Hərbi attaşe nazirin qohumunun qətli haqda nələr danışdı?

14-06-2016, 08:56   
Hərbi attaşe nazirin qohumunun qətli haqda nələr danışdı?
«Müstəntiq dedi ki, «bacın cinayəti etiraf eləsə, vəzifədə qalacaqsan». Mən elə oğul deyiləm ki, rütbəyə görə bacımın günahsız həbsdə yatmasına razılaşım»

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Füzuli Isgəndərovun qətlindən iki ilə yaxın vaxt keçsə də, bu cinayət işi üzrə hələ yekun nəticə yoxdur. Bu qətlə görə onun özünün həyat yoldaşı Xalidə Isgəndərova bir il iki aydır ki, həbsdədir. Hərçənd, Xalidə Isgəndərova günahsız həbs olunduğunu bildirir.

Bu cinayətdə Xalidə Isgəndərovanın qardaşı, Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi Ilyas Ibrahimovun da adı hallanır. Xalidə Isgəndərova ittiham olunur ki, mübahisə zəminində həyat yoldaşını öldürəndən sonra qardaşı qardaşı ilə “Skype”la danışıb, cinayəti ört-basdır eləmək üçün onunla məsləhətləşib, onun tövsiyəsi əsasında da qaraja maskalı şəxsin daxil olub Füzuli Isgəndərovu bıçaqladığı, ardınca evə keçib, iki gün əvvəl qızının toyundan yığılan pulları tələb etməsi versiyasını uydurub.


Lakin Xalidə Isgəndərova bu ittihamı rədd edir. Elə qardaşı Ilyas Ibrahimov da dünənki məhkəmə iclasında ünvanına səslənən ittihamların yalan olduğunu bildirib. Qeyd edib ki,

hadisə baş verən gün gecədən etibarən gündüz bu hadisə barədə qardaşından xəbər tutana qədər ümumiyyətlə, mobil internetdən istifadə etməyib:

“Mən o ərizələrə ayaqqabımı silib atıram”

“Hadisə olan gün mən Istanbulda idim – hərbi məzun gecəsində iştirak üçün Ankaradan gəlmişdim. Həmin gün günorta bir radələrində Ankaraya qayıdırdım, hava limanında idim. Orada olarkən qardaşım zəng eləyib bu xəbəri mənə dedi. O gün gecədən bəri mobil telefonda internetdən istifadə eləməmişdim. Evdə bizə ”WiFi”dan istifadə eləmək də qadağandır, ona görə evdə də istifadə eləməmişəm. Səfirin sorğusu əsasında “Türkcell”dən çıxarış alınıb. Onu müstəntiq Müşfiq Abbasova da təqdim elədim. Dedi ki, yalandı. Sentyabrın 6-da Bakıya – Füzulinin 7 mərasiminə gəldim, üç gün qaldım”.

Ilyas Ibrahimovun sözlərinə görə, Bakı şəhər prokurorluğunda müstəntiq onu hədələyib: “Bu hadisə ilə əlaqədar nazirin əmri ilə iki dəfə Bakıya çağırılmışam, ifadə vermişəm. Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında vəzifədən çıxarılmışam, hazırda Müdafiə Nazirliyinin sərəncamında olan polkovnikəm. Müstəntiq mənə dedi ki, ”siz bütün aidiyyəti orqanlara ərizələr yazırsız, amma bilin ki, mən o ərizələrə ayaqqabımı silib atıram. Gedin fikirləşin, əgər bacınız cinayəti etiraf eləsə, siz vəzifədə qalacaqsız”. Mən elə oğul deyiləm ki, rütbəyə görə bacımın günahsız həbsdə yatmasına razılaşım”.

Ilyas Ibrahimov deyir ki, prokurorluqda müstəntiq vəzifəsində işləyən bir tanışları Füzuli Isgəndərovun qətlilə bağlı eşitdiyi müəyyən məlumatları onlara çatdırıb: “Əməliyyatçılardan eşitmişdi ki, bu cinayəti törədən Ilo ləqəbli bir adamdır. Əvvəl adını Ilham Abdullayev dedilər, sonradan Ilham Ismətov. Amma onun konkret kim olduğunu müəyyənləşdirmədilər. Sonradan biz öyrəndik ki, həmin adam Füzulinin bacısının həyat yoldaşı Mahir Süleymanovun uzaq qohumudur”.

Yeri gəlmişkən, Xalidə Isgəndərova özü də həyat yoldaşının ölümünə görə baldızının ərini ittiham deyir. Deyir ki, həyat yoldaşı bir çox mənzilləri, obyektləri bacısının, onun ərinin adına almışdı. Füzuli Isgəndərovun da həmin əmlakları ələ keçirmək məqsədilə xüsusi qatil vasitəsilə öldürüldüyünü iddia edir.

Rəis müavinini xanımı döyürdü?

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda həmin Mahir Süleymanov da ifadə verib. O, ünvanına səslənən ittihamı rədd edib: “Biz Füzuli ilə dost, qardaş olmuşuq, mən bıçağı özümə vurardım, ona vurmazdım”.

O, Xalidə Isgəndərova ilə düşmən münasibətində olduğunu deyir: “Biz əvvəl qonşu idik, bu qadın qaratikan kolu idi aramızda. Ona görə köçüb getdik. Hər yerdə mənim adımı hallandırırlar, sübutları varsa, qoysunlar ortaya”.

Mahir Süleymanov qaynı ilə şərik işlədiklərini, bir sıra hallarda gətirib onlara pul verdiklərini təsdiqləyib: “Gətirib verirdi, deyirdi ki, evdə dağıdırlar. Amma öləndə ona bir qəpik də borcumuz olmayıb”.

Mahir Süleymanov onun adına rəsmiləşmiş bir xeyli ev və obyektlərlə bağlı suala cavab verərkən bildirib ki, həmin əmlaklar onun özünə məxsusdur.

Füzuli Isgəndərovun qardaşı Nizami Isgəndərovun həyat yoldaşı Nailə Isgəndərova da dindirilib.

Məhkəmə prosesi davam edir.

Xatırladaq ki, Füzuli Isgəndərov 2014-cü il sentyabrın 1-də evində qətlə yetirilib. Onun həyat yoldaşı Xalidə Isgəndərova səkkiz ay bu iş üzrə zərərçəkmiş qismində tanınıb. 2015-ci ilin aprelində isə mübahisə zəminində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub.

Aytən Məmmədova
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.