Eldar Mahmudov şeyxə də “haqq qoymaq” istəyib

15-07-2016, 08:22   


Sabiq MTN şefi Elşən Mustafaoğlunun ətrafında hiyləgər oyun qurub; əsas hədəf isə Allahşükür Paşazadə olub; “Bibiheybət” məscidində nəzir pulları ilə bağlı da “araşdırma” aparılıb
Ləğv olunmuş Milli Təhülkəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən 2014-cü ilin dekabrında dövlətə xəyanətdə ittiham edilərək həbs olunan ilahiyyatçı Elşən Mustafaoğlu məhkəməsində olduqca ilginc açıqlama verib. Deyib ki, onu həbs edəndən sonra 2 gün zülm verməklə milli qəhrəman Rövşən Əkbərov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin əleyhinə ifadə verməsini tələb ediblər.

E.Mustafaoğluna elan edilmiş ittihamda onun İranın xeyrinə casusluq etdiyi yer alır. İlahiyyatçı ittihamı qəbul etmir, saxta, hər cümləsinin yalan olduğunu bildirir. Məsələnin maraqlı tərəfi odur ki, E.Mustafaoğlu həbsindən 1 ay əvvəl - 2014-cü il noyabrın 23-24-də şeyxin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində rəsmi səfərdə olub.

Qonşu ölkənin tanınmış din alimlərindən olan Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin dəvəti ilə gerçəkləşən səfərdən məqsəd İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak etmək olub. Səfərdə Şeyxülislam Allahşükür Paşazadə, QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ-nin Elmi-Dini Şurasının sədri, Akademik Vasim Məmmədəliyev, QMİ-nin Nəşriyyat şöbəsinin müdir müavini, video-elektron bölməsinin rəhbəri Elşən Mustafayev, QMİ-nin Fətva şöbəsinin əməkdaşı Mircəfər Əyyubov, QMİ sədrinin səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli və QMİ-nin əməkdaşı Həmid Bağırov müşayiət ediblər. Nümayəndə heyətinin tərkibindən məhz E.Mustafaoğlunun seçilməsi təsadüfi olmayıb.



E.Mustafaoğlu məhkəməsində açıqlayıb ki, həbsindən əvvəl dostlarından biri SEPAH rəsmisinin onunla görüşmək istədiyini deyib. O isə bu haqda MTN-ə məlumat verib. Bundan sonra ona qarşı ciddi təzyiqlər başlayıb. Ehtimal olunur ki, E.Mustafaoğlunun bu cür davranışı MTN-in sabiq rəhbərliyinin cızdığı planı pozub. Ola bilər ki, SEPAH rəsmisinin onunla görüşmək istəməsi məsələsi MTN tərəfindən quraşdırılmış iş olub. Yəni bu qara planı cızmaqla, öz agentlərindən birini SEPAH rəsmisi qiyafəsinə salaraq, E.Mustafaoğlu ilə görüşdürmək istəyən Eldar Mahmudov QMİ-yə qarşı kompromat toplamaq istəyib. Lakin E.Mustafaoğlu sayıq davranaraq, önləyici addım kimi, dərhal MTN-ə məlumat verib. Bundan qeyzlənən E.Mahmudov isə onu digər iddia ilə tutub.



Digər bir maraqlı məqam isə E.Mustafaoğlunun həbsi və qonşu dövlətin xeyrinə casusluqda ittiham olunması iki dövlət arasında münasibətlərdə istiləşmə müşahidə olunan dövrə təsadüf edib. E.Mustafaoğlunun həbsinin bu məqamla əlaqəli olacağı ehtimalları var. Mahmudovun dəstəsi onu qonşu dövlətin casusu kimi həbs etməklə münasibətlərin yaxşılaşmasının qarşısının alınmasına xidmət edə bilərdi. Bundan başqa, “mahmudovçu”lar E.Mustafaoğlunu həbs etməklə özlərinin şəxsi maraqlarından çıxış etmələri də istisna deyil. İddia olunur ki, E.Mustafaoğlunu həbs etməklə şeyxi də digər imkanlı vəzifə daşıyıcıları kimi aylıq xərac ödəməyə məcbur etmək istəyiblər. Hətta belə məlumatlar da var ki, Elşən Mustafaoğlunun həbsi ərəfəsində “Bibiheybət” məscidində nə qədər nəzir pulu yığıldığının müəyyən olunması üçün Eldar Mahmudov məscidə MTN-dən nümayəndə göndərib. Sonradan bu prosesin şeyxin xərac ödəməsinə yol açıb-açmaması haqda dəqiq bilgilər yoxdur.



