“Birinci kiçik bacısı görüb, mən evdə idim. Uşaqlar məni çağıran kimi tez özümü çölə atdım. Uşaq danışa bilmirdi, barmağı ilə Səbinənin özünü asdığı yeri göstərdi ki, burdadı. Tez qızı qaldırmağa çalışdım, gücüm çatmırdı. Birtəhər boynundakı ipi açdım, başını tutdum ki, harasa dəyməsin və yerə uzandırıb təcili tibbi yardıma zəng vurmaq istədim”.
İyunun 8-də Gürgən qəsəbəsində özünü asaraq intihar edən 14 yaşlı Səbinə Əhmədliyə ilk yardımı göstərən nənəsi Sahibə xanım olub. Amma qadın o qədər həyəcanlı olub ki, tibbi yardımın nömrəsini də xatırlamayıb: “Nömrə yadıma düşmədiyinə görə tez anasına zəng vurdum ki, təcili yardım çağırsın. Ona kimi səs-küyə qonşular gəldi. Qızın sinəsindən basdılar, süni nəfəs verdilər, amma xeyri olmadı. Artıq gec idi”.
Hadisə baş verən zaman S.Əhmədlinin anası Mehriban Rəfiyeva evdə olmayıb. O, həmin vaxt Pirallahıda işlədiyi gözəllik salonunda imiş: “Səbinə evə gələndə saat 3-ün yarısı olardı. Oruc tutmuşdu. Gördüm rəngi avazıyıb. Dedim orucunu aç, rəngin qaçıb. Sonra işimlə əlaqədar evdən çıxacağımı, indilərdə ata nənəsinin gələcəyini dedim. Evdən çıxıb bir qədər uzaqlaşmışdım ki, Səbinə nənəsinin telefonundan zəng vurdu. Sən demə, məni yoxlayırmış ki, nə qədər uzaqlaşmışam. Harada olduğumu soruşdu. Bir qədər sonra qayınanamın telefonundan ikinci zəng gəldi. Qayınanam “Səbinə, Səbinə” qışqırırdı. Heç nə başa düşmədim, amma nə isə pis bir şeyin baş verdiyi anladım. 3-4 dəqiqə olmadı, tez özümü çatdırdım. Gördüm həyətdə uzandırıblar. Fikirləşdim, yəqin ürəyi gedib, heç nə başa düşmürdüm”.
Mehriban Rəfiyeva bildirdi ki, Səbinənin 14 yaşı hələ bu ayın 19-u tamam olacaqdı: “Çox savadlı qız idi, əla qiymətlərlə oxuyurdu. Ona demişdim ki, sənin üçün sevgi hələ tezdir. Sevgi məsələləri sənin çox vaxtını aparacaq, hələ oxumalısan, təhsil almalısan. Səbinəni sevən oğlandan da xəbərim var idi. Atası keçən ilin dekabrında Günəşlidəki faciədə vəfat edən şəxslərdən biridir. Oğlanla danışmışdım ki, hələ atanın ilini ver, tələsmək lazım deyil. Səbinənin də yaşı kiçikdir. Sonra qızımla danışdım ki, oğlan da mənimlə razıdır. Bir müddət əlaqə saxlamayın. Ayın 8-i səhər isə məktəbdən zəng vurub, oğlanla danışıb. Deyib mənə zəng eləmə, özüm lazım olanda səni axtarıb tapacam”.
14 yaşlı Səbinənin anası hesab edir ki, qızının intiharına məhz sevdiyi oğlanla münasibətinin pozulması səbəb olub: “Bəlkə də oğlan onunla sərt danışıb, bəlkə də mənim günahımdır ki, qızımla rəfiqə ola bilməmişəm. Hadisədən sonra polislər Səbinənin üstündən iki məktub tapıblar. Orda hər şeyi yazıb. Səbinənin məhəllədə, qonşuluqda heç vaxt rəfiqəsi olmayıb. Məktəbdə də bircə Liza adlı qızla dostluq edərdi. Bəzən deyərdi ki, yaxşı ki, Liza var. O, olmasa, ölərəm. Özü də o qədər gözəl, məlahətli idi ki. Boyu 1 metr 72 santimetr, saçının uzunluğu isə 1 metr 20 santimetr idi. Özüm də saç ustasıyam, arada Səbinəyə zarafatla deyirdim ki, bilirsən başında nə qədər pul gəzdirirsən. O da soruşurdu nə qədər, deyirdim azı 500 manat. “Bir gün səni oğurlayacaqlar” deyirdim, gülürdü.
Səbinənin atası Vüqar Rəfiyev də hələ hadisənin təsirindən çıxa bilməyib: “Uşaqlar da mənim kimi. Yemək yemirlər. Deyirlər, nə vaxt Səbinə gələr, onda yeyərik. Öz aralarında pıçıldaşdıqlarını eşidirəm, deyirlər ki, “asdı da, asdı da özünü””.
Bir neçə gün əvvəl gözləmədiyi halda qızını itirən ananı ən çox narahat edən isə ailəsi haqqında həqiqətə uyğun olmayan informasiyaların yayılmasıdır: “Deyirlər ki, guya Vüqar onu döyüb, o biri uşaqlardan ayırıb. Bunların hamısı yalandır. Biz neçə ildir burada yaşayırıq, qonşular heç vaxt bilməyiblər ki, əslində Səbinənin atası Vüqar deyil. Vüqara elə ürəkdən “ata” deyirdi ki… Çünki Vüqar həqiqətən də onlara əsl ata olub. Hər bir ehtiyacını ödəməyə çalışıb. Biz maddi cəhətdən imkansız ailə olsaq da, Səbinənin geyimində, təhsilində bunu hiss etdirməmişik. Hazırlıqlarına ayda 180 manat verirdik. Özü də gələcəkdə yaxşı təhsil almaq istəyirdi, xaricdə oxumağı planlaşdırırdı.Səbinə tez-tez instaqramda Vüqarla mənim fotolarımı paylaşıb elə gözəl sözlər yazırdı ki. Ailəsində, ana-atası ilə problemi olan uşaq bunu edərdimi? Yazıblar ki, guya tək Səbinə birinci izdivacdan dünyaya gəlib. O da yalan məlumatdır”.
Vüqar Rəfiyevin evində olarkən təskinlik verməyə gələn qonşular da ailədə söz-söhbətin olması ilə bağlı deyilənlərə inanmadıqlarını bildirdilər: “Biz bu günlərədək heç bilməmişik ki, əslində Səbinənin atası Vüqar deyil. Bunu heç kim bilməyib. Vüqar onlara öz doğma balası kimi baxıb. Həmişə qazandığını Səbinəyə xərcləməyə çalışıb ki, evin böyük uşağı odur”.
Bu ailə indi böyüdüb boya çatdırdığı 4 uşaqdan yaşca ən böyüyünü necə itirdiyini düşünür. Onun özünü asdığı yerə, həyətdəki yardımçı tikiliyə qırmızı lent bağlayıblar. Səbinə yaşadığı evin yaxınlığındakı məzarlıqda uyuyur. Axı 14 yaşının tamam olmasına sayılı günlər qalmış həyat dolu bu qızı öz həyatına son qoymağa nə vadar edə bilərdi? Ümidsizlikmi, çıxılmaz vəziyyətdə qalmaqmı, yoxsa sadəcə itirmək qorxusumu?..(lent.az)