Eyni zəncirdə birləşən yanğın halqaları-Binəqədidəki yanğından əvvəl, Qaraçuxurda, Nərimanovda, sonra isə Gəncədə, Sumqayıtda və yenə də Qaraçuxurda odlu təxribatlar olub; “poliuretan”ı qurban verməkdə məqsəd nədir?
Ötən il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğının qəsdən törədilməsini söyləməyə əsas verən çox ciddi iddialar, faktlar ortalıqdadır.
Məlum olur ki, məşum olaydan əvvəl və sonra Azərbaycanda qəsdən yanğınlar törədilib və yanğın törədilməsi üçün çox ciddi cəhdlər olub. Azərbaycanı matəmə qərq edən yanğından 7 ay əvvəl - noyabrın 26-da gecəyarısı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, əsasən sələfilərin toplaşdığı məscidə içi yandırıcı maddə ilə dolu 5-6 yarımlitrlik butulka atılıb.
Yanğın məscid nəzarətçisinin alov dillərini vaxtında görərək yanğınsöndürənlərə məlumat verdiyinə görə geniş miqyas almamış söndürülüb. Məşum yanğından 3 gün əvvəl - 2015-ci il mayın 16-da isə Bakının Nərimanov rayonu, Koveroçkin küçəsində, Hərbi Prokurorluğun binası ilə üz-üzə olan hündürmərtəbəli binanın damına çıxan naməlum şəxslər kəndirləri neftə batıraraq yandırıblar və binanın damından üzü aşağı buraxıblar. Gecəyarısı binanın damına doğru alov dillərinin qalxması yaxınlıqdakı taksi sürücülərinin diqqətini cəlb edib.
FHN-ə vaxtında məlumat verilməsi səbəbindən bu xain cəhd də baş tutmayıb. Məscidin, yaşayış binasının qəsdən yandırılmasına cəhdlərindən 3 gün sonra - 2015-ci il mayın 19-da Binəqədidəki binada yanğın gecə yarısı deyil, günortaya yaxın baş verib. Alov axşam, hava qaralandan sonra daha çox görünür.
Günorta isə diqqəti daha az çəkir. Bu səbəbdən də Binəqədidəki binada Qaraçuxurdakı məsciddə, Koveroçkin küçəsindəki binada olduğu kimi yanğını vaxtında görüb qarşısını ala bilməyiblər. Dəhşətli yanğından sonra Gəncədə gecəyarısı hündürmərtəbəli binalardan birinin damında əllərində dizel yanacağı ilə dolu iki şəxs saxlanılıb. Həmin şəxsləri binaların sakinləri tutaraq polisə təhvil versələr də, sonradan MTN həmin şəxsləri polisdən alıb.
Həmin şəxslərin üzərində məhkəmə qurulmayıb, onların barəsində MTN ləğv edilənədək rəsmi məlumat yayılmayıb. Bilinən odur ki, bu şəxslərdən biri Dağıstan vətəndaşı, digəri isə Samuxdan olub. 2015-ci il iyunun 5-də Sumqayıtda üzərində mərhum prezidentin sözləri yazılmış, poliuretandan olan lövhə qəsdən yandırılıb. 1 gün sonra isə Qaraçuxurda binaların önündə park olunmuş, vətəndaşlara məxsus 30-a yaxın lüks avtomobilə od vurulub. Bu bizə məlum olan qəsdən törədilən, təxribat olmasını söyləməyə əsas verən yanğın faktlarıdır.
Bu yanğınlarla Binəqədidəki yanğının eyni zəncirin halqaları olmasını söyləməyə əsas verən çox ciddi faktlar ortadadır.
Bu günə qədər məscidin və maşınların yandırılmasına cəhd faktları istisna olmaqla, digər faktlar üzrə aparılan araşdırmaların nəticələri bəlli deyil. Elə Binəqədidəki məşum yanğınla bağlı da istintaqın obyektivliyinə şübhələr var. İttiham yanğının poliuretan adlı tikinti materialın tezalışan olması üzündən baş verməsi üzərində qurulub. Yetər ki, internet üzərindən poliuretanının hazırlanma texnologiyası və istehsalçısı haqda məlumatlarla tanış olasan.
Məşum yanğının dilimizə gətirdiyi poliuretan materialı Avropada ötən əsrin 30-cu illərindən sonra tətbiq edilməyə başlayıb. Məşhur alman kimyaçısı Otto Bayerin 1930-cu ildə kəşf etdiyi bu material qısa bir zamanda Almaniyanın sərhədlərini aşıb və Avropadan ən yaxşı göstəricləri olan tikinti materialı kimi keçmiş sovetlər birliyinə də “ayaq” açıb. “Poliuretan” bu gün dünyanın əksər ölkələrində hündürmərtəbəli binaların üzlənməsi üçün geniş tətbiq olunsa da, həddən ziyadə çətin alınma texnologiyası var. Bu çətinliyə görə poliuretan istehsal edən kimya laboratoriyaları ilə zəngin fabriklər dünyanın 3-4 ölkəsindən kənara çıxa bilmir. İstehsal zamanı poliuretan maye halında olur və istənilən formalı qəliblərə tökməzdən əvvəl xüsusi qatqılar vurulur. Həmin qatqıların tərkibində materialın odadavamlılığını təmin edən maddələr var. Qatqılar vurulandan sonra maye şəklində olan poliuretan tələb olunan qəlibə tökülür. 15 dəqiqə sonra bərkiyərək hazır tikinti materialına çevrilir.
Bu gün poliuretandan tikinti ilə yanaşı səhiyyədə, avtomobil, ayaqqabı istehsalında və digər sahələrdə geniş istifadə olunur. Möhkəm, su, səs keçirməyən, istənilən formaya salına bilən, odadavamlı olan bu material hətta dünyanın ən isti şəhərlərində geniş tətbiq olunur. Yayda temperaturun müsbət 50 dərəcəyə qədər yüksəldiyi, yanğın təhlükəsizliyinə xüsusi önəm verilən Dubayda bir çox dünyaca məşhur şirkətlərin otel komplekslərinin, məscidlərin, hündürmərtəbəli binaların üzlənməsində məhz poliuretandan istifadə olunur. Belə bir halda Azərbaycanda bu materialın yanmaya meylli olması səbəbindən çıxdaş edilməsi poliuretanın da Binəqədidəki təxribat “qurbanı”na çevrildiyini söyləmək olar. Azərbaycanda poliuretan istehsal edən müəssisə yoxdur. Qonşu Türkiyədə də belə bir müəssisənin yaxın illərdə olacağı gözlənilmir. İnternetdəki mənbələrdə bunun səbəbi onunla izah edilir ki, belə bir fabrikin qurulması üçün bir neçə milyardlıq sərmayə, ən önəmlisi isə xüsusi bilikli mütəxəssislər tələb olunur. Dünyanın bir çox ölkələrində olduğu kimi Türkiyədə də, Azərbaycanda da bu materialı Almaniyadan alıb sadəcə qəliblərə tökürlər. Əgər bu material keyfiyyətsiz, iddia edildiyi kimi tez alışan olubsa, yanan bina ilə bağlı istintaqa ilk cəlb edilən Almaniyadakı poliuretan fabrikasının rəsmiləri olmalı idilər. Belə bir şəraitdə 15 nəfərin ölümü, 56 nəfərin xəsarət alması ilə nəticələnən yanğının qəsdən törədilməsinə dəlalət edən faktlara adekvat qiymət verilməməsinin səbəbi qaranlıqdır.
Araşdırmalarımız davam edir.
E.MƏMMƏDƏLİYEV