Sabiq MTN zabiti Sülhəddin Əkbər bu ehtimalların mümkünlüyünü istisna etmir. Deyir ki, Eldar Mahmudovun rəhbərlik etdiyi qurum təmsilçiləri o qədər qanunsuzluqla ediblər ki, hər gün bir yenisi üzə çıxır: “Fəaliyyətlərinə diqqət etsəniz görərsiz ki, çoxlu sayda belə qanunsuzluqlar olub. Əslində cinayət tərkibli qanunsuzluqlara yol veriblər. Bu baxımdan ölkə ictimaiyyəti, Azərbaycan siyasi hakimiyyəti də bu məsələyə ciddi diqqət ayırmalıdır. Hər hansı bir şəxsi xarici xüsusi xidmət orqanı ilə əlaqədə suçlamaq üçün əldə çox ciddi, inkar edilməz dəlil-sübutlar olmalı, ortaya qoyulmalıdır. Casusluq ən çətin sübut olunan cinayətlərdən biridir və Eldar Mahmudovun dövründə baş verən qanunsuzluqları nəzərə alanda bu məsələ çox ciddi şübhələr yaradır. Azərbaycanın məhkəmə sistemi bu işə baxarkən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini nəzərə almalıdır”.

S.Əkbər deyir ki, Elşən Mustafaoğlu ilə tanışlığı olub və MTN-in ona təzyiqləri haqda əvvəldən məlumatlı olub: “İllər öncə Elşən Mustafaoğlu mənə müraciət edərək ona MTN tərəfindən təzyiqlər olunduğunu bildirmişdi, məsləhət istəmişdi”.



S.Əkbər deyir ki, E.Mustafaoğluna təzyiqlər həmin dövrdə MTN-lə əməkdaşlığa cəlb edilməsi prosesinin tərkib hissəsi olub. Sabiq MTN zabiti belə bir şəkildə əməkdaşlığa cəlbetmənin yolverilməz, biabırçı olduğunu da diqqətə çatdırdı: “İnsanları zorla, şantaj etməklə MTN-lə əməkdaşlığa cəlb etmək nə qədər effektsiz olduğu ortadadır. Deməli şəxsi lazimi səviyyədə öyrənməyiblər. Öyrənmədikləri halda ona təklif ediblər. Əslində isə əməkdaşlığa cəlbetmə ciddi və ağır bir prosesdir. Şəxs hərtərəfli öyrənildikdən, operativ rəhbərliklə razılaşdırıldıqdan sonra əgər şərtlər uyğundursa, şəxsi əməkdaşlığa cəlb etmək təşəbbüsü göstərilməlidir. Yəni təklifə qədər bütün məsələlər aydınlaşdırılmalıdır - əməkdaşlığa cəlb ediləcək şəxs təklifi qəbul etmirsə, deməli burada qeyri-peşəkarlıq var. Və ya əməkdaşlığa hazırlıq işi başa çatdırılmayıb. Ola bilər ki, bütün bu işlər görülsün, amma şəxs əməkdaşlıqdan imtina etsin. Bu həmin şəxsi, Azərbaycan vətəndaşını incitmək MTN üçün yolverilməz bir haldır”.

S.Əkbər Qafqaz Müsəlmanları İdarəsinin öz əməkdaşları E.Mustafaoğlunun müdafiəsinə yönəlik addımlarının ortada olmamasını MTN-nin işinə qarışmaq istəyinin yoxluğu ilə izah edir: “Sovet dövründə də bütün dini idarələr xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq şəraitində işləyirdilər. Hər hansı bir şəxs xarici xüsusi xidmət orqanı ilə əməkdaşlıqda ittiham ediləndə təbii ki, digərləri də bu həssas məsələdən kənar durmağa çalışırlar. MTN-lə problem yaşamaq istəmirlər. Çünki bu halda öz fəaliyyətləri MTN-nin diqqət mərkəzinə gəlir, daha yaxından izlənməyə yol açır. Belə idarələrin faəliyyətində çoxlu pozuntular olur. Ona görə də çalışırlar ki, hüquq mühafizə orqanları ilə problem yaşamasınlar”.



Qeyd edək ki, Elşən Mustafa oğlu Mustafayev (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub. 1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.

1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib. 10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində “fəlsəfə tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

E.HÜSEYNOV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.