Azərbaycan maliyyə nazirinin yeni müavini təyin olunub. Maliyyə Nazirliyinin məlumatına görə, ölkə başçısı Ilham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan maliyyə nazirinin müavini təyin olunub.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, Emin Hüseynov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir. 1996-cı ildə Azərbaycan Dövlət Iqtisad Institutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə fərqlənmə ilə bitirib. 1996-1998-ci illərdə ABŞ-ın Florida Ştatı Universitetinin magsitraturasını (iqtisadiyyat üzrə) bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildən Dünya Bankının ölkə ofisində iqtisadçı vəzifəsilə başlayıb. 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Bakıdakı Daimi Nümayəndəliyində iqtisadçı vəzifəsində çalışıb.
2003-2005-ci illərdə yenidən Dünya Bankının Bakıdakı ofisində iqtisadçı vəzifəsində işləyib.
2005-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və statistika departamentinin direktoru vəzifəsinə təyin olunub.
2009-cu ildə Harvard Universitetinin ictimai idarəetmə üzrə magistraturasını bitirib. 2010-cu ilin fevral ayında Mərkəzi Bankın Tədqiqatlar və Inkişaf Mərkəzinin direktoru – Baş direktoru vəzifəsinə təyin edilib.
Bəzi məlumatlara görə, Emin Hüseynovun bu posta gətirilməsi əslində maliyyə naziri Samir Şərifova nəzarət məqsədi daşıyır. Iddia olunur ki, Beynəlxalq Bank işindən sonra hökumətin zirvəsində maliyyə məsələsində heç bir məmura, o cümlədən Samir Şərifova dərin inam yoxdur.