Ramiz Mehdiyev düz deyir, yoxsa Əli Həsənov?

15-06-2016, 08:11   

Dünya Bankı sadiq dostdur, yoxsa qatı düşmən?

Dəfələrlə yazmışıq ki, bu hakimiyyətin bütün siyasəti ziddiyyətlərdən, özünütəkzibdən ibarətdir. Dünən söydüklərini, bu gün sevməyə başlayırlar. Yaxud, dünən sevdiklərini, bu gün söyüşlə yad edirlər. Yəni, nə daxili, nə də xarici siyasətdə düşünülmüş, oturuşmuş, uzunmüdətli strategiya yoxdur və bu da hakimiyyətin nə qədər qeyri- ciddi siyasət yürütdüyündən xəbər verir.

Bildiyiniz kimi bugünlərdə PA rəhbəri Ramiz Mehdiyevin Qərb əleyhinə geniş məqaləsi dərc olundu. Qərb institutlarını ağır ittihamlarla “yad” edən müəllif yazır: “Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı və başqa beynəlxalq maliyyə qurumları dövlətlərin suverenliyinin aradan qaldırılmasında böyük rol oynayır, ölkələrin iqtisadiyyatı üzərində öz nəzarətini hər vasitə ilə möhkəmləndirirlər. Onların həyata keçirdiyi siyasət ölkələrin milli iqtisadiyatını zəiflədir, əhalinin sosial durumunu pisləşdirir”.


Amma bu məqalənin qoxusu burunlardan çəkilməmiş, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri, Ramiz Mehdiyevin qohumu Əli Həsənov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon və Azərbaycan üzrə ofisinin rəhbəri xanım Larisa Leşşenko ilə görüşüb.

Əli Həsənov Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını, həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı indiyə kimi 4 kredit sazişi imzalandığını, Dünya Bankı ilə əməkdaşlığın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini və maliyyə institutları içərisində ən şəffafının məhz Dünya Bankı olduğunu bildirib.

Göründüyü kimi Ramiz Mehdiyevin söydüyü Dünya Bankını, Əli Həsənov öyməklə məşğul olub. Onu qeyd edək ki, Azərbaycanın 11 milyard 486 milyon xarici borcu var ki, onun da 82.3%-i əsasən Dünya Bankı, Asiya Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı və digər banklardı. Yəni, Ramiz Mehdiyevin “xoxan” kimi göstərdiyi maliyyə institutları, əslində Azərbaycanı maliyyə ilə təmin edən qurumlardı.

Yuxarıda da qeyd etdiyimiz kimi hakimiyyətin siyasətində ziddiyyətlər bolluğu yaranıb. Ölkənin ikinci adamı Dünya Bankını çirkli planlarda ittiham edir, Baş nazirin müavini isə bu Bankı ən şəffaf maliyyə qurumu kimi qiymətləndirir.

Həqiqətən də dəhşətli mənzərədir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Morninqstar “Azərbaycan hakimiyyəti monolit deyil” söylədiyinə görə hakimiyyətin qəzəbinə tuş gəlmişdi. Indiki halda isə bir daha təsdiqlənir ki, hakimiyyət ümumiyyətlə çatlaq vəziyyətdədir və heç bir ideoloji xətt, siyasi strategiya yoxdur.

Bəli, hökumət hələ bir qərara gələ bilməyib. Kimi sevmək, kimi söymək barəsində ümumi fikir yoxdur. Hökumətin bir qrup üzvü maliyyə böhranından çıxmaq üçün nəhəng maliyyə qurumlarına elçi düşür, başqa bir qrup bu maliyyə qurumlarını “daş”a basır. Məhz belə idarəetmənin nəticəsidir ki, bütün sahələr iflic olub, dövlət şəxsi təsərrüfata çevrilib. Hökumət komandası yalnız müxalifətlə düşmənçilik və büdcəni talamaq məsələsində həmrəy ola bilir.

Bir sözlə, hökumətə təklif edirik ki, heç olmasa Dünya Bankı məsələsində yekun qərara gəlsinlər. Bu bank Ramiz Mehdiyevin dediyi kimi düşməndir, yoxsa Əli Həsənovun dediyi kimi sadiq dost?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.