Səfa Mirzəyevin adı dələduzluq olayında hallandırılır

6-07-2016, 09:12   
Səfa Mirzəyevin adı dələduzluq olayında hallandırılır
Milli Məclisin aparat rəhbərinin sürücüsü vətəndaşın 67 min dollarını mənimsəyib; ölkə başçısına ilginc şikayət

«Səfa Mirzəyev sürücüsünün arxasında durduğunu və mənə «get əlindən nə gəlir elə» dedi»


“Azadlıq” qəzetinə müraciət edən Bakının Nəsimi rayonu, 28 may küçəsi, ev 56, mənzil 66-da yaşayan Elvin Babayev üzləşdiyi problemdən bəhs edib. Dövlət başçısı Ilham Əliyev, baş prokuror Zakir Qaralov və digər səlahiyyət sahiblərinə üz tutan Elvin Babayev sözlərinə görə, Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin sürücüsü Vüsal Həsənov tərəfindən aldadılıb. Şikayətçi bildirib ki, Vüsal Həsənov ondan işə düzəltmək adı ilə 67 min ABŞ dolları alaraq mənimsəyib. Elvin Babayevin baş verənləri belə nəql edir:

Paralamentin aparatında iş və tikinti layihəsi

“2011-ci ilin noyabr ayında uzun müddət mənimlə qonşuluqda yaşayan Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin sürücüsü Həsənov Vüsal Yunus oğlu məni Milli Məclisin Aparatına, Səfa Mirzəyevin vasitəsilə işə düzəltməyi təklif edib. Vüsal Həsənovla razılaşandan sonra pulun 50000 ABŞ dollarını 14 noyabr 2011-ci il tarixdə Milli Məclisin yaxınlığında, ”Şəhidlər Xiyabanı”nın girişində ona verdim. Vüsal söz verdi ki, həmin pulu Səfa Mirzəyevə çatdıracaq və mən qısa müddət ərzində Milli Məclisdə işlə təmin olunacağam. Təxminən bir aydan sonra Vüsal Həsənəv mənə bildirdi ki, Səfa Mirzəyev dövlət sifarişiylə olan təmir-tikintidən mənə tikinti işləri verdirə bilər və bunun müqabilində də ona pul vermək lazımdır. O, məni Səfa Mirzəyevin yaxın dostu Islam Şucai adlı şəxslə tanış etdi. Onlarla söhbətdə Islam mənə dedi ki, 5000 dollar müqabilində Səfa Mirzəyevin tapşırığıyla mənə dövlət sifarişilə tikinti işlərini verdirə bilər. Islam həmin pulu Səfa Mirzəyevə satdıracağını bildirdi. Mən bu barədə telefonla Vüsal Həsənovdan soruşanda o, Islamın sözlərini təsdiq etdi. O, pulun Səfa Mirzəyevə çatdırılmasında problem olmadığını dedi. 2012-ci ilin fevral ayrnda mən Islamla Səfa Mirzəyevin yaşadığı evin yaxınlığında, yəni Heydər Əliyev adına sarayın yanında görüşərək ona 5000 ABŞ dolları məbləğində pul verdim. 2012-ci ilin aprel ayında növbəti görüş zamanı Islam mənə dedi ki, Səfa Mirzəyev tikinti işləri üçün əlavə 9500 (doqquz min beş yüz) manat məbləğində pul istəyir. Mən bu barədə Vüsaldan soruşanda o, bu sözləri təsdiq etdi. Mən yenidən onlara inanıb həmin ərəfələrdə pulu Nəsimi rayonu ərazisində yerləşən “Koroğlu” parkının qarşısında görüşüb verdim.

Milli Məclisdən polisə təzyiq

Bu müddət ərzində mənim işə düzəlməyim və tikinti işim düzəlməyib. Onlardan pulumu tələb edəndə isə məni aldadaraq müxtəlif bəhanələr gətirib guya işin nəzarətdə olduğunu dedilər. Vüsal mənə veriləcək tikinti işinin həyata keçirilməsi üçün yeni bir şirkət açmağı da təklif etdi. Onun təklifiylə mən “L CONSTRUCTION LTD” MMC-ni qeydiyyatdan keçirdim. Vüsalın təklifiylə və anası Şəhla Həsənovanın razılıq ərizəsi əsasında cəmiyyətin hüquqi ünvanını onların yaşadığı mənzildə qeydiyyata aldırdım. Mən onlara 2012-ci ilin sentyabr ayına kimi inandım. Lakin həmin ərəfədə anladım ki, bu adamlar etibarımdan istifadə edərək pullarımı mənimsəyiblər. Buna görə də 2012-ci ilin sentyabr-oktyabr aylarında onlardan pullarımı istədim. Səfa Mirzəyevin mobil telefonuna zəng edib baş verənləri ona izah etdim. Lakin Səfa Mirzəyev sürücüsü Vüsal Həsənovun arxasında durduğunu deyərək mənə “get əlindən nə gəlir elə” dedi. Aldandığımdan əmin olaraq bu barədə oktyabr ayında rəsmi qaydada Nəsimi rayon Polis Idarəsinə müraciət etdim. Müraciətim əsasında 20-ci bölmədə təhqiqatçı Cavid Isgəndərzadə ilkin araşdırma aparıb istintaqı aidiyyatı üzrə Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsinə verdi. Lakin orada əlavə araşdırma aparan müstəntiq Yanar Əliyev araşdırmanı qeyri-obyektiv aparıb toplanan materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edib. O mənə dedi ki, ona bu qərarın qəbul edilməsi üçün Milli Məclisdən tapşırıq verilib.

Prokurorluq da məsələni araşdırmaq istəmir

Həmin qərarla razılaşmadığım üçün Nəsimi rayon Prokurorluğuna şikayət edərək qərarın Cinayət Prosessual Məcəlləsinin 212-ci maddəsinə zidd olaraq qəbul edilməsi, üş üzrə qeyd olunan xüsusatlara düzgün hüquqi qiymət verilmədiyi, əlavə istintaq aparılması barədə vəsatət qaldırdım. Işə baxılmadığı üçün Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğuna müraciət etdim. Ərizəmin hazırda Bakı Şəhər Prokurorluğunda olmasına baxmayaraq yenə də bu işə çox səthi və qeyri-obyektiv baxılır. 29.01.2015-ci il tarixdə şikayət ərizəsiylə Baş Prokurorluğa müraciət etmişəm. Bakı şəhər Prokurorluğunun əməkdaşı Pərviz Səlimzadə 2012-ci ildə Nəsimi Rayon Polis Idarəsində toplanan materialların Daxili Işlər Nazirliyinin Baş Istintaq və Təhqiqat Idarəsinin arxivində saxlanılmasını və onun bugünədək gətirilməsinin mümkünsüz olduğunu deyir.

Xahiş edirəm, işin obyektiv aparılması və 67000 (altmış yeddi min) ABŞ dolları miqdarındakı pulumun qaytarılmasına, məni aldadanların cinayət məsuliyyətinə cəlb edilməsinə kömək edin”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.