Aslan Ismayılov adıçəkilən tibb ocağındakı korrupsiya hallarının araşdırılmasını xahiş edir
Tanınmış vəkil Aslan Ismayılov Milli Onkologiya Mərkəzində baş verənlər barədə baş prokuror Zakir Qaralova müraciət edib. Vəkil müraciətini “Facebook” səhifəsində də yayıb. Qeyd edək ki, bundan əvvəl Aslan Ismayılov Milli Onkologiya Mərkəzi ilə bağlı “Milli Onkologiya Mərkəzində millətin faciəsi” adlı məqalə ilə çıxış etmişdi.
Respublikanın baş onkoloqu Azad Kərimli isə vəkilin iddialarını cəfəngiyyat adlandırmışdı. Lakin sosial şəbəkə istifadəçiləri Aslan Ismayılova dəstək gəlmişdi. Həmçinin bir çox vətəndaş Milli Onkologiya Mərkəzində baş verənlər bağlı yeni faktlar açıqlamışdı.
Aslan Ismayılov Zakir Qaralova müraciətinə məqaləsini, Azad Kərimli ona cavabını da əlavə edib. Vəkil müraciətində yazıb: “Baş onkoloqun bu cavabını mənim məqaləmə yazılmış çoxsaylı şərhlərlə müqayisə etdikdə, ”Xalqın gözü tərəzidir!” ifadəsinə uyğun şəkildə kimin haqlı və haqsız olduğunu anlamaq çətin deyil. Sadəcə, söhbət insan həyatına və sağlamlığına olan təhlükələrdən, eləcə də iri miqyaslı korrupsiya cinayətlərindən gedirsə, bu sahədə baş verən qanunsuzluqlar təkcə ictimai müzakirələrin mövzusu deyil, hüquq-mühafizə orqanlarının ciddi araşdırmalarının mövzusu olmalıdır. Baş onkoloqun mənim barəmdə söylədiyi “əlində tutarlı fakt olmadan danışır”, “sübutsuz danışdıqları cəfəngiyyatdan başqa bir şey deyil”, “əlində rüşvətlə bağlı fakt varsa” və digər ifadələrinə cavab olaraq bildirmək istərdim ki, mənim sübutum – Milli Onkologiya Mərkəzində vaxtılə müalicə almış (hal-hazırda isə dünyasını dəyişmiş) şəxslərin yaxın qohumları, eləcə də hal-hazırda müalicə alan və əsassız pul yığımlarından cana gəlmiş onkoloci xəstələrin özləridir. Bu şəxsləri şahid qismində dindirməklə, ifadələrindəki xüsusatları istintaq çərçivəsində dəqiqləşdirməklə, sair zəruri istintaq-əməliyyat tədbirlərini həyata keçirməklə Baş onkoloqun həvəslə gözlədiyi sübutları toplayaraq cinayət işinin materiallarına əlavə etmək və daha sonra vəzifəli şəxslərə qarşı irəli sürüləcək ittihamı asanlıqla sübut etmək olar.
Prokurorluq orqanı “Facebook” şəbəkəsi vasitəsilə yerləşdirdiyim “Milli Onkologiya Mərkəzindəki millətin faciəsi” adlı məqaləyə yazılmış şərhlərə xüsusi diqqət yetirməli, çünki bu şərhlər anonim deyil, şəxsi səhifələrdən yazılmış çoxsaylı şəxslərin Milli Onkologiya Mərkəzinin gündəlik iş fəaliyyəti haqqında bildikləri və obyektiv məlumatlarıdır. Həmin şərhlərdə əsasən qanunsuzluqlar bu şəkildə təsvir olunur:
– xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir;
– bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir;
– zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir;
– zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur;
– kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır;
– pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır;
– və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar.
Ümumbəşəri sosial dəyərlər sırasında insanın həyatı və sağlamlığı ən ali dəyərlər hesab edilir. Bu dəyərlərin qorunub saxlanılması üçün dövlətin vəzifələri ilə yanaşı, hər bir şəxsin tibbi yardım almaq kimi konstitusion hüququ nəzərdə tutulmuş, bunun üçün də dövlət tərəfindən ixtisaslaşdırılmış müalicə müəssisələri təsis edilmişdir. Lakin, bu müalicə müəssisələrinin normal fəaliyyətini təmin etmək, eləcə də xəstələrin hüquqlarını bərpa etmək üçün, hesab edirəm ki, ilk növbədə korrupsiya halları və sair qanunsuzluqlar aradan qaldırılmalı, təqsirkar şəxslər isə məsuliyyətə cəlb edilməlidir.
AR Cinayət-Prosessual Məcəlləsinin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.
Həmin Məcəllənin 207.1-ci maddəsində qeyd olunduğu kimi,
Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq;
207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;
207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.
Maddənin tələbindən də göründüyü kimi, hazırki ərizəm prosessual hüquq normalarına uyğun şəkildə qeydə alınaraq, hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmalı və ictimai rezonans doğuran hazırki məsələ, cinayətkarların məsuliyyətə cəlb edilməsi və Milli Onkologiya Mərkəzinin qanunauyğun fəaliyyətinin təmin edilməsi yolu ilə öz həllini tapmalıdır. Odur ki, göstərilənlərə və hazırki ərizəmə əlavə etdiyim sənədlərə əsasən xahiş edirəm ki, “Milli Onkologiya Mərkəzi?ndə baş verən korrupsiya hallarının və sair qanunsuzluqlarının araşdırılması, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və vəzifəli şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilmiş pul vəsaitlərinin onkoloji xəstələrin özlərinə (və ya vəfat etmiş xəstələrin hüquqi varislərinə) qaytarılması üçün müvafiq tədbirlərin görülməsinə dair göstəriş verəsiniz”.