Bir neçə gün öncə Gəncədən milli məclisə mandat almış Naqif Həmzəyevin ermənilərlə qohumluq əlaqələrindən bəhs etmişdim. Həmin yazıda qeyd olunmuşdu ki, Naqif Həmzəyevin qaynanası ermənidir və deputat ermənilərlə qohumluq əlaqələrinə malikdir. Lakin, yazıdan sonra bəzi Naqifsevərlər sosial şəbəkədə deputatın müdafiəsini qurmağa cəhd edərək onun fikirlərində haqlı olduğunu önə çəkirlər. Onlar "Naqif müəllim ziyalı insandır nə danışdığını yaxşı bilir. Siz susun” – deməklə sanki ermənilərlə qohum olanlar kimi dəridən-qabıqdan çıxırdılar. Mən əslində bu gün Naqif Həmzəyevin və qardaşı Saqif Həmzəyevin Gəncədəki özbaşınalıqlarından, xuliqan əməllərindən geniş bəhs edəcəkdim. Amma deputatın, bu vətənə yaramaz "vəkilləri”nin Rəsulzadə haqqında xoşagəlməz ifadələr işlətmələri fikrimi dəyişdi.
Ermənilərlə qohum olmaq bəlkə də Naqif Həmzəyevə uğurlar gətirib. Bu qohumluq deputatı uğurdan-uğura apararaq yaxasına Milli məclisin mandatını da taxıb. Gəncə şəhər rəhbərliyi böyük dəstəyi ilə Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədri, icra başçısının müavini və millət vəkili kimi önəmli pillələrə qalxan Naqif Həmzəyev özünü milli məclisdə görən kimi "ağlını itirdi” və nəticədə müstəqil Azərbaycanın banısı Rəsulzadəni satqın adlandırdı.
"Yeni Müsavat"qəzetinə müsahibə verən deputat:"Niyə Rəsulzadənın büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram..” fikri ilə ölkə rəhbərliyinin Rəsulzadəyə büst qoymasını yanlış addım adlandırmaqdan çəkinmədi. Gənc oğlan bununla nifrətini büruzə verməklə susmadı və "Heç bilirsiz o Rəsulzadə Respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı, qurduğu Respublikanı qoruyub saxlayardı. Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olub…” – kimi fikirlərlə davam edib.
Mən, Naqif Həmzəyevi başa düşürəm. Əslində bu şəxsin qohumu olduğu ermənilər də Rəsulzadəyə oxşar münasibət bəsləyirlər. Elə bu yaxında Rusiya xarici işlər nazirliyinə Ermənistan rəsmilərinin göndərdiyi məktub və Rəsulzadəyə heykəlin qoyulmasına etiraz etmələri Gəncənin deputatı ilə eyni münasibətdən xəbər verir. Naqif Həmzəyev ola bilsin hər gün evdə və işdə bu dövləti quranlara nifrətini gizlətmir və açıq ifadə edir. Lakin o unudur ki, onun kimilərin əyninə şalvar geyinib bu ölkədə yaşamaları üçün Rəsulzadə, Heydər Əliyev kimi şəxsiyyətlərin böyük əməyi var. Heç kəsə sirr deyil ki, hələ Ulu öndər Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə hörmət etdiyini, ehtiramla yanaşdığını və sadiqliyini dəfələrlə nümayiş etdirib. Ümummilli lider Türkiyəyə səfər edərkən Rəzulzadənin məzarını ziyarət edib, ona olan ehtiramını nümayiş etdirib. Bu gün də bu münasibət prezident İlham Əliyevin timsalında bir daha bəyan olunur. Prezident İlham Əliyevin dilindən desək, Rəzulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir.
Ulu Öndərin və Prezident İlham Əliyevin Rəsulzadə haqqında söylədiyi fikirlərə önəm verməyən deputat həmin müsahibə zamanı dahi şəxsiyyətə nifrət yağdırarkən kənardan dəstəkçiləri də ona qoşulub. Onlar da "Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı…; O, bizim nə qədər sərvətimizi talayıb…” kimi alçaldıcı ifadələr işlədiblər. Maraqlıdır, Naqif kimi "hüşkənə”nin (Talış sözüdür, Naqif istəsə tərcüməsini öyrənə bilər. İkram Rafiqoğlu) yanında gəzdirdiyi şəxslərin ona xoş gəlsin deyə və bir qarnı doydurmaq üçün bu ölkənin tarixini yazanlara ləkə yaxmağa cəhd etmələri anlaşılan deyil. Bu yerdə Azərbaycanın xalq şari Bəxtiyar Vahabzadənin "Utanıram” şerindən bir parçanı xatırlatmaq yerinə düşər:
...Ölüm-ucuz, həyat-baha,
İndi ölüm, yaşamaqdan min qat baha!
O da haqdır, bu da haqdır.
Mənim kimi binəvanın
Son əlacı utanmaqdır.
Yarəb, necə millətdi bu?
Başdan-başa zillətdi bu.
Öz-özünə qənimdi bu.
Hər nə isə mənimdi bu,
Əsrlik qan düşməninə
Deyə bilmir son sözünü,
Amma qırır öz-özünü,
utanıram...
Həqiqətən Naqif kimilərə baxıb utanmalıyıq. Bu ölkənin tarixinə, şəxsiyyətinə hörmət qoymayan birinin Millət vəkili olması niyə gerçək olub bilmirəm. Amma utanmalıyıq.
Yuxarıda qeyd etdiyim kimi sosial şəbəkədə ötən yazıma etirazlar olsa da Gəncədən dəstək verənlər də çox oldu. Hətta, gəncəlilər Naqif Həmzəyevin Gəncənin adından danışmaq haqqının olmadığını söyləyirlər. Redaksiyamıza daxil olan məktublarda bir çox insanlar bu şəxsin deputat adına layiq olmadığını dilə gətirməkdən çəkinmədilər. Nizaməddin adlı oxucumuz isə "beləsini cəmiyyət qınamalıdır. Vətənini sevən deputatlarımız Naqif Həmzəyevi qınaq mərkəzinə çevirməlidir. O ilk öncə öz kimliyinə aydınlıq gətirməlidir, sonra başqaları haqqında sadiqlikdən və ya xəyanətdən danışa bilər”- deyə yazır.
Digər oxucumuz Nəsimi bəy, "Mən əminəm Gəncənin mərd oqulları bu haqda dərindən düşünəcəklər” – yazır.
Daha bir oxucumuz isə dahi şair Qabilin "Səhv düşəndə yerimiz” şerindən bir bənd yazaraq redaksiyamıza ünvanlayıb. Həmin misraları olduğu kimi diqqətinizə çatdırırıq:
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Mövzuya qayıdacağıq.
İkram Rafiqoğlu
Miq.az