürəyinə yumruq vurub. Qızın valideyni məsələni öyrənəndə hadisəni şişirdib. Qızın valideyni çox çətin xarakterli biri olduğu üçün məsələni qalmaqala çevirib. Əslində xırda bir anlaşılmazlıq olub. Ərim öz müavinimdir. Bütün günü də yanındayam. Sizcə, qızlara qarşı əxlaqsız hərəkətlər etməsi necə doğru ola bilər ki? 25 ildir ki, bu məktəbdə işləyir. Bu 25 ildə heç vaxt belə bir şey baş vermədi, indi baş verdi? Məsələni bilib-bilmədən 25 illik müəllimin əziyyətini yerə vurmaq, ölkəyə biabır etmək nə dərəcədə doğrudur? Özü də Akif neçə gündür oruc tutur. Günah deyilmi?".
A.Səmədova həyat yoldaşının şagirdinin qiymətini kəsdiyini öncədən bildiyini də deyib:
"Akifin həmin şagirdin qiymətini kəsməsindən xəbərim var idi. Özü də Akif müəllim obyektiv qiymətləndirən müəllimdir. Hərdən olur ki, mən uşaqların qiymətini 1 bal yuxarı yazıram. Həmin şagird dikbaş idi, Akifə cavab qaytarıb. 47 yaşı var onun, belə hərəkətə yol verə bilərmi? Üstəlik, hansısa balaca qara qıza qarşı niyə əxlaqsız hərəkət etsin ki?
Mənim öz qızım da 2-ci kursda oxuyur. Oğlum da bu məktəbdə 11-ci sinifdə oxuyur. Biz çox tərbiyəli ailəyik".
Xatırladaq ki, mətbuatda Binəqədi rayonundakı Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbində direktor müavini Akif Səmədovun şagirdinə qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı xəbərlər yer alıb.
Mirvari Nəcəf