Yanan binanın sakinləri üzlük çəkiləndə FHN-ə şikayət edibmiş…

13-07-2016, 09:20   

«Əgər yanan material idisə, 141 binaya niyə vurulmuşdu, yox, yanmayan material idisə, o binalardan niyə sökdülər?»

Binəqədidə ötən il mayın 19-da yanan 16 mərtəbəli binanın sakinləri hələ binaya üzlük vurulan zaman bu işin dayandırılması üçün müvafiq orqanlara şikayət ediblər. Bununla əlaqədar binanın üzlənməsi prosesi bir müddət dayandırılsa da, sonradan yenidən davam etdirilib. Sözügedən yanğından ziyan çəkmiş sakinlər dünən məhkəmədə bu barədə ifadə veriblər.

Çoxsaylı insan ölümü ilə nəticələnmiş bu yanğınla əlaqədar araşdırmalar Bakı Ağır Cinayətlər Məhkəməsində aparılır. Bu məhkəmə prosesində dünən zərərçəkmişlərin dindirilməsi mərhələsi başlayıb. Ifadə verən zərərçəkmişlər təqsirləndirilən 8 nəfərdən yalnız birini – binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal Istismar Sahəsinin rəisi olmuş Nizami Orucovu tanıdıqlarını bildiriblər. O da məlum olub ki, zərərçəkmişlərə mənəvi ziyana görə 20 min kompensasiya ödənilib. Istintaq zamanı hesablanmış maddi ziyan isə verilməyib.


“Itirdiyim bacı-qardaşımın hər birinə görə 100 min tələb edirəm”

Dindirilən zərərçəkmişlərdən bir neçəsi, o cümlədən Idris Xəlilov yanğınsöndürənlərin hadisə yerinə gec gəlməsindən narazılıq edib. O, binaya üzlük vurularkən edilən şikayətlərdən də danışıb: “Binanın üzlənməsi üçün dəmirlər qurulmuşdu, materialları gətirib tökmüşdülər. Həmin vaxt yerdə olan poliuretan materiallar yanmışdı. Biz şikayət elədik ki, bu materialla üzləməsinlər. 2-3 ay dayandırdılar, sonra yenə davam elədilər”.

Özü qonşu binanın sakini olan, yanan binadakı mənzildə yaşayan bacısını və qardaşını itirmiş Feyzulla Bağırov itirdiyi əzizlərinin hər birinə görə 100 min manat təzminat istəyib: “Mən burada oturan adamların nə dərəcədə təqsirli olub-olmadığını bilmirəm. Gərək məhkəmə prosesində onların təqsirli olub-olmadığını bilim ki, sonra onlara qarşı iddia məsələsini də müəyyənləşdirim. Amma bu hadisəyə görə təqsirkar kimdirsə, o şəxslərə qarşı iddiam var. Ölən bacı-qardaşımın hər birinə görə 100 min manat tələb edirəm. Həm də nəzərə alınsan ki, bizə dəymiş maddi ziyan inflyasiyadan əvvəl hesablanıb, xahiş edirəm, inflyasiya nəzərə alınaraq yenidən hesablansın”.

Zərərçəkmiş Xanım Məmmədəliyeva da bina üzlənərkən sakinlərin müvafiq orqanlara şikayət məktubu göndərdiyini bildirib: “Bizdən əvvəl Sumqayıtda, ardınca da Xətaidə o üzlüklərdən bina yananda artıq fikirləşirdik ki, bizim bina da yanacaq. Üzlənəndən sonra bina kənardan yaxşı görünürdü, amma içəridən kobud iş görmüşdülər, elə bil türmədə idik. Pəncərələrimizin qarşısı bağlanmışdı. Bizim binada 3-4 ayla lift işləmirdi”.

Binadakı naməlum oğlan…

Vəkillər bu zərərçəkmişə binadakı 25A saylı mənzildən yanğın zamanı özünü atmış naməlum şəxs barədə soruşublar. Xanım Məmmədəliyeva bildirib ki, həmin oğlanı hadisədən əvvəl təxminən dörd ay olardı görürdü: “Deyirdi ki, həmin mənzildə qohumu kirayə qalır, onun yanına gəlib-gedir”.

Başqa bir zərərçəkmiş Mələk Hüseynova deyir ki, hadisə günü səhər saatlarında evdə naqil yanığına bənzər iy hiss edib, pəncərəni açıb və bu zaman aşağıda qeyri-yaşayış obyektinin damında ayrı-ayrılıqda üç yerdə alov başladığını görüb. Bu zərərçəkmiş də yanğınsöndürənlərin hadisə yerinə gec gəldiyini bildirib.

“Gördüm ki, pulum, qızıllarım, telefonum cibimdə yoxdu…”

Zərərçəkmiş Heyvagül Əfəndiyeva isə ifadəsində göstərib ki, yanğın başladığını görəndə evdəki pul, qızıl-zinət əşyaları və telefonunu götürüb aşağı düşüb: “Qapını açanda bloku tüstü bürümüşdü. Bir az düşdüm, tüstüdən boğulurdum, pilləkənlərdə oturdum. Sonra lift açılıb düşmüşəm. Aşağıda qarışıqlıqda birdən cibimə əl atdım ki, oğluma zəng eləyib, gördüm ki, nə pul var, nə qızıllar, nə də telefon. Bilmədim pilləkənlərdə düşüb, liftdə düşüb, ya götürüblər”.

Heyvagül Əfəndiyevanın sözlərinə görə, bina üzlənərkən qonşular Fövqəladə Hallar Nazirliyinə şikayət etmişdilər: “Üzlənmə başlayanda eşitmişdik ki, tez alışan materialdı. Qaynaq zamanı həmin materialın üstünə od düşmüşdü, alışmışdı. Bundan sonra qonşular Fövqəladə Hallara yazmışdılar. Bir müddət dayandı, sonra yenə davam elədi. Icazəsiz daşı-daş üstə qoymaq olmur, deməli, icazə verildi ki, davam etdirildi. Hacıbala müəllim bizimlə görüşdə dedi ki, Bakıda bu materialla üzlənmiş 141 bina var və hamısı söküldü. Əgər yanmayan material idisə, niyə söküldü? Yox, yanan material idisə, niyə üzləyirdilər?”

Məhkəmə prosesi sabah digər zərərçəkmişlərin ifadələrilə davam edəcək.

Xatırladaq ki, bu iş üzrə məhkəmə qarşısına “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi rayon Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.