Mikayıl Cabbarov BDU-nu nəzarətə götürmək istəyir
Təhsil naziri bütün səylərini Abel Məhərrəmovu devirməyə yönəldib
Təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetini (BDU) nəzarətə götürmək istəyir. “Azadlıq”a daxil olan məlumata görə, təhsil naziri bütün səylərini Abel Məhərrəmovun rektor vəzifəsindən çıxarılmasına yönəldib.
Məlumat üçün deyək ki, Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra bir neçə ali təhsil ocağını nəzarətə götürə bilib. Bu sırada Iqtisad Universitetini, Slavyan Dilləri Universitetini və Pedaqoji Universiteti göstərmək olar. Iqtisad Universitetinin yeni rektoru Ədalət Muradov Iqtisadi Inkişaf Nazirliyində Mikayıl Cabbarovla işləyib. Slavyan Dilləri Universitetinin rektoru Nurlana Əliyeva və Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov da Mikayıl Cabbarova yaxın şəxsdir.
Məlumatda bildirilir ki, Abel Məhərrəmovu yerindən tərpətmək təhsil naziri üçün o qədər də asan deyil. Abel Məhərrəmov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə arxayındır. Hazırda universitet faktiki olaraq PA rəhbərinin nəzarətindədir. Deməli, Mikayıl Cabbarov istəyini reallaşdırmaq üçün Ramiz Mehdiyevlə üz-üzə gəlməli olacaq.