İmişlidə maaş almayan müəllimlər var
Rayon rəhbərliyi isə gəlirlərdə problem olmadığını deyir
"İmişli sakiniyəm, müəlliməm, son bir neçə ayda maaş problemi yaşayırıq”.
Adının çəkilməsini istəməyən bir İmişli sakini Azadlıq Radiosuna bildirir ki, daxili hesablarına maliyyələşən rayonda bir müddətdir ki, maliyyə çətinlikləri yaşanır:
"İyun ayının ortalarıdır, biz hələ maaş almamışıq. Hələ ki, 17 məktəbin müəllimləri maaş almayıb, əksər müəllimlərin də banka krediti var, vaxtında ödəməyəndə üstünə faiz gəlir. Artıq mənim də, bir çox müəllim də maaş ala bilmədiyimizdən ikinci ödənişi ödəyə bilmirik”, müsahibimiz deyir.
Onun sözlərinə görə, əmək haqları "hissə-hissə verilir”. "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin çoxu bu problemlə üzləşib”, – İmişli sakini deyir.
"İxtisarlar var”
Rayon məktəblərinin birində müəllim işləyən, ictimai fəal Kənan Şahpələngov onların maaş aldıqlarını deyir: "Bəlkə kənd məktəblərində gecikmələr olur, deyə bilmərəm, amma biz almışıq”.
Kənan Şahpələngov manatın devalvasiyasından sonra bəzi biznes strukturlarında ixtisarların olduğunu, işləyənlərin də maaşının artmadığını deyir:
"Bizim heç olmasa, maaşımız artdı. Amma özəl sektorda işləyənlərin əmək haqqı qalxmayıb”.
"Cüzi gecikmə ola bilər”
İmişli rayon icra hakimiyyətinin iqtisadiyyat məsələləri üzrə müavini Valeh Ağayev AzadlıqRadiosuna deyir ki, dövlət büdcəsindən bir neçə ildir dotasiya almayan rayon hələ də öz xərclərini öz gəlirləri hesabına ödəyir:
"Cüzi gecikmələr ola bilər, ancaq xərclərin ödənməsində problemimiz yoxdur”.
Valeh Ağayevin sözlərinə görə, rayonun əldə etdiyi gəlirlər azalmayıb.
"Gəlirlərin azalması maaşların ödənməsinə təsir göstərməyib”
"Manatın devalvasiyasından sonra, hələ ki, dövlət tərəfindən büdcə ödəmələrində, xüsusilə, əmək haqlarının verilməsində hər hansı problem müşahidə edilməyib”, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyir.
Onun sözlərinə görə, ilin birinci rübündə büdcə daxilolmaları və büdcə xərclərində azalma baş verib, ancaq hələ ki, bu, maaşlara təsir etməyib.
İqtisadçı deyir ki, İmişli rayonu dövlət büdcəsindən dotasiya almasa da, bəzi büdcə təşkilatlarının xərcləri, özəlliklə, maaşlar dövlət büdcəsindən mərkəzləşdirilmiş qaydada ayrılır.
Azər Mehtiyev hesab edir ki, manatın devalvasiyası bütün istehsal sahələrinə təsir göstərdiyindən ciddi maliyyə sıxıntıları yaşanacaq.
Arqument.Az