Sabiq MTN zabiti Eldar Mahmudovun əlindəki şantaj videolarından danışdı
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun əlində şantaj videolarının olması haqda məlumat geniş müzakirələrə səbəb olub. Sabiq MTN əməkdaşı Ərəstun Oruclu gununsesi.info-ya müsahibəsində deyib ki, Eldar Mahmudovun əlində 2800 ədəd kompromat xarakterli intim video var. Eldar Mahmudovun həbsinə yol açan kifayət qədər ciddi ittihamlar ortada olsa da, sabiq nazir hələ də azadlıqdadır. Bu isə belə ehtimallar yaradıb ki, MTN şefinin azadlıqda qalması əlində olan şantaj materiallarına görədir.
Sabiq MTN zabiti, “Təhlükəsizlik” Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl məsələ ilə bağlı olkə.az-a deyib ki, Eldar Mahmudovun əlində çoxlu faktların olmasını istisna etmir: “Əgər Eldar Mahmudovun əlində 2800 video varsa, onun 2790-ı siyasi qərar qəbul etmək üçün heç nədir. Görünür, o videoların içərisində elələri var ki, şantaj xarakterlidir. Şantaj xarakterli olduğuna görə də siyasi qərar verilmir, işin başında duran şəxs həbs olunmur. Bu prosesin içərisində olan şəxslər var ki, onlardan da bir neçəsi həbs olunmayıb. Bütün bunlar göstərir ki, Eldar Mahmudovun əlində çox güclü kompromatlar var. Əldə olan faktların sayı önəmli deyil, məsələyə təsir edə biləcək şəxslərə qarşı şantaj materialı olduğuna görə Eldar Mahmudov toxunulmaz qalıb. Yerdə qalan videoların təsir gücü siyasi qərar verməyə yaramır.
Eldar Mahmudovun həbs olunmamasının səbəbi istintaqla bağlı deyil. Elə tapşırıqlar, sifarişlər olub ki, Eldar Mahmudovun komandası bunu əllərində saxlayıb. Komanda olaraq bu işlərin üstünün açılmasına hazırlıqlı olublar. O videoların hələ ki bir neçəsi buraxılıb. Hansısa komitə sədrinin, jurnalistin, varlı bir şəxsin - arvadın ərə, ərin arvada xəyanət videolarını çəkib saxlayıblar. Kiminsə sekslə məşğul olması heç kimə maraqlı deyil. Məşğul olur, yaxşı edir. Onlar xəyanət videolarını çəkiblər ki, sabah əllərində fakt kimi istifadə etsinlər. Azərbaycan tam olaraq köklənib seks kaseti məsələsinə, ancaq məsələ təkcə seks kaseti deyil. O kasetlərin hətta 2790 ədədi siyasi qərar qəbul etmək üçün boş şeydir”.
E.HÜSEYNOV